Türkiyədə 13 il işgəncə görən Aytac nələr danışdı?

31-07-2019, 16:42   

 


   
Türkiyədə yaşayan azərbaycanlı Aytac Aksoy (Abdullayeva) adlı qadın başına gələn bədbəxt hadisə ilə bağlı saytımıza müraciət ünvanlayıb.
A.Aksoy Axar.az-a bildirib ki, 12 yaşında təcavüzə məruz qalıb və bundan sonra bütün həyatı dəyişib.
“1992-ci il təvəllüdlüyəm. Anam ləzgi, atam isə rusdur. Atamı heç vaxt görməmişəm. 2005-ci ildə anam işləmək üçün bizi də götürüb, Türkiyəyə gəldi. Yaşım az idi. Anamın məni iş yerinə aparmasına icazə vermədilər. O da məni Həvva Tosun adlı türkiyəli qadının evində qoymağa məcbur oldu. Həm orda qalırdım, həm də işləyib cüzi məbləğdə pul qazanırdım. Anam tez-tez məni görməyə gəlirdi. Həvva Tosunun məndən 16 yaş böyük qardaşı oğlu Mustafa Aksoy 12 yaşım olanda təcavüz etdi. Məni hədələdi ki, anan deportasiya olunar, səni getməyə qoymarıq və s. Anam başıma gələnləri biləndə mən artıq hamilə idim. Anam məni Bakıya qaytara bilmədi. Çünki atam yox idi, tək idim. Qardaşımın başı bəlaya girməsin, övladlarından ayrılmasın deyə, anam məcbur qalıb o şəxslə evlənməyimi istədi. Uşağı abort etdirmək mənim həyatım üçün riskli idi. Oğlum yaş yarımlıq olanda anamın da təzyiqləri ilə həm dini, həm də dövlət nikahımız bağlandı”, - Aksoy bildirib.
Onun sözlərinə görə, uşaq istəməsə də, əri uşaq dünyaya gətirməyə onu məcbur edib:
“5 övladım var. Həyat yoldaşım evliliyimiz müddətində hər zaman mənə zülm edib, spirtli içki qəbul etdikdən sonra məni döyüb, təhqir edib. Onun məni döyməsi ilə bağlı əlimdə həkim kağızı da var.
Daim evə içib gəlirdi, işləmirdi. Anam işləyib bizə baxırdı. O öldükdən sonra mənə dedi ki, get işlə, mənə pul gətir. İşləyib pul gətirməsəm, uşaqlarımı mənə göstərmirdi. Namusumla çalışıb pul qazanırdım ki, övladlarımı görə bilim. 13 il boyu məni övladlarımla təhdid edərək yanında saxlayıb. Sonuncu dəfə mənə fahişəlik etməyi təklif edəndə dalaşdıq. Gedib polisə mürcaiət etdim, daha sonra isə qadın sığınacağında yaşadım. Sığınacaqda olduğum müddətdə qardaşım Aydın Cəlilovun həyat yoldaşı Arzu Məsimova ilə münasibətləri oldu. Rəsmi şəkildə evli olduğumuz halda imam nikahı bağladığı A.Məsimova ilə yaşamağa başladı. Bir il əvvəl məni küçəyə atdılar. İndi həmin qadın yoldaşımdan hamilədir, bəlkə də artıq övladları doğulub. Qardaşımı il yarımdır tapa bilmirəm. O qadın bizim evdə yaşamağa başlayandan qardaşım itkin düşüb. Burada pasportumun müddəti bitdiyi üçün məhkəməyə müraciət edə bilmirəm. Yaşayış icazəm yoxdur.
Bu dünyada mənim heç kimim yoxdur, çarəsizəm. Azərbaycan dövlətindən, mediadan problemimin həll edilməsi üçün yardım istəyirəm”.
Türkiyədə yaşayan sabiq deputat Aqil Səmədbəyli isə Aytac Aksoyu himayəsinə götürdüyünü, problemlərinin həlli üçün artıq hüququ prosedurları başlatdığını və sona qədər yardımlarını əsirgəməyəcəyini bildirib.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən saytımıza bildirildi ki, məsələ hazırda araşdırılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar