AMERİKA HEGEMONİYASINA QARŞI QURULAN İTTİFAQ:Rusiya-Türkiyə-İran üçbucağına Çin də qoşulsa, ABŞ-ın geopolitik fəlakəti başlar - TƏHLİL

30-06-2019, 17:59   

Nejat Eslen

Odatv (Türkiyə)28.06.2019

 

Türkiyə, Rusiya və İran günümüzdə Atlantika srtukturlarından qaynaqlanan oxşar hədələrlə üzləşir.

Putinin XX yüzilliyin ən böyük fəlakəti kimi səciyyələndirdiyi Sovet İttifaqının çöküşündən sonra ABŞ Varşava müqaviləsinin keçmiş üzvlərini NATO-ya birləşdirərək və NATO-nu şərqə genişləndirərək, Baltika-Qara dəniz-Orta Asiya oxu ilə Rusiyanı çevrələməyə çalışıb və indiki anda bu cəhdi davam etdirir.

NATO Baltikada Rusiya sərhədlərinə yaxınlaşandan sonra ABŞ da alyansın genişlənməyinə və Ukrayna və Gürcüstanı NATO-ya birləşdirmək hesabına Rusiyanı çevrələməyə  səy göstərib, amma bu səylər Putinin cavab gedişləri nəticəsində puç olub.

Bjezinski özünün məşhur “Böyük şahmat lövhəsi” kitabında ABŞ-ın Rusiyaya münasibətdə həqiqi niyyətlərini göstərərək qeyd edib ki, ən yaxşı Rusiya üç hissəyə bölünmüş Rusiyadır: Avropa Rusiyası, Sibir Rusiyası və Uzaq Şərq Rusiyası.

 

Rusiya üçün ən ciddi təhlükə ABŞ və NATO-dur

 

ABŞ bu gün özünün Milli Müdafiə Strategiyasında Rusiyanı təhlükə kimi müəyyən edərək vurğulayır ki, Rusiya öz salamatlığı və təhlükəsizlik sahəsində maraqları xatirinə Amerikanın II dünya savaşından sonra qurdğu beynəlxalq düzəni sarsıtmaq istəyir.

ABŞ NATO-nu Rusiyanın təhlükə olduğuna inandırmaqla alyansı Rusiya ilə qarşıdurmaya hazırlayır, Rusiyaya qarşı daim sanksiyalar tətbiq edir. NATO Rusiyanı təhlükə kimi qavrayınca, mənası var və Amerikanın silah sənayesi NATO-ya üzv ölkələrə silah satınca, qazanc əldə edə bilər.

Amma Rusiya artıq əvvəlki Rusiya deyil. Rusiya Putinin başçılığı altında onun strateji gedişləri, modernləşdirdiyi ordusu, hazırladığı effektli silah sistemləri, resursları, nüvə potensialı və dünyanın mərkəzindəki geniş ərazisi səbəbindən bu gün dünya proseslərinə təsir etməyi bacaran qitə dövlətidir və Avrasiya məkanında onu diqqətə almamaq olmaz.

 

İran ABŞ üçün hədəf ölkədir

 

Amerika təhlükəsi uzun illər İranın üzərində asılıdır. Yaxın Şərqdə İrana öz təhlükləsizliyinə ən ciddi təhdid kimi baxan İsrail İranın ABŞ tərəfdən üzülməsini, zəiflədilməsini istəyir.

Enerji resursları ilə zəngin İran Asiya-Sakit okean bölgəsi ölkələri, hamıdan qabaq Çin üçün enerji qaynağıdır. Coğrafi durumu üzündən Fars körfəzi və gündə 19 milyon barrel neft daşınan Hörmüz boğazına nəzarət edən İran kürəsəl energetik təhlükəsizlik baxımından da önəmli ölkədir.

Bundan savayı, İran bu səbəblərdən Çinin “Bir qurşaq – Bir yol” layihəsi çərçivəsində həlledici ölkədir.

Habelə nüvə proqramı sayəsində öz çəkisini artıran İran İraqdakı savaşdan ən böyük qazanc əldə edən və bu ölkədə nüfuzunu gücləndirən oyunçu olub. İran günümüzdə Yaxın Şərq hadisələrindən imkanlar əldə edərək Tehran-Bağdad-Dəməşq-Livan geostrateji oxu formalaşdırır və Aralıq dənizinə çıxmağa çalışır.

ABŞ-ın mümkün hücumlarına qarşı hərtərəfli imkanları inkişaf etdirən İran Fars körfəzində, Hörmüz boğazında, Əfqanıstanda, İraqda, Suriyada Amerikanın maraqlarına ziyan vurmağa imkan verən potensiala artıq yiyələnib. Buna görə də ABŞ İrandan, İran isə ABŞ-dan ehtiyat edir.

ABŞ-ın baş hədəfi sanksiyalarla üzdüyü İranda rejimi dəyişdirməyi təmin etmək, İsraili sakitləşdirmək, İrana və bu ölkənin resurslarına nəzarət etməkdir.

 

NATO-nun lideri ABŞ NATO üzvü Türkyə üçün ən ciddi təhlükədir

 

Türkiyə Atlantika strukturunun üzvü olduğuna baxmayaraq, Rusiya və İrana oxşar qaydada ABŞ tərəfdən ciddi təhlükələrlə üzləşir.

ABŞ Kürdüstan Fəhlə Partiyasına (PKK) uzun illərdir əl tutur, onun Suriya qanadını – Xalq Özünümüdafiə Dəstələrini (YPG) silahlandırır və Suriyada Fəratdan şərqdə PKK-YPG-nin dövlətini qurmaq cəhdlərini davam etdirir.

Kürdüstan İcmalar Birliyinin PKK-nın əsas qanunu ilə eyni olan və aydınlaşdığı kimi, ABŞ-ın iştirakı ilə yazılan sazişi öyrənərkən əyani görünür ki, ABŞ-ın dəstəklədiyi PKK Türkiyənin parçalanmasına da hədəflənib.

ABŞ Şərqi Aralıq dənizinin energetik resurslarını bölmək uğrunda mübarizə çərçivəsində bu yaxınlarda yaradılmış, o cümlədən Misiri öz tərkibinə daxil edən və Türkiyənin hüquq və maraqlarına qarşı duran “xaçlılar koalisiyası”nı açıq dəstəkləyir.

Egey dənizində Yunanıstanı həvəsləndirən ABŞ  Türkiyənin suveren ölkətək öz milli təhlükəsizliyini təmin etmək üçün gərəkli saydığı S-400 HHM sistemi kimi silahı almağına mane olur və bununla bağlı Türkiyəni cəza tədbirlərilə hədələyir.

Göründüyü üzrə, Rusiya və İran kimi, Türkiyə də Amerika təhlükəsi ilə üzləşir və eyni təhlükəyə qarşı duran bu üç ölkə, Astana prosesi çərçivəsindəki kimi, vaxt keçdikcə işbirliyini genişləndirə və hətta bu işbirliyini ittifaqa çevirə bilər.

Xəritədə belə bir ittifaqı əhatə edə biləcək bölgə təsvir olunub.

Bu zaman bu geniş coğrafi bölgənin Avroatlantik və Asiya-Sakit okean güc mərkəzlərini bir-birindən necə ayırdığı, Şimali Buzlu okeandan Aralıq dənizinin isti sularına qədər hansı nəqliyyat yollarının olduğu, geopolitik oxa nəzarət etdiyi, hansı önəmli energetik və başqa resurslara malik olduğu görünür.

Habelə bu üç ölkənin hərbi potensialı, demoqrafik özəllikləri və Rusiyanın nüvə potensialı nəzərə alınarsa, bu koalisiyanın dünyanı üçqütblü struktura necə çevirdiyi və bunun Amerika üçün hansı geopolitik fəlakətə səbəb olacağı aydın olar.

Rusiya-Türkiyə-İran ittifaqı Asiya-Sakit okean güc mərkəzinin lideri Çinlə sıx əlaqələr qurarsa, onda yeni ikiqütblü dünyada Amerikanın kürəsəl liderliyinin sonu elan oluna bilər…

Bu ideyalar kiməsə xəyal görünə bilər. Amma unutmaq gərək deyil ki, dünyanın bütün tarixi dağılan və yaradılan ittifaqların tarixidir. Və dünyamızda əbədi olan yeganə şey dəyişikliklərdir.

Bütün bu səbəblərə görə, Ağ Evin, Pentaqonun təmsilçilərinə ağıllı olmaq və Türkiyəyə toxunan qərarlar almazdan qabaq zaman-zaman bu xəritəyə baxmağı təklif edirik.

Tərcümə Strateq.az-ındır.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar