Leonid Berşidski
“Bloomberg”, 26.06.2019
Hazırda 2014-cü ildə Krımın ilhaqına görə Rusiyaya tətbiq olunan sanksiyaların ləğvi presedenti mövcuddur. İyunun 25-də Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Rusiya heyətinin tam səsvermə hüququ ilə quruma dönməsinə icazə verib.
Bu hüququn öncəki ləğvinə dair mübahisə etmək olardı, ancaq indiki dəyişikliyin səbəbi anlaqlı deyil. O, Rusiyaya qarşı sanksiya tətbiq edən digər orqanlara və ölkələrə yaxşı nümunə ola bilməz.
Əslində, adının böyük səslənməsinə, Avropa İttifaqı və Avropa Şurasından yaşca böyük olmasına baxmayaraq, AŞPA elə də güclü beynəlxalq qurum deyil. Bu da təsadüfi sayılmır. 1949-cu ildə insan haqları, demokratiya və qanunun aliliyi üçün qurulan Strasburq qrupuna 47 üzv dövlət daxildir, Aİ-dən isə yalnız 28.
1996-cı ildə Rusiya AŞPA-ya qatıldıqda, ölüm cəzasına moratorium qoymaq məcburiyyətində qalıb, bu moratorium hələ də qüvvədədir. Üzvlük, həmçinin, ölkələri İnsan Haqları üzrə Avropa Məhkəməsi – hüquqların pozulması hallarının son müdafiəsi instansiyası – çərçivəsinə yerləşdirir.
Son vaxtlar Rusiya bu öhdəliyə görə narahat olsa da, hətta öz məhkəmələrinin Avropa məhkəməsi üzərində üstünlüyü fikrini müdafiə etsə də, ötən il iddiaçılara 780 milyon rubl (12,4 milyon dollar) təzminat ödəyib.
AŞPA – üzv ölkələrin qanunvericilərindən ibarət qurumdur, Strasburqda ildə dörd dəfə həftəlik iclaslar keçirir. Hər hansı bir sarsıdıcı qərar qəbul etmir, ancaq Aİ və onunla yaxın qonşuluqda qanun yazanları bir araya gətirir.
Alyansa üzvlük Aİ-nin standartlarını, ya da Rusiya kimi, onlara uyğun olmaq istəməyən ölkələrin Avropa eyniyyətini qəbul etməsi deməkdir.
Bununla yanaşı, AŞPA-da üzvlük hər bir ölkəyə seçki-müşahidə missiyalarında iştirak etmək kimi nüfuzlu hüquq verir.
AŞPA Rusiyanın səsvermə hüquqlarını ləğv etdikdə belə, Rusiya hökuməti onu özündən itələmək istəməyib. Rusiya heyəti iclas zalını tərk edib. Rəsmi Moskva Avropa Şurası üzvlüyündən imtina etmək və Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını görməməzliyə vurmaq təhdidi səsləndirib. Ancaq çox səxavətli büdcəyə alışmış (hazırda 416,7 milyon avro, ya da 474 milyon dollar) AŞPA üçün Rusiyanın böyük maliyyə yardımlarından məhrum olma, – 2017-ci ildə ödənişlərin üçdə biri və 2018 və 2019-cu illərdə heç bir ödəmiş, – habelə Türkiyənin əsas donor statusundan imtina qərarı ilə birləşərək ciddi maliyyə təhdidi meydana gətirib.
Ötən il AŞPA qətnamə qəbul edib. Sənəddə deyilir ki, Türkiyə və Rusiyanın ucbatından Avropa Şurası “tarixdə ilk dəfə 42,65 milyon avro məbləğində maliyyə riski ilə üzləşəcək”. Büdcə həcmini nəzərə alaraq, Assambleya, ehtimal ki, 10%-lik azalma ilə yaşaya bilərdi. Amma 2019-cu ildə rəhbər qurumlar üçün 67,2 milyon avroluq büdcəyə görə Rusiyanın təzyiqinə boyun əyib.
Əlbəttə, bu, rəsmi səbəb deyil.
Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron dialoqun davam etdirilməsi üçün AŞPA-nı Rusiyanı yenidən quruma qaytarmağa çağırıblar. Rusiyanın insan haqları müdafiəçiləri isə Moskvanı İnsan Haqları Məhkəməsinin yurisdiksiyasında saxlamaq tərəfdardırlar. Lakin Rusiyaya səsvermə hüquqlarını qaytaran qətnamə üzrə səsvermə Avropa Şurasının növbəti iki illik büdcəsinin təsdiqlənməsindən sonra baş verib.
Səsvermə milli heyətlər üzrə bölünüb. Qərbi Avropa dövlətlərinin əksəriyyəti və bəzi postsovet nümayəndə heyətləri Rusiyanın AŞPA-ya qaytarılmasını dəstəkləyib, şərqi avropalılar isə buna qarşı çıxıblar.
Ukrayna xüsusilə sərt mövqe tutub: nümayəndə heyəti yığıncaqdan çıxıb və prezident Vladimir Zelenskini Ukraynanın Avropa Şurasında qalıb-qalmaması haqqında düşünməyə çağırıb. Ancaq nisbətən az əhalisi və ÜDM-i olan Ukrayna, Rusiya ilə müqayisədə, maliyyə cəhətdən əhəmiyyətsizdir. Bununla yanaşı, onun Aİ-yə qoşulmaq ehtimalını nəzərə alaraq, Ukrayna artıq mövcud Avropa qurumundan çıxmaqla, özünü topal etmiş olardı.
Rusiyanı AŞPA-da bərpa etmənin arxasında aydın maliyyə səbəbinin mövcudluğu Avropa Şurasının nüfuzuna ləkədir və bu, Merkellə Makronun Kremllə mənalı müzakirələr istəyinə mane olur. Rusiyanın AŞPA-dakı nümayəndə heyətinə dövlət televiziyasının təbliğatçısı olan Pyotr Tolstoy rəhbərlik edir. O və digər rusiyalı qanunvericilər Rusiyada insan haqlarına daha ciddi əməl etmə barədə xəbərdarlıqları dinləməyəcək; onlar maliyyə şantajından yaranan riyakarlığı gizlətməyəcəklər.
Avropa İnsan Haqları Məhkəməsinə gəldikdə, rusiyalı hüquq müdafiəçiləri rahat nəfəs alacaq, lakin Moskva, ehtimal ki, qərarlar barədə seçici mövqe tutacaq. Axı, Avropa Şurası bu halda nə edəcək ki… Rusiyanı səsvermə hüququndan məhrum edəcək?
Rusiyaya qarşı sanksiyaların müdafiəçisi deyiləm, çünki sanksiyalar onların adından səs verən sıravi insanları cəzalandırır. Avropa Şurası nümunəsində Rusiyanın sanksiyalara simmetrik təpkisi budur: o, insanları ölkənin korrupsioner, qəddar mühakimə-cəza sisteminin amansız rəftarına məruz qoyub.
Lakin sanksiyalar tətbiq edildikdən sonra davamlılıq olmalıdır. Əgər Rusiyanın AŞPA-da səsvermə hüquqları Krıma görə dayandırılıbsa, Rusiya ilhaqdan imtina etməyənə və ya AŞPA ilhaqı tanıyana qədər (bu, demək olar ki, mümkün deyil) onlar ləğv edilməməlidir.
Rusiya ümid edir ki, avropalılar daha sıx iqtisadi əməkdaşlığa dönmənin faydalarını başa düşdükcə bütün digər Qərb sanksiyaları, xüsusilə də avropalıların tətbiq etdikləri ləğv olunacaq. Lakin Avropanın öz prinsiplərini qurban verməsindən çəkəcəyi zərər, yəqin ki, faydadan çox olacaq. Buna görə də hətta Rusiyaya meyllilər Aİ sanksiyalarını dəstəkləyirlər.
Deməli, AŞPA-nın nümunəsi Avropa İttifaqı üçün son dərəcə şübhəlidir. Rusiyaya qarşı sanksiyalar Kremlin davranışını dəyişməzsə belə, ən azı Avropanın dayandığı yeri göstərir.
Tərcümə: Strateq.az