Rusiyada həbsdə olan azərbaycanlı, kriminal aləmin üzvü kimi tanınan "Bərdəli Ruslan"ın (Ruslan Nəzərli) həbs müddəti artırıla bilər. "Qafqazinfo"nun məlumatına görə, 2012-ci ildə bir neçə cinayət maddəsi ilə azadlıqdan məhrum edilən Ruslanın işinə yenidən baxılması və cəza müddətinin artırılması üçün kassasiya şikayəti verilib.
Belə ki, 2012-ci ildən Rusiya Daxili İşlər Nazirliyinin Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin rəisi polkovnik-leytenant Sergey Tarasov aralarında yaranan münaqişəyə görə Ruslan Nəzərli tərəfindən döyülüb. Bir müddət sonra isə o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Kaluqa şəhər məhkəməsinin hökmü ilə Ruslan Nəzərli dövlət məmuruna qarşı zorakılıq, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri yaratmaq, quldurluq maddəsinin bir neçə bəndi ilə təqsirli bilinərək 10 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Ötən ayın sonlarında isə Sergey Tarasov məhkəməyə müraciət edərək Birinci İnstansiya məhkəməsinin çıxardığı hökmdən narazı olduğunu bildirib. O, işə yenidən baxılması, Ruslan Nəzərlinin verilən cəza müddətinin artırılması üçün kassasiya şikayəti verib.
Qeyd edək ki, Ruslanın digər kriminal avtoritet qardaşı olan Dadaş Nəzərli də Rusiyada həbsdədir.