«The Financial Times» Türkiyənin baş nazirini Putinə bənzətdi
İngiltərənin “The Financial Times”ÿqəzeti “Ərdoğanın ambisiyası və Türkiyənin gələcəyi” başlıqlı məqalədə hazırkı baş nazir Rəcəb Tayyib Ərdoğanı Türkiyə üçün təhlükə kimi qiymətləndirib. “Azadlıq” radiosunun məlumatına görə, məqalədə bildirilir ki, baş nazirin hər şeyi nəzarətə almaq istəyi Türkiyənin rifahına təhlükə yaradır.
Müəllif xatırladır ki, 2002-ci ildə islamçı Ədalət və Inkişaf Partiyası (AKP) hakimiyyətə gələndən sonra Türkiyənin qeyri-sabit hökumət koalisiyaları dövrünə son qoyuldu, o vaxtdan Türkiyə iqtisadiyyatı dollar hesabı ilə 3 dəfə artıb: “Indi Ərdoğan prezident olmaq istəyir. Ancaq vəziyyət dəyişib: Türkiyə iqtisadiyyatı zəifləyir, Türkiyənin beynəlxlq aləmdəki nüfuzu azalır.
Son iki ildə Ərdoğanın Fətullah Gülənlə davası hökumətin korrupsiya qalmaqallarına gətirib çıxardı. Gülən tərəfdarlarının ölkənin bürokratik sistemində güclü dayaqları var.
Korrupsiya qalmaqallarına Ərdoğan istintaqlarla cavab verdi, onun öz sərt idarəçiliyini yumşaltmasının əlamətləri görünmür".
Qəzetin yazdığına görə, Ərdoğan ümid edir ki, ölkənin parlament sisteminə əsaslanan siyasi sistemini özünün dövlət başçısı kimi, nüfuzuna və xarizmasına əsaslanan siyasi sistemə çevirə biləcək. Tənqidçiləri isə xəbərdarlıq edirlər ki, bu, güclü avtoritarizmə gətirəcək.
2011-ci ildə növbəti dəfə baş nazir olandan sonra Ərdoğan davranışı əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan siyasətçiyə çevrilib.
“The Financial Times” hesab edir ki, prezident seçkilərində Ərdoğan birinci mərhələdə udmasa yaxşıdır. Daha doğrusu, bu, Türkiyə üçün yaxşı olacaq. Çünki Ərdoğan ən azı, yeni sınağa çəkilməlidir.
Qəzet yazır ki, Ərdoğanı hazırda Atatürkə yox, daha çox Putinə oxşadırlar. Indiki Ərdoğanın Türkiyəsi onun baş nazir olduğu ilk 10 ildəki Türkiyə deyil. Indiki Türkiyə o vaxtkı Türkiyə kimi heyranlıq doğurmur.