İRAN PARLAMENTİNDƏ TƏLAŞ:"ABŞ-la İranın müvəqqəti nikahından doğulan uşağ"ın qatı düşməni sükanı ələ alıb

4-07-2019, 13:31   

Ruhullah Fəqihi

“Əl-Monitor”, 03.07.2019

2015-ci ilin nüvə razılaşmasının taleyi ilə bağlı narahatlıq davam edərkən, parlamentin “Joint Action Plan”-a (JCPOA) qarşı sərt mövqeyi ilə tanınan üzvü Müctəba Zonnur Məclisin xarici siyasət komissiyasının sədri seçilib. Bu həm də prezident Həsən Ruhaninin mülayim hökumətinə əlavə təzyiqdir.

İyunun 23-də parlamentin sərt tənzimçi üzvləri və spiker Əli Laricaniyə yaxın millət vəkillərindən ibarət koalisiya formalaşdırıldıqdan sonra Zonnur mötədil Heşmətulllah Fəlahətpişeni əvəz edib.

Fəlahətpişe mayın 17-də təklif edib ki, İran və ABŞ Tehran və Vaşinqton arasındakı gərginliyin idarə olunması üçün İraqda və ya Qətərdə “qırmızı masa” qursun. Bu, Moskva ilə Vaşinqton arasında “qırmızı telefon” qaynar xəttini xatırladır.

Mayın 8-də o, “Tvitter” hesabında yazıb ki, Birləşmiş Ştatlarla danışıqların tabuya çevrilməsi ona gətirib çıxarıb ki, Tehranın milli maraqları “qeyri-səmərəli” Avropalı hökumətlər tərəfindən müəyyənləşdiriləcək.

Beynəlxalq əlaqələr üzrə professor olan Fəlapətpişe indi xarici siyasət komissiyasının daimi üzvüdür və JCPOA-nun məhvinə dəstək verən bir şəxslə yanaşı oturur.

Zonnurun siyasi mənşəyi nədir?

2016-cı ildə parlament seçkilərinə qatılmazdan əvvəl Zonnur İslam İnqilabı Keşikçiləri Korpusunda Ali Rəhbər Ayətullah Əli Xamnəinin nümayəndəsi olub. O, nüfuzlu Qum şəhərindən parlamentə seçilmək üçün vəzifəsindən istefa verib.

KİV-lər onu “Səadət Cəbhəsi”nin üzvü kimi səciyyələndirir, lakin özü həmişə bunu rədd edib. Amma “Dözümlülük Cəbhəsi”nin lideri Ayətullah Məhəmməd Təqi Misbah Yəzdini daim tərifləyir: “Ayətullah Misbaha dərin və qət şəkildə inanıram”.

Fevral ayında Zonnur “bədbin iqtisadi göstəricilərə” (bu, böyük ölçüdə ABŞ sanksiyalarının nəticəsidir) görə, Ruhaniyə qarşı impiçment planının təşəbbüsçüsü idi. “Kim Ruhaniyə etiraz etməklə çevrilişi həyata keçirmək istədiyimizi söyləyərsə, axmaqdır”, – Zonnur fevralın 20-də bildirib və İranda hakimiyyətə gələ biləcək hərbi hökumət haqqında dedi-qoduları təkzib edib.

Zonnur Ruhaninin diplomatik irsinin qatı düşmənidir və JCPOA-nu “İranla Birləşmiş Ştatlar arasındakı müvəqqəti evlilik nəticəsində doğulmuş natamam canlı” adlandırıb.

ABŞ-ın JCPOA-dan çıxışı Zonnur kimi sərt tənzimçilərə hədiyyə idi və onların arzularını, nəhayət, gerçəklədirib. 9 May 2018-ci ildə, ABŞ prezidenti Donald Trampın müqaviləni “yırtma” qərarından bir gün sonra, Zonnur və bir neçə digər sərt qanunverici JCPOA və ABŞ bayrağını simvolik olaraq yandırıb.

Mayın 26-da Zonnur parlamentdəki hərəkətinə toxunaraq deyib: “Kim nüvə sazişinə ümid bağlayırdısa, əbəs yerə, çünki bu, ilğım idi”.

İran parlamentinin nüvə komissiyasının sədri kimi Zonnur ABŞ-ın nüvə razılaşmasından çıxmasının ardından Nüvə Silahlarınn Yayılmaması haqqında Müqavilədən (NPT) çəkilmə üçün qanun layihəsini təqdim edib.

2018-ci ilin noyabr ayında Zonnur bildirib ki, əgər avropalılar ABŞ-ın JCPOA-dan çıxışından sonra lazımi zəmanət verməyiblərsə, hökumət Əlavə Protokolun icrasını dayandırmalı, NPT-dən geri çəkilməli, zənginləşdirilmiş uran və ağır suyu, ehtiyaclarına əsasən, istehsal etməlidir.

Ancaq onun qanun layihəsi müzakirəyə çıxarılmayıb.

Avropalıların sanksiyalardan yan keçən proqramları ilə bağlı Zonnur, məsələn, mayın 19-da bildirib ki, məqsədi İranı dərman və qida ilə təmin etmək olan INSTEX İran üçün uyğun deyil. “İraqda işğal zamanı neft satılıb və bunun əvəzinə qida və dərman qəbul edilib. İNTEX-in ərzaq və dərman üçün işə salınması JCPOA müddəalarına ziddir. Parlament bunu qəbul etməyəcək və diplomatik aparatımızın səlahiyyətliləri avropalıların boş sözləri ilə aldanmamalıdır”.

Tehrandakı analitiklər və siyasi fəallar Zonnurun komissiya rəhbəri seçilməsi və JCPOA-nın qeyri-müəyyən gələcəyi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

İyunun 24-də islahatçı siyasətçi Məhəmməd Əli Əbtəhi “tvit” atıb: “Zonnur həmişə siyasi cəhətdən sərt mövqeyin rəmzi olub. İndi Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədridir. Bu, təhlükəli seçimdir. Nüvə sazişini yandıran adam diplomatik üsullarla ölkənin maraqlarını yürüdə bilməz. Onun seçilməsi milli maraqlara uyğun deyil. Çətin vəziyyətimiz sərt şüarlar deyil, ehtiyatlılıq tələb edir”.

Amma yeni sədr 2015-ci ildə nüvə razılaşmasına qarşı çoxdan gözlənilən planlarını təqib etməyə çalışır.

Zonnur iyulun 1-də NPT-dən geri çəkilmə və Əlavə Protokolun tətbiqinin dayandırılmasının Tehranın növbəti addımları arasında olacağını söyləyib. Bu da JCPOA-ya qarşı qanun layihəsinin müzakirəsinə gətirib çıxara bilər.

Tərcümə: Strateq.az-ındır.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar