Bakı/04.07.20/Turan: Amerikanın Azərbaycandakı səfirliyi səfir Li Litzenbergerin iyulun 4-də qeyd edilən ABŞ-ın Milli Müstəqillik Günü münasibətilə videomüraciətini yayıb.
Diplomatik missiyanın məlumatında xatırladılır ki, adətən ABŞ səfirliyi Müstəqillik Gününü qeyd etmək üçün ziyafət təşkil edirdi. "Ötən il biz bu günü Səfirliyin bağında çoxsaylı Azərbaycanlı dostlarımızla qeyd etmişdik. Facebook vasitəsilə canlı yayımda daha çox insan bizə qatılmışdı.
COVİD-19 pandemiyası səbəbindən biz bu il sizinlə toplaşaraq bir araya gələ bilməyəcəyik. Lakin üzləşdiyimiz mövcud vəziyyət bizim, Amerikanın müstəqilliyinin 244-cü ildönümünü virtual qeyd edə bilməyəcəyimiz demək deyil”, deyə məlumatda qeyd edilir.
Öz növbəsində, səfir Litzenberger öz videomüraciətində qeyd edir ki, ABŞ çətin və uzun mübarizədən sonra yaradılıb. ABŞ-ın qurucusu olan atalarımızı 1776-cı il Bəyannaməsində ədalətsizliyə qarşı çıxıblar. Onlar bir gün bütün insanların müasir dünyanın dəyərləri olan azadlığa, xoşbəxtliyə və daha yaxşı həyata nail olacaqlarına ümid edirdilər.
"Bizim böyük dövlətimizi məhz xalqımız və vətəndaşlarımızın özü yaratmışdı. Onlar universal insan hüquqlarına və azadlıqlarına hökumət tərəfindən hörmətlə yanaşılmasını təmin edirlər. Onlar bilirlər ki, daha mükəmməl birliyin yaradılması və qorunması üçün vaxt və səy tələb olunur", deyə səfir qeyd edir.
Onun sözlərinə görə, Corc Floydun polis tərəfindən həbsi zamanı öldürülməsi ətrafında baş verən hadisələr ABŞ vətəndaşlarının konstitusiyanın əhatə etdiyi hüquqlar uğrunda mübarizə apardıqlarını göstərib.
"Biz uğura imza atmışıq, lakin qarşımızda kifayət qədər görüləcək işin olduğunu da dərk edirik. Ümid edirəm ki, 4 iyul tarixində bu işin irəliləməsi üçün üzərimizə götürdüyümüz öhdəliyə sadiq olmağımızı yenidən bəyan edəcəyik.
Bizim azərbaycanlı dostlarımızın da dövlətləri daxilində bu öhdəliyə qatılmalarına ümid edirəm. Birləşmiş Ştatlarla Azərbyacan arasında vacib tərəfdaşlıq əlaqələri mövcuddur. Biz Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləməkdən qürur duyuruq", deyə səfir bildirib.