V.Putinin hər yana özü ilə götürdüyü bu “səfər aksessuarı” hər kəsin marağına səbəb olub.
Osakadakı görüşün təşkilatçıları iyunun 28-də nahar masasına qoyulan yemək və içkilərin adlarını da açıqlayıblar. Burada tərəvəz püreləri, yeməli güllər, italyan rizottosu, toyuq və ət yeməkləri olub. Desert qismində qonaqlara meyvəli dondurma və banan şirniyyatları verilib.
İçkilər isə yapon menyüsünə uyğun surətdə tərtib edilib. Spirtsiz içki kimi mineral su, “Kyobancha” yaşıl çayı, sitrus meyvə şirələri, spirtli içkilərdən isə Osakanın “Katashimo Winery” şirkətinin “Miyanoshita Sparkling 2014” şərabı, habelə “Nakamura Tokichi Honten Co” firmasının “Muscat Bailey A Miyukibana” qırmızı şərabı masanın üzərində olub.
V.Putinin bütün bunlardan imtina edib, mətbuat katibi Dmitri Peskovun açıqladığı kimi, özüylə gətirdiyi termosdan çay içməsi Qərb mətbuatında onun artıq zəhərlənmə qorxusu yaşadığı, artıq heç kimə, hətta yanındakı dövlət və ya hökumət başçılarına etibar etmədiyi kimi dəyərləndirmələri gətirib.
Müşahidəçilər RF prezidentinin ağ keramik stəkanla ilk dəfə 2014-cü ildə ictimaiyyət qarşısına çıxdığını qeyd edirlər.
Bu yaxınlarda sayca 17 olan “birbaşa xətt”də də prezident eyni fincanı gətirib.
Həmin fincanı 2016-cı ildə, Kremlin sahibinin hər il düzənlədiyi böyük mətbuat konfransında da görülüb.
Xarici mətbuat Vladimir Putinin 2014-cü ilin noyabr ayının 15 və 16-da Avstraliyanın Brisben şəhərində keçirilən G20 zirvəsini də paranodial təhlükə qorxusu ilə təcili surətdə tərk etdiyini yazır.
Brisbendəki "Hilton" otelinin işçiləri bundan öncə RF prezidentinin bütün yeməklərini yoxlayan xüsusi dequstatoru olduğunu bildiriblər.
Belə görünür ki, Vladimir Putin Kremldəki bütün rəhbərlərin əbədi qorxusu sayılan zəhərlənmə təhdidi ilə üz-üzə qaldığını zənn edir.
Hələ 2012-ci ildə onun bu qorxusu barədə dünyanın elitar şef-aşpazlarının klubunun yaradıcısı Jil Braqar mətbuatda dilə gətirmişdi.
J.Braqar V.Putinin tipik orta əsr monarxları kimi yeməklərini öncədən yoxlatdırdığını deyib.
“The İndependent” qəzetinin yazdığı kimi Rusiyanın beynəlxalq arenada artan izolyasiyası və Qərbdən gələn təzyiqlər, habelə onun Ukraynaya qarşı siyasəti qorxu üçün müəyyən əsas verir.
Vladimir Putinin getdiyi hər səfərdə prezidentin təyyarəsi yemək və içkilərlə doldurulur. Putin heç vaxt təsadüf yeməklərdən dadmır, ondan öncə bununıa mühafizəçilərindən biri məşğul olur.
Lakin bu təkcə Rusiya prezidentinə xas problem deyil. Jil Braqar ABŞ prezidentlərinin də yeməklərinin öncədən müəyyən şəxslər tərəfindən yoxlanıldığını bildirir.
Musavat.com