Cəmi bir həftə öncə Rusiya və Ukrayna arasında “nəqliyyat müharibəsi”-nin dərinləşəcəyi ilə bağlı yayılan məlumatlardan sonra Kremldən fərqli bəyanat səslənib.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Aleksandr Neradko təyyarə uçuşlarının bərpasının mümkünlüyündən danışıb: “Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Ukrayna ilə təyyarə uçuşlarını bərpa etmək üçün bu ölkənin hava nəqliyyatı qurumları ilə əhatəli danışıqlara hazırdır”.
Xatırladaq ki, Ukrayna və Rusiya 2015-ci ilin oktyabr ayının sonunda rəsmi olaraq hava nəqliyyatı əlaqələrini kəsiblər. Ukrayna məhdudiyyətlərin aradan qaldırılmasının şərti kimi Rusiya aviaşirkətlərinin Krıma uçuşlarının dayandırılmasını tələb edib. Rusiya isə cavab olaraq Ukrayna təyyarələrinə özünün hava məkanından istifadəni qadağan edib.
Tətbiq olunan məhdudiyyət münaqişə şəraitində olmasına baxmayaraq, əhalinin sıx gediş-gəlişi olan hər iki dövlətin vətəndaşlarına, xüsusilə isə ukraynalılara ciddi problem yaradıb, eləcə də aviaşirkətlərə zərər vurub. Hava yolu ilə Ukraynadan Rusiyaya və əksinə səyahət edən sərnişinlər yalnız digər ölkələrdən tranzit kimi istifadə edərək, gedib gələ bilirlər.
Ölkələr arasında dəmiryol və avtobus nəqliyyatı isə fəaliyyətini davam etdirir. Amma təqribən bir həftə əvvəl Ukrayna mətbuatında bu iki vasitənin də qadağan ediləcəyi barədə məlumatlar dolaşırdı. Eləcə də bildirilirdi ki, Rusiya sərhəd xidmətinin Ukrayna limanlarına gedən gəmiləri fəal şəkildə saxlamağa başlaması ölkə limanlarını zərərlə üzləşdirib.
Bu cür vəziyyətdə Rusiya tərəfinin təyyarə uçuşlarının bərpasına yönəlik bəyanatı nəyə hesablanıb? Ərazi münaqişəsinin həll olunmadığı təqdirdə hava nəqliyyatının bərpası olunacağı realdırmı?
Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Ukraynanın yeni Prezidenti Vladimir Zelenski sabiq prezident Petro Poroşenkodan fərqli olaraq Rusiya kimi böyük bir dövlətlə yeni münasibətlər sistemi qurmaqda maraqlı olduğunu bəyan edib:
“Rusiya hakimiyyəti də anlayır ki, qonşuluqda olan bu slavyan dövləti ilə müharibə etməklə Ukrayna dövlətini və xalqını özündən uzaqlaşdıra bilər. Bu baxımdan hakimiyyət dəyişikliyini dəyərləndirmək və Rusiya-Ukrayna arasında yeni münasibətlər sistemi qurmaq istəyirlər. Hava yollarının bərpası ilə bağlı Ukrayna şirkətləri ilə danışıqların aparılmasını bu yöndə dəyərləndirmək lazımdır. Məlumdur ki, Zelenski Ukraynanın işğal olunmuş əraziləri Krım, Sevastopol, Donbas əyaləti ilə bağlı Rusiya Prezidentini dialoqa çağırıb. Ukrayna tərəfindən də münasibətlərə yeni baxış sisteminin gətirilməsi ortadadır”.
Politoloqun sözlərinə görə, Ukraynanın Rusiyadan uzaqlaşması onun Qərbə və NATO-ya yaxınlaşmasıdır və bu da Moskvanı narahat edən məqamdır:
“Bu Rusiyaya təhlükəsizlik baxımından da təhdidlər yaradır. Rusiya rəsmilərinin açıqlamalarını da bu baxımdan qiymətləndirmək lazımdır. Hesab edirəm ki, məsələlər bu konteksdə də davam edəcək”.
Bəs, təyyarə uçuşları bərpa olunarsa, təhlükəsizlik baxımından bunun reallaşması mümkündürmü?
Natiq Miri bunu real hesab edir:
“Bu iki dövlət nədənsə başlamalıdır. İqtisadiyyat, siyasət, mədəniyyət sahələrində əməkdaşlıq etməklə yeni münasibətlər sisteminin qurulması ilə qarşılıqlı etimad mühitinin yaradılmasına ehtiyac var. Hesab edirəm ki, hazırda Rusiya və Ukraynanın da istəyi budur. Ukraynada bilirlər ki, işğal olunmuş torpaqlar qaytarılan deyil, ona görə də ən azı Rusiya ilə müəyyən münasibətlər qurmaqla işğal olunan torpaqlarla bağlı ciddi müzakirələr aparıla və hətta qarşılıqlı güzəştlərə gedilə bilər. Ona görə də müxtəlif mövzular üzrə danışıqların aparılması mümkündür. Görünür, bu cür danışıqlar artıq başlanacaq”.
Xatirə Nəsirova
Cebhe.info