Mətbuata dəstəyin pərdəarxası

30-06-2014, 11:14   
Mətbuata dəstəyin pərdəarxasıYaxud, Azərbaycanda KIVDF nə deməkdir?


KIVDF növbəti dəfə mətbuata “dəstək” verdi və 33 qəzetə 1 milyon 235 min manat pul ayrıldı. Bütün parametrlər üzrə dövlətdən yardım almağı haqq edən “Azadlıq” qəzeti isə layihədən kənarda qaldı. Ötən yazımızda da qeyd etmişdik ki, “Azadlıq” qəzeti hakimiyyətin düşmənləri siyahısındadır və yalana, yaltaqlığa, ədalətsizliyə qarşı mübarizə apardığı üçün hədəf seçilib. Elə buna görə də ictmai rəyə təsir imkanı olmayan, hakimiyyətin tapşırıqlarına əməl edən, məcburi abunə hesabına yaşayan qəzetlər KIVDF-nin sevimlisinə çevrilib. Ümumiyyətlə, 1 miyon 235 min manat kimlərə və hansı qəzetlərə verilib.

KIVDF-nin Əli Həsənova qayğısı

Maliyyə yardımı ayrılan qəzetlərin siyahısına nəzər salanda Əli Həsənovu xatırlamamaq mümkün deyil . Sanki, KIVDF Əli Həsənova maddi yardım göstərmək üçün təsis olunub.

Belə ki, Əli Həsənova məxsus “Kaspi” qəzeti 60000 manat, “Palitra” qəzeti 60000 manat, “Kaspiy” qəzeti 40000 manat, “Mövqe” qəzeti 60000 manat, “Azad Azərbaycan” qəzeti 40000 manat, “Futbol+ Qol” qəzeti 40000 manat, “Olaylar” qəzeti 60000 manat (Baş redaktor Əli Həsənovun qohumudur) maliyyə yardımı alıb. Ümumilikdə Əli Həsənovun nəzarətində olan qəzetlərə 360000 manat maliyyə yardımı ayrılıb. Bu isə KIVDF-nin mətbuata ayırdığı ümumi məbləğin 3 də 1 hissəsi deməkdir. Təbii ki, bu qəzetlər hakimiyyətin maraqlarına uyğun fəaliyyət göstərir və heç bir tənqidi məqam bu mətbuat orqanlarında yer ala bilməz. Görünür, Əli Həsənov “alın təri”nin bir hissəsini KIVDF-də axıdır və qəzetləri ağuşuna aldığı üçün qürur hissi keçirir.

“Yeni Azərbaycan” və “Səs” qəzeti həmişə məclisin başındadır

KIVDF-nin mətbuat sevgisi Əli Həsənovun qəzetləri ilə yekunlaşsaydı dərdimiz olmazdı. Həmişəki kimi “Yeni Azərbaycan” və “Səs” qəzeti yüksək səviyyəli fəaliyyətlərinə görə hərəsi 60000 manat maliyyə yardımı alıb. Bildiyiniz kimi bu qəzetlərin hər ikisi YAP-ın orqanıdır və şər-böhtan istehsalı ilə məşğul olurlar. Qeyd edək ki, bu qəzetlər məcburi abunə hesabına maliyyələşir və dövlət sektorunda çalışanlar hər ay oxumadıqları qəzetlərə görə pul ödəyirlər. Adı çəkilən qəzetlərin elektron variantları da fəaliyyət göstərir və yerləşdirilmiş materialların oxunma sayı da göstərir ki, hətta YAP-çılar bu qəzetləri oxumur. Əks halda 620000 üzvü olan partiyanın qəzetini ən azı 620 nəfər oxumalıydı. Bir sözlə KIVDF-nin maliyyəsinin 120000 manatı da YAP-a hədiyyə edilib.

Jurnalistlərin tanımadığı qəzetlər

Bəzən elə təəssürat yaranır ki, KIVDF qəzetləri yox, qəzetə oxşamaq istəyən qurumları maliyyələşdirməklə məşğuldur. Çünki, siyahıda elə adlar var ki, uzun illər jurnalist təcrübəsi olanlar da bu qəzetlərin varlığından xəbərsizdilər. Məsələn, “Olimpiya Dünyası”, “Hərbi and”, “Təhsil problemləri”, “The Business Times” kimi qəzetlər ümumilikdə 47000 manat maliyyə yardımı alıb və bu qəzetlərin nə yazdığı, necə yazdığı haqda böyük auditoriya xəbərsizdi. Demək olar ki, bu qəzetlərin varlığını bizə KIVDF xatırladır. Ümumiyyətlə, KIVDF çox inadkar qurumdur. Heç kimin tanımadığı, oxumadığı qəzetləri maliyyələşdirməkdə israrlıdır və mətbuata yeni “nəfəs” verməyi qarşısına məqsəd qoyub.

Mətbuata əyləncəli dəstək

Bəzən KIVDF-nin maliyyələşdirdiyi qəzetlərə nəzər salanda, “Azadlıq”ın bu siyahıda olmaması adamı sevindirir. Təsəvvür edin ki, ölkə həqiqətlərindən yazan, dünyada baş verənləri analiz edən, insanların problemlərinə işıq salan “Azadlıq” qəzeti maliyyədən məhrum edilir, əvəzində isə “Oxu məni” qəzeti 20000 manat yardım alır. KIVDF o qədər ciddi qurumdur ki, əyləncəli qəzetlər yardım ayırmağı da unutmur. Görəsən, “Oxu məni” qəzeti qəzetçiliyə hansı töhfələri verib? Bəlkə, müğənninin ərə getməsi, çılpaq gəzməsi, uydurulmuş sevgi hekayələri mətbuat üçün çox önəmlidir?

Başqa vaxt hökumətin başında oturanlar televiziyalardakı şou verilişlərini tənqid edirlər, bayağılığa qarşı olduqlarını bildirirlər. Mətbuata yardıma gələndə isə, bu tipli qəzetlər önə çəkilir.

KIVDF - Hakimiyyətə xidmət edən fond

Real mənzərə onu göstərir ki, “Azərbaycan analoqsuz inkişaf edir”, “Yoxsulluğun kökü kəsilib”, “Ölkədə işsizlik problemi həll olunub”, “Təhsilimiz və səhiyyəmiz dünya standartlarına cavab verir” tipli məlumatlarla zəngin olan qəzetlərin KIVDF-dən maliyyələşmə ehtimalı böyükdür. Hətta, “Filan müğənni ikinci dəfə ərə getdi”, “Filan aktyor təzə avtomobil aldı” kimi məlumatlar yayan qəzetlər də, KIVDF-nin saqqızını oğurlaya bilər.

Bir sözlə hakimiyyəti tərifləməlisən, yaltaqlığı təbliğ etməlisən, korrupsiya ilə mübarizənin uğurlarından, prezidentimizin qətiyyətindən danışmalısan. Əks halda “Azadlıq” qəzeti kimi manata möhtac qalacaqsan.

Çünki, KIVDF abreviaturası- Kütləvi Informasiya Vasitələrinə Dəstək Fondu mənasını versə də, həqiqətdə Kütləvi Şəkildə Hakimiyyəti Tərifləyənlərə Dəstək Fondudur.

Əslində, hakimiyyət bir daha etiraf etdi ki, bu ölkədə azad sözün yeganə qalası “Azadlıq” qəzetidir və hakimiyyət azad mətbuatın düşmənidir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar