Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elvin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Report-un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Elvin Məmmədovun keçmiş iş yoldaşı Nail Seyfullayev ifadə verib.
"Risk" şirkətində anbardar işlədiyini deyən şahid vəzifəsinin anbarda mallara nəzarət etmək olduğunu deyib.
O qeyd edib ki, digər işçilər kimi Elvinin də imzası ilə anbardan mal çıxarılıb, amma malın hara, kimə, neçəyə satılmasından xəbəri yoxdur.
Şahid Elvin Məmmədovu yaxşı işçi kimi tanıdığını bildirib.
Məhkəmədə şirkətin digər əməkdaşı Samir Aşımov və Tofiq Məmmədov da oxşar ifadə verib.
Şahidlərin ifadələrindən məlum olub ki, "yox" olan mallar əsasən Dövlət İmtahan Mərkəzinə (DİM) göndərilən mallara görə yaranıb. Belə ki, DİM-ə göndərilən kompüter avadanlıqlarının pulu şirkətə ödənilməyib. Şirkət iddia edir ki, DİM-ə göndərmək adı ilə çıxarılan mallar başqa şəxslərə satılıb. Bu məsələ ilə bağlı qalmaqal başlayan zaman Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də xəbər tutub. Şirkət rəhbərliyi ilə M.Abbaszadə arasında da telefon danışığı olub. Məlum olub ki, kompüter avadanlıqları DİM-ə yox, başqa bir quruma göndərilib.
Elvin Məmmədov da bunu etiraf etsə də, bildirib ki, bunu hansısa vəsaiti ələ keçirmək niyyəti ilə etməyib.
Proses iyulun 2-də davam edəcək.
Elvin Məmmdov həbs edilənə qədər kompüter avadanlıqlarının satışını həyata keçirən Happy Baku MMC-də işləyib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir.
Qeyd edək ki, Elvin Məmmədov sabiq deputat Dünyamalı Məmmədovun oğludur. Dünyamalı Məmmədov 1995-ci ildə 96 saylı Cəlilabad seçki dairəsindən deputat seçilib.