İntihar edənlərin “sevimli” ayı başladı – Kimi sevgilisi, kimi də müdirinə görə…

1-08-2019, 14:05   

Ötən sutkalar ərzində Bakıda beş intihara cəhd faktı qeydə alınıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat veriblər.

Belə ki, iyulun 30-da Binəqədi rayonunda 1982-ci il təvəllüdlü Biləcəri qəsəbə sakini Q.S. 10 ədəd ketotifen həbi udaraq ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə çatdırılıb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, qız tanışı Əli adlı şəxsin hərəkətlərinə görə depressiyaya düşüb. Əli “Instagram” sosial şəbəkəsində qızın yarıçılpaq vəziyyətdə şəkillərini paylaşıb. Q.S onunla “Instagram”da tanış olub.

Faktla bağlı araşdırma aparılır.

15 yaşlı qız da Nərimanov rayonunda intihar məqsədilə həblər udub. İyulun 30-da gecə saat 02:00-da Akademik Həsən Əliyev küçəsindəki evlərdən birində yaşayan 2004-cü il təvəllüdlü A.O. dərman preparatından zəhərləndiyinə görə Klinik Tibbi Mərkəzə çatdırılıb. Hazırda onun vəziyyəti orta ağırdır.

Onu bu addımı atmağa sövq edən səbəb hələ məlum deyil.

Çərşənbə axşamı 1985-ci il təvəllüdlü Hüseyn Nuriyev də intihara cəhd edib. O, Vaqif prospektindəki körpüyə (Nərimanov rayon ərazisi) çıxıb və oradan özünü atmağa çalışıb. Lakin polis əməkdaşları onunla profilaktik söhbət apardıqdan sonra H.Nuriyev fikrini dəyişib. O bildirib ki, atası ilə münaqişə etdiyinə görə intihar etmək istəyib.

Bundan başqa, iyulun 30-da 1985-ci il təvəllüdlü Ağstafa sakini Nemət Əliyev Nizami rayonunda venasını kəssə də, xoşbəxtlikdən sağ qalıb. Buna qədər kişinin qadınla münaqişəsi olub.

Həmçinin iki fəhlə – Həmid İsgəndərov və Razi Musayev saat 11:40-da Nizami rayonunda M.Əliyev küçəsindəki reklam lövhəsinə çıxıblar. Onlar “Yapı Taahhüt ve Ticaret Anonim Şirkəti”nin işçiləri olublar. Fəhlələr tikinti şirkətinin rəhbərinin addımlarına qarşı etiraz əlaməti olaraq intihar yolunu seçiblər. Lakin hüquq-mühafizə əməkdaşlarının işə qarışmasından sonra işçilərə olan borc ödənilib.

Səbail rayonunda da intihar faktı qeydə alınıb. 1957-ci il təvəllüdlü Aslanov Ramiz Yusif oğlu evində özünü asıb. İntiharın səbəbi məlum deyil.

Faktla bağlı təhqiqat aparılır.

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru, professor Fuad İsmayılov Oxu.Az-a deyib ki, intihar risklərinin artması baxımından avqust təhlükəli ay hesab edilir.

“Niyə məhz avqustun olduğunu demək çətindir – bu, mütəxəssislərin müşahidələrinin nəticələridir. İntiharlar üçün ən təhlükəli vaxt səhər saatlarıdır, ən təhlükəli gün isə cümədir”, – psixiatr bildirib.

Onun sözlərinə görə, Azərbaycan intiharların sayına görə digər ölkələrdən geri qalır. 2015-2016-cı illərdə son iki illə müqayisədə daha çox intihar törədilib:

“Həmin vaxt maliyyə böhranı, banka olan borclar və totalizatorlar (idman mərc oyunları) intiharların artmasına güclü təsir göstərib”.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Azərbaycanda hər 100 min nəfərə 4,3 intihar düşür.

Müqayisə üçün bildirək ki, bu göstərici Kanadada 15,1, ABŞ-da 21,1, Rusiyada 48,3, Türkiyədə 11,3, Fransada 17,9, İsveçdə isə 15,8-dir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar