Azərbaycan turistləri itirir: Ərəbləri qaçıran 3 SƏBƏB

9-08-2019, 16:31   


Azərbaycan turistləri itirir: Ərəbləri qaçıran 3 SƏBƏB 

Cari ilin yanvar-iyul aylarında Azərbaycana Yaxın Şərqdən gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6% azalaraq 205 min olub.

Bu, Dövlət Turizm Agentliyinin aylıq hesabatında göstərilib. 2019-cu ilin iyul ayında 2018-ci ilin iyul ayı ilə müqayisədə Yaxın Şərq ölkələrindən gələnlərin sayı 7 min(10 % ) azalaraq 60 minə düşüb. İraq, BƏƏ, Oman və Küveyt kimi Yaxın Şərqin digər ölkələrində azalma müşahidə olunub. İrandan gələnlərin sayı 23% azalaraq 127 min təşkil edib. 

Maraqlıdır, ərəb turistlərin sayının azalmasına səbəb nədir? 

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən turizm eksperti Çingiz İsmayılov bildirib ki, sayın azalması hava ilə əlaqəli deyil. Turist sayının azalmasındakı əsas faktor onların artıq Azərbaycanın təbiətinə, mədəniyyətinə, turizm zonalarına bələd olmasıdır. Bununla yanaşı baha baha qiymət və keyfiyyətsiz xidmət də turistlərin sayının azalmasının əsas səbəblərindəndir:“Bunu daha dəqiq bilmək üçün onlar arasında sosioloji sorğu keçirmək lazımdır. Ancaq hazırda  təsir edən əsas amilləri demək mümkündür. Düşünmürəm ki, iyul ayındakı azalmanın hava şəraiti ilə əlaqəsi olsun. Çünki hava 3-5 gündür ki, soyuq keçir. Bu azalma isə 5 günün nəticəsi deyil, uzunmüddətli prosesdir. 3 əsas amil var ki, turist azalmasına səbəb ola bilər. Birincisi, ərəblər və digərləri üçün Azərbaycan ilk başda yeni ölkə idi, onlar tanış olmaq istəyirdilər. Gəldilər, artıq kifayət qədər tanıyırlar, yeni yerlər görmək istəyə bilərlər.

İkinci amil təbii ki, qiymətlərdir. Qiymətlər daha münasib olsa, azalma nisbətən az ola bilər. Lakin hazırda bölgələrimizdə qiymətlər olduqca bahadır. Həmin qiymətə xidmət keyfiyyəti yüksək olan yerləri gəzmək mümkündür. Üçüncü amil isə servisdir, xidmət keyfiyyəti aşağı olduqda turist bir yerə ikinci dəfə getmək istəmir. Turist azalmasını müşahidə etməmək üçün bunlara diqqət yetirmək lazımdır. Çünki bölgələrimizi gəzmək üçün xərclənən pula başqa ölkədə daha uzunmüddətli istirahət etmək mümkündür. Ona görə də həm qiymətdə, həm xidmətdə dəyişikliklər vacibdir, əks təqdirdə azalma halları daha çox olacaq”.
Səyad Həsənli
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar