Son zamanlar uşaqlar üçün nəzərdə tutulmuş sosial müavinətlərin (“uşaqpulu”-müəl.) bərpa edilməsi ilə bağlı müxtəlif fikirlər səslənir.
Hətta Milli Məclisin üzvləri də çıxışlarında dəfələrlə uşaq pulunun bərpa edilməsini zəruri hesab ediblər. Qeyd edək ki, “uşaqpulu” Azərbaycanda artıq 2006-cı ilin 1 iyunundan etibarən verilmir. 13 ildən sonra bu məsələnin yenidən gündəmə gəlməsini zəruri edən məqam nədir?
Əslində, “uşaqpulu”nun bərpasını zəruri edən bir çox amillər var. Bunlardan birincisi və başlıca səbəbi “uşaqpulu”nun kəsilməsinə səbəb olan aztəminatlı ailələr üçün nəzərdə tutulan sosial yardım (sosial müavinət -müəl.) sisteminin özünü doğrultmamasıdır. Sosial müavinətlər aztəminatlı ailələr üçün nəzərdə tutulsa da, bu gün də minlərlə insan var ki, haqqı olduğu halda dövlətin bu yardımından yararlana bilmir. Bu sistemdə daha çox problemlər özünü büruzə verdi. Bu gün də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) olan şikayətlərin əksəriyyəti məhz sosial müavinətlərlə bağlıdır. Şikayətlərin çox olması da onu deməyə əsas verir ki, bu proqram işləmədi və ya aidiyyatı qurum sosial müavinət sisteminin işləməsində maraqlı olmadı.
Əslində, “bu sistemin” işləmədiyini göstərən məqamlardan biri də məhz sosial müavinətlərin verilməsi qaydasında tez-tez edilən dəyişikliklərdir. Əvvəllər pul şəklində verilən müavinətlərin bir hissəsi sonradan iri və xırdabuynuzlu heyvanlarla əvəzləndi. Nazirlik bu prosesi də şəffaf şəkildə apara bilmədi. Təbii ki, qurum rəhbərləri hər dəfə olduğu kimi, yenə də vətəndaşı günahkar kimi təqdim etdi. Məsələn, bu günlərdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev açıqlama verərək “Kimin inəyi öskürürsə, mənim üstümə qaçır”,- deyib. Bu, nazirin əhalinin şikayətlərinə özünəməxsus cavabı idi.
Bütün bunlar onu deməyə əsas verir ki, sosial müavinət sistemi özünü doğrultmadı. Ona görə də “uşaqpulu”nun bərpası yenidən gündəmə gəlib. “Uşaq pulu”nun bərpası həm də ona görə önəmlidir ki, imkansız ailələr də bundan yararlana biləcəklər.
Bu məsələlərə cavabdeh olan qurumun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövqeyi isə anlaşılan deyil. Belə ki, nazirliyin sözçüsü Fazil Talıbov deyir ki, “uşaqpulu” ilə bağlı təmsil etdiyi qurumun mövqeyi yoxdur: “Bizim tərəfin mövqeyi yoxdur, ümumiyyətlə biz o mövzuda danışmaq istəmirik. O mövzuya bizim mövqeyimizi verməsəniz, daha yaxşı olar. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi var, təklif edirəm ki, bu mövzunu onlarla danışın”. (“Cümhuriyət” qəzeti, 30 may sayı - müəl.)
Uşaqlar üçün müavinət bir çox dünya ölkələrində tətbiq olunur. Daim beynəlxalq təcrübəni öyrənən yerli qurumlarımız, nədənsə, bu məsələdə beynəlxalq təcrübəyə maraq göstərmir. Məsələn, Rusiyada “uşaqpulu” birdən birə 50 rubldan 10 min rubla qədər artırıldı. Rusiyada aztəminatlı ailələrə 1,5-3 yaşlı uşaqlar üçün verilən müavinət 50 rubldan 10 min rubla qaldırılacaq. Açıqlamanı Baş naziri Dmitri Medvedev verib. Yaş yarımlıqdan 3 yaşadək uşaqlara görə bundan sonra aya 50 rubl deyil, 10 min rubl veriləcək. 10 min rubl isə indiki məzənnəylə 158 dollara bərabərdir.
İqtisadçı-alim Fuad İbrahimov da deyib ki, “uşaq pulu”nun bərpası vacibdir. F.İbrahimov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, “uşaq pulu”nun bərpası məsələsinin müzakirəyə belə ehtiyacı yoxdur:
“Əgər hər hansı bir ölkənin makroiqtisadi dayanıqlığı varsa, dünya səviyyəsində bütün müasir konvensiyaların üzvüdürsə, Avropaya və ya digər inkişaf etmiş ölkələrə inteqrasiya siyasətini qurubsa, mütləq mənada “uşaq pulu”nun verilməsi lazımdır. Bu, birinci növbədə ölkənin sosial siyasət baxımından bünövrəsini möhkəmlədən, dövlətin bu sahədə əyarını artıran, dayanıqlığını yaradan məsələdir. Bu, bəyənmədiyimiz sovet dövründə də olub. Sovet İttifaqına çox adam tənqidi yanaşır, amma o hökumətin bir çox sosialyönümlü layihələri bu gün də aktualdır və təqdirəlayiqdir. Bununla bağlı təkcə dövlət nəzarət orqanlarının icrasında yox, eyni zamanda bu, sahədə elmi-tədqiqat institutları işləməlidir.
Heç olmasa, bu sahədə veriləcək qərarların əsasını yaradıb, qanunvericilik təkliflərini bu istiqamətə yönəltməlidirlər. Bu məsələlərə birmənalı şəkildə baxılmalı, stimullaşdırılma prosesi aparılmalıdır. Ümumiyyətlə, müzakirə mövzusu olmamalıdır. Bu, həm də ailələrin möhkəmlənməsinə şərait yaradacaq göstərici ola bilər. Statistik məlumatlara görə boşanmalar normanı kəskin şəkildə aşıb. Bunların hamısı bu cür məsələlərdən qaynaqlanır. Şübhəsiz ki, aidiyyatı dövlət qurumları bu məsələlərə barmaqarası baxmamalıdır. Məsələni zamanında araşdırıb ölkə rəhbərliyi səviyyəsinə çıxarmalıdırlar ki, müvafiq qərar verilsin. Görürük ki, son dönəmlər sosialyönümlü məsələlərin həllinə üstünlük verilir. Bütün sərəncamlar, fərmanlar, icra olunmuş qərarlar göz qabağındadır”.
Sosial müavinətlərin özünü doğruldub-doğrultmadığı məsələsinə gəlincə isə, F.İbrahimov qeyd edib ki, sosial müavinətlər istehlakı səbətinin göstəricilərinə cavab verməlidir: “Bu, o zaman öz səviyyəsində dayanacaq ki, o vaxt istehlak səbətinin göstəricilərinə cavab verəcək”.
Vilayət Muxtar
Cebhe.info