Vladimir Vasilyev
regnum.ru, 30.06.2019
ABŞ hərbi-siyasi rəhbərliyi İrana zərbə zamanı gücü zəif nüvə silahı işlətməyi mümkün sayır. Tehranın nüvə kompleksinin və raket proqramının obyektləri nüvə basqını vasitələrinin hədəfi kimi müəyyən edilə bilər.
ABŞ prezidenti Donald Tramp 2019-cu il iyunun 24-də İranın Ali başçısı ayətullah Əli Xamnəini “düşmən davranışı”nda ittiham edib və öz sərəncamı ilə ona və İslam İnqilabı Keşikçiləri Korpusunun səkkiz yüksək zabitinə qarşı sanksiya qoyub. Bu, ayətullah Əili Xamnəiyə münasibətdə ilk dəfə tətbiq olunub.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani Amerika liderinin bu addımını əlüstü şərh edib: “Amerika administrasiyası ağıldan kəmdir. ABŞ göstərib ki, dialoqa hazır olmaq bəyanı yalandır. Tehranın strateji səbri var, biz qorxmuruq”.
Bu bəyanat Ağ Evdə güclü qıcıq doğurub və milli ruhu, siyasi və dini institutları baxımından Birləşmiş Ştatların başqa xalqlar arasında özəl yer tutduğuna dair Amerikanın müstəsnalığı dünyagörüşündə tərbiyə edilən ABŞ hərbi-siyasi başçıları tərəfindən çox mənfi qarşılanıb. Donald Tramp iyunun 25-də öz Twitter-ində Həsən Ruhaninin ifadəsinə şəxsən reaksiya verib. O, qeyd edib ki, təəssüf ki, İran rəhbərliyi yalnız gücü və qüvvəni anlayır və “ABŞ bu gün dünyada təkcə son iki ildə 1,5 trilyon dollar yatırılan ən qüdrətli hərbi gücdür”.
Tramp növbəti tvitində heç bir səbəbsiz əziyyət çəkən, halbuki başçılarının bütün pulları terrora sərf etdiyi İran xalqına yazığı gəlib. O habelə vurğulayıb ki, Birləşmiş Ştatalar “İranın 2000 amerikalını öldürən və bir çox başqalarını yaralayan əldəqayırma partladıcı qurğulardan istifadə etdiyini unutmayıb”.
Amma bu mövzuda ən önəmlisi ABŞ prezidentinin üçüncü məlumatında ifadə olunub. Tam sitat sıradakıdır: “İranın bu gün verilən olduqca cahil və təhqirli bəyanatı yalnız bunu göstərir ki, onlar mətləblərin gerçək durumunu anlamırlar. İranın Amerikaya aid nəyəsə istənilən hücumu böyük və üstün qüvvə ilə qarşılanacaq, “üstün qüvvə” bəzi bölgələrdə məhv edilməyi bildirəcək. Daha nə Con Kerri, nə də Obama olacaq!” Güman etməyə bütün əsaslar var ki, ABŞ prezidenti üçüncü tvitdə nüvə basqını vasitələrindən yararlanmaqla İrana zərbə haqqında danışıb. Qeyd edilməlidir ki, bunu İranda yaxşı anlayıblar. İran XİN başçısı Məhəmməd Cavad Zərif iyunun 26-da CNN müxbirinin Donald Tramp tərəfindən hədələr haqda sualını cavablandırıb: “Bu bəyanat xəbər verir ki, ABŞ-ın niyyətləri qanunsuzdur, ABŞ o durumda deyil ki, İranı məhv etsin, onun yasaqlanmış silahdan istifadə etməkdən başqa imkanı yoxdur”.
2017-ci il fevralın 2-də ABŞ-ın indiki prezidenti tərəfindən yeni nüvə doktrinası haqda sənəd hazırlamaq göstərişi verilib. Bu, 2018-ci il fevralın 2-də dərc olunub. Yeri gəlmişkən, əvvəlki oxşar sənəd 2010-cu ildə prezident Barak Obama dönəmində bəyənilib.
Həmin sənədə əsasən, “ABŞ, müttfəqilərimiz və tərəfdaşlarımız üçün mümkün cüzi itkilərlə və maksimal əlverişli şərtlərlə istənilən münaqişəyə son qoymaq”dan ötrü Birləşmiş Ştatların nüvə silahı işlətməyi mümkündür.
Doktrinada deyilir ki, Birləşmiş Ştatlar özünə, müttəfiqlərinə və tərəfdaşlarına qarşı təcavüzün nüvə silahı işlətməklə və yaxud işlətmədən qoyulan məqsədlərə çatmaması üçün çevik nüvə qüvvə və vasitələrinin geniş diapazonunu dəstəkləyəcək. Beləliklə, ABŞ-ın özünə, müttəfiqlərinə və tərəfdaşlarına hətta qeyri-nüvə zərbəsinin cavabında nüvə silahı tətbiq etmək imkanından birbaşa danışılır.
ABŞ-ın nüvə doktrinasında habelə qeyd olunub ki, İran uyğun qərar qəbul edildiyi andan bəri nüvə silahı yaratmaq üçün gərəkli potensial və texniki imkanların önəmli bölümünü bir il boyunca saxlayıb. Yeri gəlmişkən, Donald Tramp və ABŞ-ın başqa rəsmiləri dəfələrlə bildiriblər ki, Tehranın nüvə silahı yaratmasına heç vaxt imkan verməzlər.
ABŞ-ın yeni nüvə doktrinası qeyri-strateji nüvə qüvvələri və vasitələrinin yardımı ilə qabaqlamağın effektivliyini yüksəltməyi nəzərdə tutur və “bölgə miqyasında təcavüzü önləmək bacarığını saxlamaq” üçün gücü zəif nüvə silahı işlətmək imkanına yol verir.
Ekspertlərin fikrincə, ABŞ tərəfindən nüvə cəbbəxanası olmayan ölkələrə qarşı gücü zəif nüvə döyüş sursatları tətbiq edilə bilər, çünki Rusiya və Birləşmiş Ştatlar arasında heç bir məhdud savaş ola bilməz. Pentaqonda məhəlli münaqişələr çərçivəsində gücü zəiflədilmiş nüvə döyüş sursatlarının yüksəkdəqiqlikli sistemlərlə uyğunluqda qeyri-nüvə dövlətlərinə qarşı tuşlamaq imkanlarını ciddi müzakirə edirlər.
Amerika Alimləri Federasiyasının məlumatına görə, indiki anda ABŞ cəbbəxanasında 1000-dən çox gücü zəif nüvə döyüş başlığı var. Güc 20 kilotona bərabər və ya az olanda zəif sayılır.
ABŞ-ın nüvə doktrinasına uyğun olaraq ən yeni gücü zəif nüvə döyüş sursatının inkişaf etdirilməsi artıq gedir. Bu, sualtı qayıqların ballistik raketlərində, dəniz bazalı qanadlı raaketlərdə və B-61 tipli aviabombalarda yerləşdiriləcək.
Açıq əlyetən məlumatlara görə, ABŞ HDQ W76-2 nüvə döyüş başlıqlarının ilk partiyasını 2019-cu il sentyabrın 30-adək almalıdır. Döyüş başlığı “Ohayo” sinifli sualtı qayıqların istifadə etdiyi “Trident II” ballistik raketlərində qurulacaq. Döyüş başlığının gücü trotil ekvivalentində 5-6 kiloton dəyərləndirilir.
Təkmilləşdirilmiş B61-12 nüvə aviabombası 2020-ci ilə doğru ABŞ SQ-nin silahlanmasına daxil olmalıdır. Güc seçiminə görə onun dörd variantı var: 0,3, 5, 10 və 50 kiloton. B61-12 öz sələflərindən – B61-3, B61-4, B61-7 və B61-10 bombalarından üç qat daha dəqiqdir. Yeni döyüş sursatının yönəldilən quyruq hissəsi öz hədəfinə planlaşdırılmaqla düşmənin HHM zonasına girmədən tapşırığı yerinə yetirmək imkanı verir.
İrana qarşı nüvə vasitələri basqısının mümkün tətbiqi məsələsi incələndiyi zaman Donald Trampın şəxsi səciyyələrini də nəzərə almaq gərəkdir. Bu adam prezident postuna biznesdən gəlib və Pareto qanunu – “20% səyin 80% nəticə verdiyi” effektivlik prinsipi ona yaxşı bəllidir.
20/80 yanaşmasını Amerika prezidentinin iyunun 26-da İranla mümkün savaş haqqında “Fox Business” telekanalına cavabı da təsdiqləyir: “Ümidvaram ki, xeyr. Amma nəsə baş verərsə, biz olduqca üstün durumdayıq. Mən yerüstü əməliyyatdan danışmıram, mən demirəm ki, bir milyon əsgər göndərərik. Sadəcə, deyirəm ki, nəsə olsa, çox vaxt aparmaz”.
Yaranmış gərginlik fonunda ABŞ-ın Yaxın Şərqdəki hərbi qruplaşmasını azca artırmaq da bu strategiyaya sığışır.
Bu qayda ilə tam aydındır ki, ABŞ-ın hərbi-siyasi rəhbərliyi İrana zərbə zamanı gücü zəif nüvə basqısı vasitələrinin tətbiqinə yol verir. Tehranın nüvə kompleksinin və raket proqramının obyektləri nüvə basqını vasitələrinin hədəfi kimi müəyyən edilə bilər. Bunun üçün gərəkən hər şey var: qanunvericilik bazası, gücü zəif nüvə döyüş sursatı, habelə ABŞ prezidenti Donald Trampın müəyyən şəraitdə belə bir addım atmağa psixoloji hazırlığı.
Lazım olan yeganə şey uyğun durumdur, belə ki, İranın hərəkətinə cavab zərbəsi vurmaq son dərəcə daha üstündür. Burada silahlı münaqişənin əsas mənfəətdarları İsrail və Səudiyyə Ərəbistanı da, ABŞ-ın İranla böhranı hərbi yollarla həll etməkdə maraqlı olan siyasi və hərbi isteblişlmentinin bir hissəsi də fitnəkarlığın təşkilinə yardım edə bilər.
Tərcümə Strateq.az-ındır.