Cənub rayonlarında meşə qırğınları davam edir.
AzToday.az-a daxil olan məlumatlara görə, bu günlərdə Lerik, Yardımlı, Masallı və Cəlilabad meşələrində minlərlə ağac kəsilib. Kəsilən ağacların əksəriyyəti də yerdə qalıb. Məqsəd kəsilən agacların materiallarını yayda satmaqdır.
Məlumatda iddia olunur ki, baş verən “yaşıl soyqırım”ın arxasında Lənkəran və Masallı Regional Meşə Təsərrüfatı Mərkəzlərinin rəhbər şəxsləri durur.
Cənub rayonlarında baş verən meşə qırğınları ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə çoxlu sayda şikayətlər getməsinə baxmayaraq, hələlik heç bir tədbir görülməyib…
AzToday.az-a daxil olan şikayətlərdə bildirilir ki, son günlər Yardımlı meşələrində mindən çox ağac kəsilib. Və agac qətliamının sifarişinin Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor müavini Ümid Babayevin verdiyi iddia olunur. Əslən Yardımlı rayonunda olan Ümid Babayevin Regional Meşə Təsərrüfatı Mərkəzində əsas söz sahibi olduğu bildirilir. Mərkəzdəki bütün qara işlərin Ümid Babayevin şəxsi göstərişi ilə verildiyi də yayılan məlumatlar sırasındadır. Masallı və Cəlilabad meşələrində də eyni vəziyyətin hökm sürdüyü deyilir.
AzToday.az Yardımlı rayonunun 2 saylı meşə dolayında baş verən agac qətliamının fotolarını təqdim edir: