“Mətanət Zahir qızı Həsənova bizi “Makstaff” şirkətinə işə götürəcəyi adı ilə aldadıb. Sonra da şirkətin adını dəyişib “Makmerri” elədi. Özü yazır, özü pozur.
Elə adam var ondan 300, eləsi var 50, bir çoxundan da 1000 manat pul alıb. Elə adamlar da var ki, onlardan 10 min manata qədər pul alıb ki, işə düzəldirəm. Hazırda ofisi Bakının Nizami rayonunda, Əlyar Əliyev 69 ünvanında, Keşlə bazarına yaxın “Fidan”gözəllik salonunun üstundə yerləşir” – Şirvan şəhər sakini Bəxtiyar Məmmədov müsavat.com-a müraciətində belə deyib.
Onun sözlərinı görə, hazırda Mətanət Həsənovanın onun kimi aldatdığı 500-ə yaxın vətəndaş var: “Bizi bugünkü gün aldadırlar. Bizi inandırmaq üçün Balaxanıdakı Maşınqayırma zavodunda 20-25 gün təlim keçiblər. 3-4 aydır ki, bizi aldadır. Hər ay deyir ki, gələn ay maaş olacaq. Məni elektrik işinə götürəcəkdi. Guya Mətanət Zahir qızı Həsənovanın “Makstaff” şirkəti məni Bakı Gəmiqayırma Zavoduna elektrik vəzifəsinə işə düzəldəcəkdi. Bizə e-gov saytından çıxarılmış, işçi olmağımız barəsində olan arayışlar da verib. Sonradan bilmişik ki, faktiki e-gov-da barəmizdə heç bir məlumat yoxdur. İndi də deyir ki, gedin kimə istəyirsiz deyin”.
Neftçilərin Hüquqlarını Müdafiəsi İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı “Yeni Müsavat”a deyib ki, Mətanət Həsənovanın, onun şirkətlərinin adı 3 il əvvəl də işdüzəltmə adı ilə dələduzluqda hallanıb. Hüquq müdafiəçisi məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət hazırlandığını da bildirib. M.Qəhrəmanlı özünün facebook divarında məsələ ilə bağlı belə bir şərh də yazıb: “Dedim axı sizə dələduzlara inanmayın. Mətanət Həsənovanın aldatdığı insanların sorağı Şirvandan, Salyandan gəlir. Bir qrup insan kömək istəyir. Bu arvada MakSTOP deyən bir qurum tapılacaq?”
Hüquq müdafiəçisi şirkətin aldatdığı şəxsin yaxınlarının ona müraciəti haqda da status yazıb: “Diqqət! Müvafiq dövlət qurumlarının nəzərinə! Daxil olan məlumatı olduğu kimi yazıram. Ad və soyadlar mənə məlumdur. Yazıb sizə məlumat vermək istəyirəm ki, bir neçə il öncə “Topstaf” şirkəti adı altında insanları aldadan şirkət yenidən fəaliyyətə başlayıb və yenidən adamları aldadaraq onları qaynaqçı, rəngsaz və sair kimi işə qəbul edərək onlardan əvvəlcədən pul alaraq guya SOCAR, Gəmiqayirma zavodu, BP və sair şirkətlərdə işlə təmin edəcəyik deyə treninqlərə göndərirlər. Bu kimi baş qatan manevrlər edərək aldadırlar. May ayında (ad məlumdur) adlı qohum qardaşım (ad məlumdur) əlaqə yaradaraq bizim şirkətdə menecer vəzifəsinə işçi axtarırlar deyib. Bundan sonra həmin şirkətə (ad məlumdur) öz CV-sin verib. Sən əsil bizə lazım adamsan deyib ondan 1600 manat pul istəyiblər ki, səni Baki Gəmiqayırma zavodunda menecer işi ilə təmin edəcəyik. Qardaşım pulu köçürəndə ondan 1600 əvəzinə 1500 qəbul ediblər. Bir müddət sonra şirkət rəhbərliyi “biz səni öz şirkətimizdə saxlamaq istəyirik və sənə 3 min manat maaş verərik, qal bizdə işlə, sənin kimi işçi bizə lazımdı” deyərək guya işə qəbul ediblər. İyun ayının 1-i və 2-si həftə sonu olduğundan iyun ayının 3-ü tarixindən qardaşım Makstaf şirkətində “işlə təmin olunub”.
Təxminən iyul ayının əvvəli qardaşım məndən pul istədi. Soruşdum ki, qardaş, bəs nə oldu, ay yarımdı sənə maaş verməyiblər ki sən məndən pul istəyirsən?”
Hüquq müdafiəçisi deyir ki, ona müraciət edən şəxs bundan sonra Mətanət Həsənova ilə bağlı araşdırmalara başlayıb:“Bizim təşkilata müraciət edən şəxs deyir ki, Mətanət Həsənovanın şirkəti araşdırmağa başlayıb. Qardaşından şirkətlə arasında olan kontraktı alıb. E-gov sistemindən çıxarılmış arayışı incələyib. E-gov sisteminə qardaşımla birlikdə daxil olduq və onun sistemdə olmadığını gördük. Şirkət rəhbəri Mətanət Zahir qızı Həsənova adını google.com saytında axtarıb. Həmin vaxt qarşısına 2016-cı ildə dərc olmuş məqalələr çıxıb. Bundan sonra qardaşının aldadıldığını öyrənib”.
Mirvari Qəhrəmanlı “Yeni Müsavat”ın 17.04.2016 tarixli sayında, “Bakıda vətəndaşları aldadan fırıldaqçı qadınların əməlləri: milyonlar necə ələ keçirildi?”sərlövhəli yazıda hazırda Nizami rayonunda peyda olan Mətanət Həsənovanın əməllərindən söhbət açıldığını qeyd edib.
Həmin yazıda Bakıda mindən çox vətəndaşı aldadan fırıldaqçı şəbəkənin rəhbəri olan qadın həbsindən və vətəndaşların aldadılması üçün qurulan oyunlar haqda müfəssəl məlumat verilir.
Həmin yazıdan sitat: “Vətəndaşları işə düzəltmək adı ilə aldadan, onlardan külli miqdarda pul alan şirkətin əməlləri üzə çıxıb. Söhbət “Topstaff LTD” şirkətindən gedir. Şirkətin rəhbəri olaraq bilinən Gürcüstan vətəndaşı Mətanət Zahir qızı Həsənova hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Aprelin 16-da onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Şəbəkənin digər üzvlərindən bəzilərinin də saxlanıldığı bildirilir. M.Həsənova və onun ətrafında olan şəxslərin vətəndaşları necə aldatmasının təfərrüatları məlum olub. Əvvəlcə “Topstaff LTD” şirkəti haqda. Bu şirkət 2008-ci ildə yaradılıb. Şirkətin yaradılması məqsədi neft-qaz, həmçinin tikinti şirkətlərini avadanlıqlarla təmin etmək olub. Lakin 2015-ci ildən şirkət fəaliyyət istiqamətini dəyişməyə başlayıb. Elə bu müddətdən sonra şirkətdən şikayətçi olanların sayı hər gün artmağa başlayıb. Hazırda şikayətçilərin sayının mindən çox olduğu bildirilir. 2015-ci ildən şirkətə cəlb olunan şəxslərə vəd edilib ki, treninqlər keçdikdən sonra onlar SOCAR, BP, “Bos Shelf”, “Pasha Construction”, “Tekfen”, “North-West”, “Lider-Monolit”, “Synergy group”a işə düzəldiləcəklər. Pul adlıqları şəxsləri bu şirkətlərə qaynaqçı, mexanik, elektrik, rəngsaz və s. kimi işlərə düzəldəcəklərini deyiblər. Lakin sonradan bu vədlərin heç birinə əməl olunmayıb. “Topstaff LTD”-nin Bakıda “Caspian plaza” və “ISR Plaza”da ofisləri olub. Bakı və Sumqayıt şəhərlərində, Qaradağ rayonunda treninq mərkəzləri açaraq gördükləri işlərin inandırıcı olduğunu göstərməyə çalışıblar. Vətəndaşları Bakıdakı neft şirkətlərinə işə düzəldəcəkləri adı ilə onlardan 10-15 min manata qədər pul alıblar. Əvvəlcə pul aldıqları şəxsləri treninqlərə göndərən fırıldaqçı şəbəkə daha sonra onları işlə təmin edəcəklərini deyiblər. Lakin treninq müddəti başa çatdıqdan sonra müxtəlif bəhanələrlə vətəndaşları get-gələ salmağa başlayıblar. Treninqlər başa çatdıqdan sonra vədlər verməyə başlayıblar ki, guya yeni layihələr həyata keçiriləcək və buna görə bir müddət gözləmək lazımdır. Bu müddət ərzində insanları razı salmaq üçün onlara aylıq 200-300 manat maaş da verilib. Lakin 2016-cı ilin əvvəlindən şikayətçilərin sayı artdıqdan sonra bu şəbəkəyə pul verənlər aldadıqlarını başa düşüblər. Qeyd edək ki, şirkətin vətəndaşlardan ən azı 3 milyon manata yaxın pul adlıqları məlum olub”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com