III Xaç Yürüşü: XRİSTİANLARIN HEYRAN OLDUQLARI SULTAN SƏLAHƏDDİN AVROPANIN ÜÇ KRALINI MƏĞLUB EDİB – Araşdırma

3-08-2019, 14:40   

İrene Mira

ABC (İspaniya), 24.07.2019

 

Səlahəddin (mətndə: Saladin-tərc.) orta əsrlərdə təkcə tərəfdaşlarının deyil, həm də düşmən xristianların sayğı göstərdiyi yeganə müsəlman lider idi. Bəzən təqdim olunduğu kimi, qəddar, rəhmsiz və fanatik adamın obrazı həmin illərin tarixçilərinin buraxdıqları təsvirlərə heç cür uyğun gəlmir.

Bu hökmdar özünün siyasi qərarlarında ehtiyatlılıq, müdriklik və alicənablıq göstərib və ola bilsin, onun başlıca silahı da bu keyfiyyətlər  idi. Tarixçilərin çoxu buna görə də ona orta əsrlərin qəhrəmanı deyirlər. Daha çox Salədin kimi tanınmış – “dinin mömini” deməkdir –  ən-Nəsir Səlahəddin Yusif ibn-Əyyub, təxminən, 1138-ci ildə Tikritdə (indiki İraqda) doğulub və Şimali Suriyanın türk qubernatorunun sarayında böyüyüb. O, Əyyubilər sülaləsinin Misir və Suriyanı idarə edən, islamın böyük müdafiəçisi kimi xaçlılarla vuruşaraq Qüdsü fəth edən və Yaxın Şərqi siyasi və dini baxımdan birləşdirməyi bacaran ilk sultanı olub. O, hər şeydən qabaq, Hattin yaxınlığındakı döyüşdə və Şirürəkli Riçardın başçılıq etdiyi Üçüncü Xaç Yürüşü zamanı xaçlılarla döyüşlərdə qələbə ilə məşhurdur.

 

Şərq lideri

 

Səlahəddin müsəlmanlar üçün islam dünyasını birləşdirməyə nail olmuş böyük hökmdar idi – o zaman elə görünürdü ki, bu, praktik olaraq mümkün deyil. O, müsəlman ənənələrinin qorunması uğrunda çıxış edərək xristian işğalçılarla vuruşub.

Hərbi karyera və ailənin dəstəyi ona hakimiyyətin ən yüksək pillələrinə çox sürətlə yüksəlmək və 1169-cu ildə Misirin vəziri olmaq imkanı verib. O, vur-tut, 31 yaşı olarkən o zaman parça-parça və xaçlıların əsarətində olan Suriya və Misiri birləşdirməyə başlayıb.

Robert Peyn “İslamın qılıncı” kitabında izah edir ki, Səlahəddinin əsas hədəfi “vədi ən ədəbsiz formada pozan və Müqəddəs Torpaqda iştirakları ona təhqirli görünən frankların axırına çıxmaq idi”. O bu qayda ilə öz cihadını (din uğrunda mübarizəni) davam etdirərək “bütün kilsələri məscidə çevirməyə can atıb”. Səlahəddin xristian işğalçılarla münaqişəyə yeni məna verib: bu, artıq sadəcə ərazi işğalı deyil, əsil dini savaş idi.

Sultan yalnız bu haqda düşünürdü ki, müsəlman dünyasını xristian işğalçılarından azad eləsin. Amma niyyətləri həyata keçirmək üçün onun xilafət torpaqları üzərindəki nəzarətini qəbul etməyən düşmənlərdən qurtulmaq gərək idi.

Səlahəddin xəlifənin xeyir-duasını alaraq yeni-yeni tərəfdarlar cəlb etməyə başladı və çoxminlik qoşun toplaya bildi. Hədəf xaçlıların ələ keçirdikləri Qüds şəhərini götürmək idi.

Səlahəddin 1187-ci ilin yazında böyük bir ordunun başında xristianların tutduqları torpaqlara müdaxiləyə başladı. Bu kampaniyanın ən görkəmli döyüşü Hattin yaxınlığında 1187-ci il iyulun 4-də baş vermiş döyüş idi.

O, burada Qüds kralı Gi de Luzinyanın (Guy de Lusignan) və Reno de Şatilyonun (Renaud de Châtillon) başçılıq etdikləri xaçlıların qoşunu üzərində qələbə çaldı. Bu, nəticədə Gi de Luzinyanın əsür düşdüyü, Reno de Şatilyonun edam edildiyi əsil qırğın idi. Peyn təsdiq edir ki, Səlahəddinin qələbəsi qeyd-şərtsiz idi: “Xaçlılar bu cür itkilərdən sonra tam özlərinə gəlməyi belə də bacarmadılar”. Qüdsün götürülməsi onda müsəlman dünyasının ehtiyac duyduğu lideri görənlərin haqlılığını göstərdi.

 

Qərb üçün əsil cəngavər

 

Səlahəddin müsəlman olduğuna baxmayaraq, xristianlar onun nəciblik və igidliyinə heyran olmuşdular. O, Qüdsə girərkən məğlub olmuş xristianlara söz verib ki, şəhəri sakitcə tərk edə bilərlər. Düşmənə münasibətdə olduqca mərdanə bir jestdir.

Amma savaşlar kəsilmədi. Franklar Suriya və Fələstində bir çox şəhər və qalanı itirdilər. Roma papası III Urban bundan elə sarsılmışdı ki, Müqəddəs Tabut məbədini qaytarmaq üçün yenidən yüzlərlə cəngavər toplamağı əmr etdi.

Hədəfi Müqəddəs Torpağı qaytarmaq olan Üçüncü Xaç yürüşü başlandı. Müqəddəs Roma imperiyasının imperatoru I Fridrix, Fransa kralı III Filipp və İngiltərə kralı I Riçard yürüşə qatılmışdılar. Onlar güclü qoşun yığdı və Akra şəhərinə çıxdılar. Şəhəri çevrəyə alarkən orada yaşayan üç min müsəlmanı edam etdilər. Bu, Qüdsü götürərkən sultanın xristian əsirlərə münasibətdə mərdlik jestinin tam tərsi idi.

Artıq qoca və zəif olan Səlahəddinin xoşbəxtliyindən xristianlar Qüdsə iyirmi kilometrdən artıq yaxınlaşmadılar. Nəticədə o, qələbə çaldı və ələ keçirilən torpaqların çox hissəsini, o cümlədən  Müqəddəs Torpağı saxladı.

Maraqlıdır  ki, Şirürəkli Riçard və Səlahəddin düşmən ola-ola bir-birinə dərin sayğı bəsləyirdilər. Budur, sultanın öz düşməninə münasibətdə dostluq və mərdliyini göstərən hadisə: Səlahəddin Dəməşqi çevrələyən dağlardan qızdırmadan əziyyət çəkən İngiltərə kralının çadırına qar gətirməyi əmr edib.

Peyn iddia edir ki, onunla tanış olan franklar onun “mərdlik və alicənablığını” qeyd ediblər; o özünü əsil imperator kimi aparıb, amma bu onun comərdlik və həssaslıq kimi keyfiyyətlərinə əsla təsir etməyib. Bu, mif idimi?

Səlahəddinin şəxsiyyəti tarixdə görkəmli iz qoyub. Onu həm Qərbdə, həm də Şərqdə Orta Əsrlərin ən önəmli xadimlərindən biri sayıblar. Bununla belə, Alfredo Krespo Boralya hesab edir ki, “islamın xilaskarı və ərəb topraqlarının fatehi” obrazı mifin bir hissəsidir.

Avropa mədəniyyətində onu hətta Böyük İskəndərlə tutuşdurublar. Orta Əsrlər çağında idddilarına görə Makedoniya hökmdarı ilə bir pilləyə qoymaq mümkün olan heç bir dövlət xadimi yox idi. Kresponun sözlərinə görə, “nəticədə bu keyfiyyətlərin hamısını birləşdirən adam meydana çıxdı. Amma o, Şərqdən çıxmışdı və bu, Səlahəddin idi”.

O biri yandan, əmirin xristianlara dözümlü münasibəti şübhə altına düşüb. Bəllidir ki, o, məsələn, I Riçard kimi qəddar başçı deyildi. Amma bəzi müəlliflər hesab edirlər ki, bu heç də belə deyil. Bu nəzəriyyənin tərəfdarı olan Peyn öz əsərində yazır: “Hamı unudur ki, o, ənənələri gözləmək səyləri üzündən, onun fikfincə, küfrdə günahkar olanların hamısını edam etməyi əmr edib”.

Reno de Şatilyon Hattin yaxınlığındakı döyüşdən sonra edam olunub və bu, Səlahəddinin mərdliyi haqda mübahisələrə gətirib. Onun həyatının tarixini nağıl edən ibn Şəddad bu hadisəni ayrıntılı qələmə alıb: “Renonu Səlahəddinin yanına gətirdilər (…) Ondan islamı qəbul etməyi tələb ediblər, amma o, imtina edib. Hökmdar bunu eşidib qılıncı götürdü və onun çiynindən qolunu vurub saldı”.

Reno de Şatilyon karvanlara hücumlar təşkil etmiş və çoxlu və zəvvar öldürmüşdü. Səlahəddin onu edam etdi, çünki ziyarəti müqəddəs mərasim sayırdı. İbn-Şəddad nağıl edir ki, sultan bunu edərək islamın müqəddəs qanunlarını pozan əsirə qulaqburması verdi.

Tərcümə Strateq.az-ındır.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar