Qərb mətbuatı Vladimir Putinin 2024-cü ildən sonra da Rusiyanı idarə edəcəyini yazır. Bildirilir ki, Rusiya prezidenti Putin baş nazirin səlahiyyətlərini xeyli dərəcədə genişləndirəcək və 2024-cü ildən sonra baş nazir olaraq ölkəni idarə edəcək. Belə bir plan varsa, onu həyata keçirmək nə dərəcədə mümkün olacaq?
Politoloq Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, Vladimir Putin sağlamlığı imkan verənə qədər istənilən şəkildə Rusiyaya rəhbərlik etməyə çalışacaq: “Bugünkü konstitusiya ilə 2 dəfədən artıq ardıcıl prezident seçilməyə qadağa olmasına baxmayaraq, istəyi olacağı halda həmin qadağalardan yan keçəcək üsullar da tapıla bilər. Hətta referendum keçirdib istisna hal kimi 3 dəfə prezidentliyə namizəd olmaq üçün səs vermə keçirilsə, buna təəccüblənmək olmaz.
Putinə bu istiqamətdə planlarını həyata keçirtmək üçün ölkə daxilində ona mane ola biləcək ciddi qüvvəni hələ ki, görmürəm. Amma bir sıra xarici faktorlar var ki, ona planlarını həyata keçirtməkdə mane ola bilər. Bildiyimiz kimi Rusiya Qərb dövlətləri və ABŞ tərəfindən təsirli iqtisadi və siyasi sanksiyalarla üz üzədir. Bunun nəticəsidir ki, Rusiya iqtisadiyyatı həmin sanksiyalardan çox əziyyət çəkir və ölkənin iqtisadi inkişafını təmin edəcək gücü toplaya bilmir. Ölkədə mərkəz şəhərlər istisna olmaqla ciddi problemlər mövcuddur. Onların həlli üçün isə həm daxili həm də xarici imkanlar hesabına böyük sərmayələr qoyulmalıdır. Bu imkanlar isə son dərəcə məhduddur. Bu günə qədər ölkədə böyük narazılıqların qabağı patriotik çağırışlar hesabına alınırdısa, gələcəkdə bunun nə qədər effekt verəcəyi də sual altındadır. Əgər bu narazılıqlar bəlli cərçivəni keçsə, baş verə biləcəklər Putinin siyasi gələcəyini təhlükə altına alar. Bütün bunları yaxşı bildiyindən Putin müxtəlif yollarla Avropa ilə əlaqələrini bərpa etməyə cəhdlər edir, bununla bərabər həm də yeni müttəfiqlər axtarışındadır. Son illər Türkiyə ilə yaxınlaşmalar məhz bu səbəbdəndir. ABŞ isə Rusiyanın əzəli rəqibi olduğundan zaman-zaman müxtəlif görüntülər ortada olsa da onunla münasibətlərin sözün əl mənasında yaxşılacağına inam azdır. Eyni zamanda bəlkə də ABŞ-la gərgin münasibətlərin olması indiki durumda Putinə sərf edir. Ölkədə patriotik hisslər düşmən hədəf göstəriləndə daha qabarıq olur. Rus xalqı isə Avropanı yox, ABŞ-ı həmişə rəqib və düşmən kimi görüb”.
Əhəd Məmmədli isə bildirdi ki, hələlik Rusiyada Putinin varisi məsələsi daha aktualdı: “Müxtəlif varis adları çəkilər. Ən çox çəkilən müdafiə naziri Sergey Şoyqunun adıdır. Xəbərlər yayılır ki, Putin Şoyqunu öz yerinə hazırlayır. Hələlik bütün bunlar söz-söhbətlərdir. Çox güman ki, yaxın gələcək üçün Putin hansısa addımlar atır, amma hansı addımlar bu geniş spektrə məlum deyil. O ki, qaldı Putinin baş nazir kimi fəaliyyətini davam etməsi bu da bir variantdır. Lakin fikrimcə, bu Rusiya üçün riskli addım olar. Çünki Rusiya kimi böyük dövlət üçün prezident üsul-idarəsindən parlament yönətiminə keçmək risklidir. Baş nazir səlahiyyətlərini artırmaq üçün gərək prezident səlahiyyətlərini azaldıb səlahiyyəti parlamentə verilməlidir. Bu da federativ quruluşa malik Rusiya üçün təhlükəlidir. Yəqin bütün bunları Putin və çekist ətrafı hesablayıb. Rus dövlətinin Putin kimi güclü liderə ehtiyacı var. Təbii ki, Rusiyada daxili kataklizmlər olmasa, Putin münasib bildiyi variantı reallaşdıracaq. İstər varis, istər daha böyük baş nazirin səlahiyyətləri planını həyata keçirmək üçün Putin istər daxili, istər xarici müdaxilələrə məruz qala, Rusiya çalxalana bilər”.
Xatırladaq ki, 20 gün öncə Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə prezidentlik müddəti bitəndən sonra nə işlə məşğul olacağı haqda suala cavabında deyib ki, onun 5 il sonra nə işlə məşğul olacağı haqda danışmaq hələ tezdir. O, həmçinin bildirmişdi ki, görüləsi çox işləri var. Putin etiraf edib ki, Rusiyanın inkişafına dair planları heç də həmişə istədiyi sürətlə yerinə yetirilmir. Bu da qeyri-stabil iqtisadi situasiya və məhdudlaşdırıcı xarici tədbirlərlə bağlıdır.
Rusiya və dünya mediasında post-Putin dövrü və prezident Vladimir Putinin siyasi varisinin kim olacağı mövzusu zaman-zaman gündəmə gəlir. Bir sıra rusiyalı siyasi ekspertlər hesab edir ki, mümkün ssenarilərdən biri 2021-ci ildə Dövlət Dumasına seçkilər öncəsi varisin yeni baş nazir təyin edilməsi və tədricən ona səlahiyyətlər verilməsidir.
Rusiyada prezident seçkiləri 2024-cü ildə keçiriləcək. Qarşıda 5 ilə yaxın müddət var. Putinin hazırkı yaşı və sağlamlığı isə ölkəni idarə etməyə kifayət qədər imkan verir.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”