Nazirlər Kabineti yanından Operativ Qərargahdan verilən məlumata görə, 2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır. Eyni zamanda xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır (4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək; 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək; 18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək).
Qərar ictimai nəqliyyatın fəaliyytinə şamil olunsa da, vətəndaşlar həftəsonu fərdi nəqliyyat vasitələrindən və ya taksilərin fəaliyyətindən istifadə edib-edə bilməyəcəkləri ilə bağlı narahat olub.
Sfera.az xəbər verir ki, e-huquq.az məsələni dəqiqləşdirmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevlə əlaqə saxlayıb. K.Əliyev e-huquq.az-a açıqlamasında bildirib ki, Nazirlər Kabineti Operativ Qərargahın tətbiq etdiyi qadağalar ictimai nəqliyyatla bağlıdır və taksilərin fəaliyyətinə tətbiq olunmayacaq.
Şöbə rəisi həmçinin, maşında tək olan sürücünün tibbi maskadan istifadəsinin məcburi olub-olmaması barədə sualı da cavablandırıb. K.Əliyev qeyd edib ki, şəxsi maşında maskanın taxılması məcburi deyil və inzibati məsuliyyət yaratmır.
“Ailə üzvləri ilə birgə olanların da maska taxmasının bir əhəmiyyəti yoxdur. Çünki onlar bir evdə yaşayanlardır. Onların bir-birini yoluxdurmaq ehtimalı nə qədər yüksəkdirsə, bir o qədər də sıfıra bərabərdir. Yəni, əgər yoluxmayıblarsa. Amma kənar şəxslər olduqda, sürücü özü məsuliyyətli olmalıdır. Düşünməlidir ki, bu, mənim iş yoldaşımdır, qonşumdur və ya qohumumdur, mən onu yoluxdura bilərəm, yaxud o məni yoluxdura bilər. İnsan özü bunu düşünüb maskadan istifadə etməlidir. Bu, artıq sosial izolyasiya məsafəsinin pozulmasıdır”, – deyə K.Əliyev qeyd edib.