Artyom Filippov
vzqlyad.ru, 29.07.2019
Sosioloqlar və siyasi analitiklər ABŞ-ın gələcəyi ilə bağlı həyəcanlı tendensiyaları getdikcə daha çox qeydə alırlar. Həm Amerika cəmiyyətinin içində, həm də Vaşinqtonun xarici siyasətindəki əlamətlərin tam bir düzümü Yer kürəsindəki ən qüdrətli imperiyanın qürubunun başlanğıcından soraq verir. Bəzi proseslər birbaşa SSRİ-nin dağılma səbəblərini yada salır.
Amerikanın aparıcı dərgilərindən biri “Foreign Policy” “Amerikanın nüfuz çöküşünə yol” adlı məqalə dərc edib. Mətndə nəticə çıxarılır ki, ABŞ-ın keçmiş “yumşaq güc”ünün sonu prezident Trampdan başlanmayıb, amma o özünün siyasi nəzakətsizliyi və hövsələsizliyi ilə bu prosesə hər cür şərait yaradır.
Səbəb Amerika prezidentinin törətdiyi növbəti qalmaqaldır. Yada salaq ki, Donald Tramp özünün Twitter-аkkauntunda dörd konqresvumeni əlütsü təhqir etməyin yolunu taparaq qeyd edib ki, onların hamısı “hökumətləri tam və total fəlakət olan ölkələrdən çıxanlardır”, habelə onlara vətənə dönməyi və öz dövlətlərinə yardım göstərməyi təklif edib. Məqalə müəllifi bu nəticəyə gəlir ki, Tramp 2020-ci ildə bir də seçiləcəyi halda Amerikanın nəfəsini qısaraq ona baxmağa alışmış bir çox müttəfiqləri daha bunu etməyəcəklər. Bəli, “Pew Research Center”in keçirdiyi may sorğusuna görə, ABŞ-ın 10 mindən çox sakininin 55%-i hesab edir ki, Tramp ölkədə siyasi debatların xarakter və ahəngini daha pis yönə dəyişib, Trampın şərhləri sorğulananların 76%-də isə narahatlıq doğurur.
Bununla belə, məsələ təkcə bir-iki tvitlə Konqresdə amansız debatlara səbəb olmağı bacaran prezidentdə deyil, ABŞ-da qarşılıqlı qınaq və inamsızlıq indiki bütün siyasi durumun hərfi mənada canına işləyib. Həmin sorğuda amerikalıların 85%-i hesab edir ki, ölkədə siyasi debatlar getdikcə daha neqativ və özgəsinin baxış nöqtəsinə sayğısız olur. Ölkədə ictimai rəy kəskin qütbləşir.
Xarici siyasət daxili siyasətdən törəmədir. Amerika özünün “yumşaq güc”ünü, bunun ardınca isə təkcə Rusiya və Çinin onun qüdrətinə meydan oxumağından deyil, həm də daxili problemlər üzündən əvvəlki geopolitik mövqelərinin bir qismini itirir. Amerika imperiyası özünün təməl dəyərlərindən (ailə, din) imtina edir, ənənəvi institutlar (ordu) isə burulğanlıq zolağına girir.
Amerika silahlı gücləri (polis və yanğınsöndürənlər kimi) cəmiyyətdə böyük nüfuza malikdir, praktik olaraq hər bir siyasətçi onları “dünyada ən böyük” adlandırmağı özünə borc bilir, amma problem bundadır ki, deyəsən, Amerikia ordusu anlamağı tərgidir ki, bütün dünya üzrə onlarla münaqişədə nəyin uğrunda vuruşur.
Vaşinqtondakı ikipartiyalı militarizm və bu gün ölkənin son savaşlarını “boş yerə vaxt itirmək” sayan Amerika hərb veteranlarının çoxundakı şübhəçilik arasında aşkar fərq var. 2001-ci il sentyabrın 11-dən başlanan “uzun” deyilən savaş buna gətirib ki, veteranlaırn 64%-i (yenə də həmin “Pew Research Center”in sosioloji sorğusuna görə) İraq savaşını ABŞ-ın xərcini çıxartmayan məsrəf adlandırırlar, keçmiş hərbçilərin 58%-i Əfqanıstan kampaniyasını da belə dəyərləndirirlər.
Amerikanın məşhur paleomühafizəkarı Patrik Byukenen özünün “Qərbin ölümü” kitabında qeyd edir: “Və qurucu ataların bizə vəsiyyət etdikləri xarici siyasətə – başqa ölkələrin çəkişmələrinə qatılmaqdan çəkinmək – qayıtmayınca hətta öz evimizdə də özümüzü güvənlikdə hiss etmək bizə nəsib olmayacaq”.
Sonsuz savaşların və Vaşinqtonun humanitar müdaxilələrinin fəlakətini Amerikanın üç prezidentinin (Nikson, Ford və Reyqanın) yanında baş müşavir olmuş və ABŞ-ın bir sıra xarici siyasət uğurlarında əli olmuş adam da anlamasa, kim anlayacaq?
Daimi hərbi əməliyyatlara baxmayaraq, ABŞ-ın başqalarını yönəltmək bacarığı açıqca zəifləyib. Sadəcə Şərqi Asiyaya, Yaxın Şərqə diqqət yetirmək yetər – Amerika daha qabaqkı kimi öz iradəsini başaqlarına yeridə bilmir, amma iqtisadi və hərbi planda əvvəlkitək ağlasığmazcasına güclüdür. NATO-nun ən önəmli ölkələrindən biri, Rusiyanın S-400 kompleksini almaq xüsusunda Vaşinqtonun bütün hədələrinə, sadəcə, məhəl qoymayan Türkiyənin örnəyi son dərəcə tipikdir.
Amerika xristianlığın Avropada təqib olunan bir çox təriqətləri üçün sığınacaq olmaqla həmişə ifrat mömin ölkə sayılıb. Amma bu gün durum dəyişilir: Amerikanın bütün istiqamətlərdə kilsələri son 20 ildə ziyarətçilərin 20%-i itirib, “New York Times”-ın dəyərləndirdiyinə görə, dini fəaliyyətə ianələrin miqdarı da 50% azalıb. Ziyarətçilərin sayının azalması Amerika cəmiyyətində sosial birliyin zəiflədiyindən danışır. ABŞ-da bu problemə görə çoxdan narahatdırlar və bəzən məsələyə gözlənilməz tərəfdən yanaşılmaqla bütöv kitablar yazılır. Məsələn, məşhur politoloq Robert Patnem “Boulinq: Amerika cəmiyyətinin iflası və dirçəlişi” əsərində sıravi amerikalıların ictimai həyata marağının azaldığını göstərmək məqsədilə boulinq üçün həvəskar liqaların azalma statistikasından istifadə edib. Patnem yazır ki, boulinqin özündə sehrli heç nə yoxdur, amma bir neçə onilliklər qabaq liqa və komandaların böyük sayı canlı və sağlam cəmiyyətin simptomu idi: adamlar evdən qıraqda və işə təmasa üstünlük verirdilər. Çətin ki, amerikalılar bu gün boulinqi əvvəlkindən daha az oynasınlar, amma müəllif etiraf edir ki, getdikcə bunu daha çox təklikdə etməyə üstünlük verirlər.
Bir çox başqa vətəndaş təşkilatlarının da sayı azalır: “Kolumbun cəngavərləri”, Qırmızı Xaç, həmkarlar, “Seçici qadınlar liqası” və s. Bu bildirir ki, bu gün ameriaklılar arasında əlaqələr və vətəndaş müzakirələri əvvəlkindən xeyli azdır, onlar ünsiyyəti deyil, işi və istehlakı seçirlər.
Vətəndaş cəmiyyətinin dirəklərindən biri nüvə ailədir. Birləşmiş Ştatlarda vətəndaş cəmiyyətinin tənəzzülünün istənilən müzakirəsi ailə həyatı müzakirə olunmasa, natamam olar. Ailə institutunun son 2010-cu il ümummilli siyahıyaalınmasından sonra hansısa dirçəliş yaşadığını güman etməyə heç bir əsas yoxdur. Hər halda, daha çox əksinə. Heç vaxt evli olmamış amerikalıların sayı 2012-ci ildə rekord yüksək səviyyəyə çatıb – bütün yaşlıların 25% -i. Özü də heç vaxt ailə qurmamış 25 yaşdan yuxarı qaraların sayı 36%-ə bərabərdir. Bu gün ikivalideynli standart ailədə yaşayan Amerika uşaqlarınnı sayı 46% təşkil edir, bu, 1980-ci ildə 61%, 1960-cı ildə 73% idi. 1965-ci ildə bütün qara uşaqların 25%-i ailədən qıraqda doğulub. Bu göstərici 2016-cı ildə 70%-ədək artıb və hətta bəzi şəhər rayonlarında 80%-i aşıb. Bu rəqəm 1940-cı illərdə 5%-ə bərabər idi ki, bu da ağ uşaqların göstəriciləri ilə tutuşdurula biləndir. 2016-cı ildə Amerikada nigahsız doğuşun orta əmsalı 52%, ağlar üçün isə 30% olub.
Birvalideynli ev təsərrüfatının uşağın gələcəyinə təsiri düşünüldüyündən xeyli ciddidir: Amerika tədqiqatçıları müəyyən ediblər ki, birvalideynli ev təsərrüfatındakı uşaqlar psixi pozğunluq və aslılıqdan iki dəfə çox əziyyət çəkirlər. Gənclərin arasında intiharın 63%-i atasız evlərdə baş verir, evsiz bütün gənclərin və qaçaqların 90%-i atasız evlərdən çıxır ki, bu da ölkə üzrə orta göstəricidən 32 dəfə çoxdur. Davranışı problemli bütün uşaqların 85%-i atasız evlərdən çıxır ki, bu da ölkə üzrə orta göstəricini 20 dəfə üstələyir. Məktəbi atan bütün şagirdlərin 71%-i atasız evlərdən çıxır, bu da orta göstəricini doqquz dəfə keçir. Həbsxanadakı bütün həddi-buluğa çatmayanların 85%-i birvalideynli evlərdən çıxıb, bu isə orta göstəricini 20 dəfə üstələyir və s. İnsanlıq tarixindəki ən güclü imperiyalardan biri Sovet İttifaqı təkcə neft qiymətləri endiyinə, ABŞ və Çin yaxınlaşdığına, Əfqanıstan savaşına və sovet respublikalarında artan millətçiliyə görə deyil, hər şeydən qabaq sovet quruluşunun təbliğ etdiyi ideyalar nüfuzdan düşdüyündən yıxılıb. Sovet quruluşu cansıxıcı ideoloji iclaslarda darıxan komsomolçulara, sexçilərə, Xarici Ticarət Nazirliyinin artıq mahiyyətcə Qərb həyat tərzi yaşayan işçilərinə – bütün bunlara və milyonlarla başqa sovet vətəndaşlarına artıq gərək deyildi: nəhəng bir imperiya bir neçə il ərzində varlığına son qoydu. Öz dəyərlərindən imtina edən Amerika sivilizasiyasını da tezliklə olmasa da, eynilə belə bir nüfuz çöküşü təhdid edir.
Əlbəttə, Amerikanın “yumşaq güc”ü əvvəlkitək göz qabağındadır, ABŞ sivil qüdrətin zirvəsindədir, amma duyum adamı tərk etmir ki, bu, qürubun başlanğıcıdır. Qellap İnstitutu Amerikanın əsas milli bayramlarından biri – Müstəqillik Günü (4 iyul) ərəfəsində müəyyən edib ki, son 19 ildə ABŞ-da yaşlıların yarıdan azı ikinci dəfə “çox fəxr edir” ki, amerikalıdır.
“Foreign Policy” Amerika nüfuzunun düşdüyündən yazarkən haqlıdır: 2018-ci ildə dünyada sorğulananların ancaq 30%-i Trampın başçılıq etdiyi Amerikaya müsbət münasibət bildirib, bu rəqəm hələ bir neçə il əvvəl 50%-ə bərabər idi. Amerikalıların özləri onlara uğur gətirmiş dəyərlərdən əl çəkirlər və güman etmirəm ki, Amerika nüfuzunun dünyada durmadan düşməsi hətta siyasətçi demokratın gəlişi ilə də geri dönər.
Tərcümə Strateq.az-ındır.