Tanınmış pediatr Elşən Tağıyev bütün valideynləri narahat edən suallara Publika.az-a müsahibəsində cavab verib:
- Doktor, bu il uşaqlara qripə qarşı peyvənd vurulmalıdırmı?
- Ümumiyyətlə qripə qarşı peyvəndlərin sadəcə bu il deyil, hər il vurulması vacibdir. Xüsusi risk qrupuna aid olan insanlara: həkimlərə, müəllimlərə, xroniki və allergik xəstəliyi olan uşaqlara peyvənd vurdurmağı tövsiyə edirik.
Bilirsiniz ki, qriplə Covid-19-un simptomları üst-üstə düşə bilər. İlkin mərhələdə onları fərqləndirməkdə çətinlik çəkirik. Qrip A və ya B, yoxsa Covid-19 əlamətləri olduğunu müəyyən edə bilmirik. Odur ki, pandemiya fonunda qrip əleyhinə peyvəndin vurulmasının çox böyük əhəmiyyəti var. Əgər əvvəllər peyvənd sadəcə risk qrupuna vurulurdusa, bu il pandemiya ilə əlaqədər olaraq əslində hamıya tövsiyə olunmalıdır. Peyvəndlərin effektivliyi məsələsində sadəcə şəxsi təcrübəmizə əsaslanmırıq. Ümumiyyətlə hər hansı preparatın müsbət təsiri barədə şəxsi təcrübəyə əsaslanaraq fikir yürütməyin əleyhinəyəm. Həmişə müəyyən klinik tədqiqat və aparılan analizlərə söykənərək fikir bildirirəm. Bununla belə şəxsi təcrübəmdə apardığım kiçik klinik tədqiqatlar da göstərir ki, son bir neçə il ərzində qrip infeksiyası Azərbaycanda da geniş yayıldığı üçün qrip əleyhinə peyvənd olunan insanlar bu infeksiyanı ya keçirtmirlər, ya da çox yüngül formada keçirdirlər.
Problem ondadır ki, qrip peyvəndinin tapılmasında və ölkəyə gətirilməsində çətinliklər var. Ümid edirəm ki, tezliklə bu çətinliklər aradan qaldırılar.
- Mövsümi qrip peyvəndi koronavirusa qarşı az da olsa müdafiəni təmin edə bilərmi?
- Qrip peyvəndinin koronavirusa qarşı heç bir təsiri yoxdur. Qrip peyvəndi qrip infeksiyasına qarşıdır. Simptomlar oxşar olsa da, tamamilə ayrı infeksiyalar olduğundan qrip peyvəndinin koronavirusa qarşı effektivliyi barədə danışmağa dəyməz.
Başqa bir məsələ də ondan ibarətdir ki, yay aylarında adətən qrip infeksiyalarına rast gəlmirik. Son 3 ayda hərarət, ürəkbulanma, iybilmə qabiliyyətinin itməsi kimi əlamətlər özünü göstərməyə başlayanda epidemioloji vəziyyəti nəzərə alaraq koronavirus infeksiyası haqqında düşünməyə başlayırıq. Amma bilirik ki, payız-qış ayları qripin də mövsümüdir. Çoxumuz bu ayda qrip oluruq. Bu baxımdan soyuq düşəndə qriplə Covid-19-u heç bir analiz olmadan differansiya etmək demək olar ki, mümkünsüz olacaq. Bu il qrip peyvəndi vurdurmaq lazımdır ki, insan ən azından qripə az yoluxsun. Beləliklə yeni növ virusa yoluxarsa, müşahidə olunan əlamət və şikayətlərin Covid-19 olma ehtimalını müəyyən etmək onun üçün asanlaşsın.
- Koronavirusa qarşı peyvənd hazır olarsa, onun uşaqlara hansı mərhələdə vurulması planlaşdırılır?
- Həqiqətən də çox çətin sualdır. Bu mövsüm uşaqlarda SARS-CoV-2 koronavirus peyvəndinin istifadəsinə başlanılacaqmı? Bu suala hələ cavab yoxdur. Hələ ki, peyvənd sadəcə Rusiyada qeydiyyatdan keçib. Peyvəndin də nə qədər təhlükəsiz olub-olmaması istiqamətində müzakirələr davam edir.
Peyvəndin uşaqlar arasında hansı yaş qruplarına vurulması barədə dəqiq bir fikir deyə bilməyəcəm. Koronavirusun uşaqlarda yüngül gedişini nəzərə alsaq, yəqin ki, ilk növbədə daha yetkin yaş qrupuna vurulacaq. İstehsal olunan peyvəndin say məhdudiyyəti də olacaq. Sözsüz ki, istehsalı üçün vaxt lazımdır. Bütün bu məhdudiyyətlər deməyə imkan verir ki, peyvənd ilk növbədə yüksk risk qrupuna, yaşlı, xroniki xəstəliyi, tənəffüs problemi olan insanlara və könüllülərə təklif olunacaq.
- Doktor, infeksion xəstəliklər qarşı vurulan peyvəndlərdən imtina hansı fəsadlara səbəb ola bilər?
Bir anlıq təsəvvür edək ki, hamımız peyvəndlərdən kütləvi şəkildə imtina etmişik. Bu zaman yaranan mənzərə təbii ki, çox qorxuncdur. Körpəniz çox ağır xəstəliklərə yoluxa və bu zaman onları heç cür qorumaq mümkün olmayacaq. İnfeksion xəstəliklərə yüngül xəstəlik kimi baxmaq lazım deyil. “Uşaq qızılca keçirməlidir” kimi səhv anlayış var. Qızılca uşaqlarda miningit, insofalit, ağciyərlərin iltihabı kimi xəstəliklərə səbəb olur. Hətta qızılca keçirmiş bir uşaqda o xəstəliyin 30 il sonra ağırlaşması, yavaş irəliləyən insofalit - sinir sisteminin xəstəliyi forması özünü göstərə bilər. Odur ki, uşaqlara 2 ayından başlayaraq, Səhiyyə Nazirliyinin təsdiq etdiyi qrafikə uyğun olaraq peyvənd vurulmalıdır.
- Müşahidələrim göstərir ki, pandemiya ərzində ən böyük narahatçılığı valideynlər uşaqları üçün keçirir.
- Valideynlər bilsin ki, uşaqlar virusu yüngül keçirdiyi üçün yüksək risk qrupu hesab olunmur. Peyvənd ilk olaraq uşaqlara vurulmalıdırmı? Xeyir.
Azərbaycanda bu günə qədər 35 minə yaxın koronavirus xəstəsi qeydə alınıb. Bu xəstəliklərin analizi göstərir ki, uşaqlar virusu çox yüngül keçirir. İndiyədək uşaqlar arasında koronavirus infeksiyasının ağır formasına rast gəlinməyib. Odur ki, valideynlər uşaqlar üçün deyil, özləri və nənə-babalar üçün daha çox narahatlıq keçirsinlər və diqqətli olsunlar.
Koronavirusun profilaktikası üçün standart tədbirlər Operativ Qərargah tərəfindən verilib. Burada 3 əsas prinsip var: sosial məsafə gözləmək, maska taxmaq və gigiyena qaydaları.
Dəfələrlə təsdiq olunmuş koronavirus xəstələri ilə təmasda olan bir həkim kimi deyə bilərəm ki, maska taxıb sosial məsafəni gözləməklə, eyni zamanda gigiyenik qaydalar sayəsində yeni növ infeksiyadan qorunmaq şansımız yüksəkdir. Odur ki, bu 3 şərtə əməl etmək vacibdir. Bu tədbirlər infeksiyanı nəzarət altında saxlamağa imkan verir.
- Uşaqlarda immunitetin gücləndirilməsinə avqust ayından başlamaq lazımdırmı?
- İmmunitetin gücləndirilməsi üçün vitamin C və beta-qlukan tərkibli preparatlar tövsiyə edilir. Əslində onların immunitetə ciddi təsiri barədə sübut olunmuş kliniki tədqiqatları yoxdur. Beta-qlukan barədə bəzi klinik araşdırmalar var ki, müsbət təsir göstərə bilər. Vitamin C isə verdiyimiz dozalarda deyil, çox yüksək dozada təyin edildikdə effektivliyi ola bilər. Odur ki, ən gözəli immuniteti təbii yollarla gücləndirməkdir. Buraya açıq havada gəzmək, fiziki aktivliyi artırmaq, sağlam qidalanmaq və s. daxildir. Araşdırmalar göstərir ki, fiziki aktivlik immuniteti artırır. İnsanlar mümkün qədər su və günəş vannaları qəbul etməlidir.
Təbii ki, immuniteti artıran immunoqlabinlər dediyimiz dərmanlar var. İmmunoqlobinlər immun xəstəliyi olan insanlara verilir və bunlar çox bahalı preparatlardır. Xüsusi xəstəxana şəraitində təyin olunur. Preparat olaraq yalnız bunlardan istifadə olunmalıdır.
Qalan immunitet artırıcı kimi istifadə edilən preparatların böyük əksəriyyətinin effektivliyi klinik tədqiqatlarla sübut olunmayıb. Ən yaxşı halda plasebo effekti verir. Yəni immunitetə birbaşa deyil, dolayı və psixoloji yolla təsir edə bilər.
- Əminəm ki, cavablarınız bir çox valideynin narahatçılığını aradan qaldıracaq. Təşəkkür edirəm, doktor. Özünüzü qoruyun.
- Təşəkkür edirəm, siz də həmçinin.
Aytən Məftun