Stanislav Tarasov
regnum.ru, 05.08.2019
Hazır olmaq gərəkdir ki, ABŞ “səhvlər üzərində iş” apara bilər və yeni Yaxın Şərq siyasəti yürütməyə, “praqmatika” əsasında və ən gözlənilməz ittifaq və alyanslara çıxmaqla Türkiyə və İranla münasibətləri dəyişməyə başlayar.
İki fakt. Birincisi. “Le Monde”nin xəbər verdiyi kimi, Paris və Berlin Vaşinqtonun Fars körfəzində “İran təcavüzü”nə qarşı koalisiya qurmaq təklifini dəstəkləməkdən imtina edib və öz gəmilərini ora göndərməyə hazırlaşmırlar. Hələlik ucadan olmasa da, Brüssel və Amsterdam da onları dəstəkləyib. Fransanın müdafiə naziri Florans Parli bildirib ki, “nüvə sazişinin taleyinin həll olunduğu bir vaxtda xarici qoşunların iştirakı İranla qarşılıqlı münasibətlərə çətinliklər gətirəcək”. Vaşinqton qəzəb içindədir. ABŞ-ın Almaniya səfiri Riçard Qrenell Berlini, az qala, satqınlıqda ittiham edərək yada salıb ki, “Amerika özünü qurban verib ki, Almaniyanın Qərbin bir hissəsi olmasına yardım etsin”, onun ərazisində “34 min Amerika əsgəri yerləşdirilib, Vaşinqton onları saxlamağa milyardlarla dollar itirir”.
İkincisi. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bildirib ki, Türkiyə ordusu Suriyada (Fəratdan şərqdə), habelə Mənbicdə Suriya kürdlərinin özünümüdafiə güclərinə qarşı əməliyyat keçirəcək. Özü də hətta ABŞ öz hərbi kontingentini oradan çıxartmasa da. Nəzəri olaraq güman etmək olar ki, Ankara amerikalılarla hərbi toqquşmaya girməyə hazırdır. ABŞ Dövlət Departamenti mətbuat xidmətinin başçısı Morqan Ortequs bununla bağlıı bildirib ki, “Amerika hərbçilərinin yaxında ola biləcəyi bir vaxtda, bizim və suriyalı tərəfdaşlarımızın İŞİD qalıqlarına qarşı əməliyyatları davam etdikcə Suriyanın şimalında belə birtərəfli hərbi əməliyyatlar ciddi narahatlıq doğurur”.
Bir durum bu iki faktı birləşdirir: ABŞ-ın NATO üzrə müttəfiqləri olan Fransa, Almaniya və Türkiyə müxtəlif səbəblərdən və müxtəlif hadisələrə münasibətdən Yaxın Şərqdə amerikalıların nüfuz dairəsində qalmaqdan imtina edir. Avropa İranı itirmək istəməyərək hesab edir ki, Tehranla nüvə sazişi “bölgəsəl təhlükəsizlik üçün çox önəmlidir”, haqlı olaraq sanır ki, bu bölgədə qarışıqlıq nəzarətolunmaz, heç olmasa, miqrasiya böhranı bölümündə mütləq ona da toxunası prosesləri işə sala bilər. Almaniya buna xüsusilə kəskin reaksiya verməyə başlayıb. Budur, Almaniyanın “Der Spiegel” dərgisi bununla bağlı yazır:
“Ölkədə Transatlantik ittifaqının ABŞ-ın başçılıq etdiyi hərbi əməliyyatlardan Almaniyanın yayınmayacağına əmin olan tərəfdarları kəskin azalıb. Amma indi durum dəyişilib: Berlin-Vaşinqton oxunun hətta ən qatı ardıcılları da Hörmüz boğazından keçən dəniz yollarını qorumaq üzrə ABŞ-ın hərbi missiyasına bundesverin qatılmasına qarşı çıxış edirlər”.
Ankaraya gəlincə, o ABŞ-ın bölgədəki Səudiyyə Ərəbistanı-İsrail-Türkiyə üçlüyündən çoxdan qopub, daha doğrusu, çıxarıblar. Bunun səbəbi az deyil, amma başlıcası budur ki, Vaşinqton və İsrail kürdlərə ciddi dəstək verir ki, Ankara bunu Türkiyənin ərazi bütövlüyünü saxlamağa təhdid kimi qavrayır. Amerikalılar bu mövqedən imtina etməsə, onların Ankara ilə yaxınlaşmaq şansı yoxdur, onların qurduğu bölgəsəl təhlükəsizlik arxitekturası isə geopolitik dayanıqlığını itirir. Çünki ABŞ, İsrail və Səudiyyə Ərəbistanı İranı yox etməyə itilənib. Nəticədə Amerika diplomatiyası öz manevrliliyini itirir və “qara işi” görməyi arzulayanların yoxluğu ucbatından bölgədə, demək olar, bütün yönlərdə uğursuzluğa düçar olur.
Amerikanın bəzi ekspertləri bununla bağlı iddia edirlər ki, məsələn, Amerika müaşvirləri və yerli şiə könüllülərinin İranyönlü birləşmələri arasında gizli taktiki qarşılıqlı fəaliyyətin olduğu İraqda, habelə ABŞ-ın qəliz vəziyyətdə qaldığı Əfqanıstanda Tehran Vaşinqtonu öz maraqları üçün istifadə edir.
İranlılar İraqda durumu qarışdırmır, onu enerji resursları ilə təchiz edir, Əfqanıstana bitişik ərazilərdə onları qane edən müəyyən tarazlığı təmin edirlər. Düzdür, belə bir siyasətin resursları məhduddur, çünki İran ABŞ-dakı Avropa yönündə effektli işləməyi tərgidən antiiran siyasi kursunun közərtisini zəiflətməyə hələlik nail ola bilmir. Bundan savayı, Rusiya-Türkiyə-İran alyansının bölgədə hadisələrin gedişinə xeyli təsiri var. İş hətta bu üç ölkə arasında ortamüddətli persperktivdə siyasi-hərbi tərəfdaşlığın sabit cizgilərinin meydana çlıxmasına gedir.
Amma buna hazır olmaq gərəkdir ki, ABŞ “səhvlər üzərində iş” apara bilər və yeni Yaxın Şərq siyasəti yürütməyə, “yeni praqmatika” əsasında və ən gözlənilməz ittifaq və alyanslara çıxmaqla xüsusən Türkiyə və perspektivdə İranla münasibətləri dəyişməyə başlayacaq. Amerikalılar sürətli dəyişikliklərə bu yaxınlara qədər hazır deyildilər. Amma onlar yeni gerçəkliyi başa düşməyə başlayırlar. Belə bir şey sabah baş verə bilər. Bu gün isə Vaşinqtonun qarşısında qəliz Avropa-Türkiyə geopolitik tapmacasını yozmaq durur. Hələlik bir şeyi proqnozlaşdırmaq olar: Yaxın Şərq dəyişməyi davam etdirir. Amma kim deyə bilər – hansı yönə?
Tərcümə Strateq.az-ındır.