“1993-cü ilin dəhşətli günlərindən biri idi. Ağdam işğal olunduqdan sonra hədəfdə Füzuli rayonu idi. AzTv-nin sədr müavini Vasif Babayevdən xahiş etdim ki, çəkiliş qrupu versin, Füzulinin bu ağır günləri kadrların yaddaşına köçürülsün.Vasif müəllim bu gedişin qorxulu olduğunu desə də, israrıma "yox" deyə bilmədi”.Anaxeber.info məlumat verir ki, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə “facebook” hesabında yazıb.Onun sözlərinə görə, üç nəfər çəkiliş qrupu - Sevil Nuriyeva, Etibar Babayev, Nadir Şəfiyev, o cümlədən mən və sürücüm yola düşdük:“Füzulidə ağır döyüşlər gedirdi. Rayon hər tərəfdən bombalanırdı. Bir neçə gün rayonda çəkiliş apardıq, mövqeləri, hətta ən yaxın məsafədən erməni tanklarını çəkdik.Rayon son günlərini yaşayırdı. Postlarımız rayon mərkəzindən təxminən 7 km Bakıya doğru qurulmuşdu. Bu o demək idi ki, Füzuli şəhəri artıq müdafiəsizdir.İsrar etdim ki, rayon mərkəzini çəkək. Mən inanmıram ki, orda erməni olsun. Briqada komandiri bizi postdan buraxmaq istəməsə də mən inadkarlıq etdim. Düz rayon mərkəzinə, icra hakimiyyətinin qarşısına gəldik. Heç kim yox idi, hər tərəfdə ölü sükut hökm sürürdü.Etibar Babayev maşından düşərək çəkməyə başladı. Nadir Şəfiyev isə çəkilişə şərh verirdi. Elə bu zaman qiyam nəticəsində rayonda idarəçiliyi ələ keçirmiş başçı və mühafizəçiləri özlərini yetirdilər. Havaya, maşınımıza durmadan atəş açmağa başladılar.İcra başçısının qoçuları avtomatın qundağı ilə Nadir bəyin başını yardılar. Nadir Şəfiyev qan içində, mən mühafizəçilərlə əlbəyaxa, Sevil Nuriyeva artıq maşından düşürülüb. Etibar Babayev sanki unudulmuşdu. Birdən onu da xatırlayan qoçular kameranı əlindən alıb Etibar bəyi vurdular. O çətin anda Etibar Babayevin dediyi bir söz sonra bizi hey güldürdü.Qoçular bunu vuranda Etibar Babayev şirin ləhcəsi ilə “alə, bu olmadı ki...” dedi. Nadir bəyin sonrakı cavabı o çətin anda (artıq polis bölməsinə gətirilmişdik) bizim üzümüzü güldürdü:-Alə, Nadirin başını yarırlar olur, Etibara bir şillə vurmaq olmaz?...P. S. Etibar Babayev, sən 4 adamdan biri idin ki, mənim ata-baba yurduma son dəfə biz bir yerdə baxmışdıq, sən mənim düşmənə təslim edilən yurdumu dağılmamış , nizamı pozulmamış kameranın yaddaşına çəkmisən.Bizi tərk etdin. Yerin cənnət olsun. İşğal günlərində Füzulimi yaddaşlara köçürən son oğlan...Allah rəhmət etsin”.Qeyd edək ki, AzTV-də baş redaktor olan Etibar Babayev koronavirusdan dünyasını dəyişib.