Müharibə bir addımlıqda: Tramp hər an “atəş” deyə bilər

26-06-2019, 17:27   


Müharibə bir addımlıqda: Tramp hər an “atəş” deyə bilər

İrana qarşı mümkün hərbi əməliyyatlara münasibət ABŞ hakimiyyətində fikir ayrılığı yaradıb.

Bu ziddiyyət özünü iyunun 21-də İranın hərbi obyektlərlərinə zərbə endirmək qərarının təxirə salınmasında göstərmişdi. Həmin gün ABŞ-ın uçan pilotsuz aparatının vurulmasına cavab olaraq, prezident Tramp İranın bir sıra hərbi obyektlərini məhv etmək qərarına gəlsə də, sonradan “Atəş!” əmrini verməkdən imtina etdi. Əvəzində Ağ Ev ABŞ-a qarşı daha sərt sanksiyaların tətbiqini qərara aldı.

Ancaq Vaşinqtondan gələn son açıqlamalar İranla bağlı fikir ayrılığının daha çox Tramp administrasiyası ilə Konqres arasında yaşandığını göstərir. ABŞ prezidenti Donald Tramp konqresin razılığı olmadan da İrana hücuma keçməyin mümkün olduğunu düşünür. Bu məsələ ilə bağlı qanunvericilər arasında da fikir ayrılığı yaşanır. Prezident Tramp “The Hill” qəzetinə verdiyi müsahibəsində İrana zərbə endirmək üçün konqresin razılığına ehtiyacı olmadığını, ancaq yenə də qanunvericilərlə razılıq şəraitində fəaliyyət göstərməyə üstünlük verdiyini deyib. Onun sözlərinə görə, “orada ağıllı adamlar var, onlardan çox şey öyrənmək olar”.

Konqresmenlər bu məsələ ilə bağlı fərqli mövqe sərgiləyir. Məsələn, Respublikaçılar Partiyasından senator Cim İnhouf bəyanatında qeyd edib ki, Tramp lazım bildiyi kimi hərəkət edə bilər, çünki İran Amerikaya nifrət edən terrorçular yığınıdır. ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi isə fərqli fikirdədir. O, İrana qarşı hərbi əməliyyatların başladılması üçün Konqresin icazəsinin mütləq olduğunu hesab edir.

Demokratlar Partiyasından iki senator -Tim Keyn və Tom Udal hərbi büdcəyə düzəliş edilməsini təklif edib. Düzəliş Konqresin icazəsi olmadan Pentaqona ayrılan vəsaitin İrana hücum etmək üçün istifadəsinin qarşısını almaq üçün nəzərdə tutulub. Trampın İrana raket zərbəsi endirilməsini əmrini verib ardınca qərarını dəyişməsi Konqresdə müzakirələrə səbəb olub. Konqresdə bildiriblər ki, prezident qərarı barədə qanunvericilərə məlumat verməli olsa da, bunu etməyib. Lakin ABŞ prezidentinin İran rəsmilərinə sanksiya tətbiq etməsi iki ölkə arasındakı qarşıdurmanı hərbi müstəviyə getdikcə yaxınlaşdırır. Çünki sanksiyalara məruz qalan birinci şəxs İranın ali lideri Ayətullah Əli Xamneyidir. Ağ Evdə jurnalistlərlə söhbət zamanı Tramp bildirib ki, sanksiyalar Ayətullah Xamneyini maliyyə resurslarına çıxışlardan məhrum edəcək. Üstəlik o qeyd edib ki, İranın düşmən rəftarının məsuliyyətini Ayətullah Xamneyi daşıyır.

ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, dini lider Əli Xamneyi və ona yaxın şəxslər İran xalqını çox ağır duruma salmaq hesabına özlərini zənginləşdiriblər: “İranın dini lideri və onu başçılıq etdiyi qurum (beyt) geniş repressiya və korrupsiya şəbəkəsi üzərində oturaraq özlərini zənginləşdiriblər. Bu isə İran millətini azadlıqdan və onu layiq olduğu inkişaf fürsətlərindən məhrum edib. Prezident Trampın bugünkü qərarı İran liderini geniş maliyyə mənbələrindən məhrum edəcək, onun terrora rəvac verməsinin və İran millətinə qarşı represiyasının qarşısını alacaq. Amerikanın Maliyyə maziri Steven Mnuçin yeni sanksiyaların İranın milyardlarla dollar civarında aktivlərini donduracağını bəyan edib. Mnuçin həmçinin İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifə qarşı da cari həftədə sanksiyaların qəbul ediləcəyini bildirib. Maliyyə Nazirinin açıqlamasında qeyd edilir ki, yeni sanksiyalara “Sepah” terror təşkilatının 8 komandanı da tuş gəlib.

Onların sırasında “Sepah”ın Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur, Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri, Hava-Kosmik Qüvvələrin komandanı Əmir Əli Hacızadə də var. Mnuçinin sözlərinə görə, ölkəsi yeni sanksiyalarla bağlı heç bir müttəfiqi ilə məsləhətləşmələr aparmayıb və bu sanksiyalar paketi PUA-nın vurulmasından öncə, İranın digər təxribatçı hücumlarına görə hazırlanıb. Amerika Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk isə konkret şərtlə çıxış edib. “İran artıq iki seçim qarşısındadır. O, ya danışıqlar masasının arxasına qayıtmalı, ya da iqtisadiyyatının çökməsinin şahidi olmalıdır”-deyə, Huk bəyan edib. Lakin rəsmi Tehranın sanksiyalarla bağlı cavabı İranın yaxın zamanda sanksiyalar qarşısında danışıqlara getmək niyyətində olmadığını deməyə əsas verir.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi “Tvitter” səhifəsində yazdığı statusda Amerikanın İranın dini liderinə və digər rəsmi şəxslərinə sanksiya qoymasına reaksiya verib. Musəvi bildirib ki, Vaşinqtonun İran rəhbərliyinə qarşı sanksiya tətbiq etməsi iki ölkə arasında olan mövcud diplomatik yolların bağlanmasına gətirib çıxaracaq: “İran rəhbərliyinə, eləcə də ölkəmizin xarici işlər nazirinə nəticəsiz sanksiya tətbiq olunması, Amerikanın ümidsiz və çarəsiz höküuməti ilə diplomatik yolların həmişəlik bağlanması deməkdir. Tramp hökuməti dünyada sülh və təhlükəsizliyin qorunması üçün nəzərdə tutulan oturuşmuş bütün beynəlxalq mexanizmləri məhv etməklə məşğuldur” - deyə, İranın Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib

Abbas Musəvinin açıqlaması İranın ABŞ-la danışıqlara getmək niyyətində olmadığından xəbər verir. Çünki Ayətullah Xamneyinin sanksiyalar qarşısında geri çəkilərək ABŞ-la danışıqlara getməsi İran cəmiyyətində rejimin nüfuzunun çökməsinə səbəb ola bilər. Bu səbəbdən, Tehran rejimi ABŞ qarşısında əyilmədiyini nümayiş etdirmək üçün ilk növbədə daxili ictimai rəyə hesablanmış sərt kursa üstünlük verəcək.

Diplomatik vasitələrin tükənməsi İrana qarşı hərbi əməliyyatlar planını yenidən gündəmə gətirə bilər. Söhbət birbaşa hərbi müdaxilənin mümkünlüyündən getməsə də, Pentaqon İranın Hörmüz boğazında və Oman körfəzindəki hərbi gəmilərinə, eləcə də ABŞ-ın bölgədəki silahlı qüvvələri üçün təhlükə törədən radiolakasiya sistemlərinə və “Sepah”ın Suriyadakı hərbi mövqelərinə aviazərbələr endirə bilər. Donald Trampın sözləri “B planı”nın artıq prezidentin masası üzərində olduğunu və Konqreslə razılaşdırılmadan hər an hücum əmri verə biləcəyini istisna etmir. Qanunverici orqandan gələn bəyanatlar İran məsələsinə dair fikir ayrılığının prezidentlə daha çox Nümayəndələr Palatasında səs çoxluğuna malik demokratlar arasında müşahidə edildiyini göstərir. Konqresin aşağı palatasındakı üstünlük demokratlara müxtəlif məsələlərdə Prezident Trampa təzyiq göstərmək imkanı yaradır. İran məsələsində də müxalifət Donald Trampın səlahiyyətlərini məhdudlaşdırmağa çalışır.

Ancaq Ağ Evin rəhbəri İrana hücum əmri vermək üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib. Əks təqdirdə, D.Trampın demokratların razılığı ilə hərəkət etməsi 2020-ci ildə keçiriləcək prezident seçkilərində onun siyasi mövqelərini zəiflədə bilər. Ona görə də müstəqil siyasi iradə nümayiş etdirməklə Prezident yeni seçki kampaniyasında irəli sürdüyü “Amerikanın qüdrətini qoruyub saxlayaq” şüarını həyata keçirməyə qadir olduğunu nümayiş etdirir.

Müşfiq Abdulla

Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar