Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qəzaya uğraması bu qırıcını yenidən gündəmə gətirib.Axar.az MiQ-29 təyyarəsi ilə bağlı məlumatları təqdim edir:
MiQ-29 Sovet İttifaqında dizayn olunmuş iki mühərrikli, çoxməqsədli, dördüncü nəsil döyüş təyyarəsidir. 1970-ci illərdə konstruksiya olunmuş bu qırıcı ABŞ istehsalı F-15 və F-16 tipli döyüş təyyarələri ilə rəqabət aparmaq məqsədilə hazırlanıb. Təyyarənin ilk uçuşu 1977-ci ildə həyata keçirilib. İlk dəfə 1982-ci ildə Sovet Hərbi Hava Qüvvələrində silahlanmaya daxil edilib.
Hazırda dünyanın 30-dan çox ölkəsi MiQ-29-dan istifadə edir. Bunların arasında Azərbaycan, Rusiya, Hindistan, Əlcəzair, İran, Hindistan, Yəmən, MDB ölkələri, Serbiya, Polşa, Peru, Malayziya və s. var.
MiQ-29-un silahlanmasına iç dayaqlarda daşına bilən, orta məsafəli hava tipli Vympel R-27, idarə edilməyən bomba və raketlər daxildir. Bundan əlavə, MiQ-29 yaxın məsafəli döyüşlər üçün effektiv atış uzaqlığı 1200–1800 metr olan, əksər Sovet hərbi təyyarə və helikopterlərində quraşdırılan QŞ-301 tipli aviatopla təchiz edilib.
Təyyarənin 1 ədədinin qiyməti 11 milyon dollardır.
2006-cı ildə Ukrayna ilə imzalanmış müqaviləyə əsasən Azərbaycan bu ölkədən 29 ədəd modernləşdirilmiş MiQ-29M döyüş təyyarəsi, həmçinin Mi-24 helikopterləri alıb. Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində Hərbi Hava Qüvvələrimizin MiQ-29 və Su-25 döyüş təyyarələri modernləşdirilib və Belarusun “Müdafiə Təşəbbüsləri” müəssisəsi tərəfindən hazırlanan “Talisman” Gövdə Müdafiə Kompleksi (GMK) ilə də təchiz edilib.
Dəqiq ümumi say açıqlanmasa da, Azərbaycanın Ukrayna və Belarusdan onlarla MiQ-29 qırıcısı aldığı bildirilir.
Bəzi ekspertlər MiQ-29-larda tez-tez problemlərin yaşandığını bildirirlər. Xatırladaq ki, 2008-ci il yanvarın 29-da da Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb. Qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot - Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub.
Təyyarənin ümumi parametrləri:Uzunluğu: 17,37 m
Qanad qolayı: 11,4 m
Hündürlük: 4,73 m
Qanadının sahəsi: 38 m2
Boş çəki: 11,000 kq
Yüklü çəki: 16,800 kq
Maksimal qalxma çəkisi: 21,000 kq
Uçuş keyfiyyətləri:Uçuş məsafəsi: 1,430 km (daxili yanacaq çənləri tam dolu olduqda)
Maksimal uçuş məsafəsi: 2,100 km
Uçuş hündürlüyü: 18,013 m
Yüksəkliyə qalxma sürəti: başlanğıc 330 m/s; orta 109 m/s 0–6000 m
Maksimal sürəti: Mach 2.25 (2400 km/s)
Alçaq uçuşlarda: Mach 1.25 (1500 km/h)
Qeyd edək ki, iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Hərbi təyyarə Xəzər dənizinə düşüb. Hazırda təyyarənin axtarışları davam etdirilir.