Dollar əksər səbət valyutalara nisbətən dəyər itirməkdədir. Avro da ABŞ dollarına nisbətən möhkəmlənməkdədir.
Publika.az xəbər verir ki, bunu iqtisadçı ekspert, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, Avropanın vahid valyutası dollar ilə müqayisədə son 2 ildə ən yüksək kurs ilə dəyişdirilir: “Hazırda avro dollar məzənnəsi 1.20 psixoloji həddə yaxınlaşıb”.
Millət vəkili bildirib ki, dolların məzənnəsində azalmalar ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Jerome Pauellin bu il avqustun 27-də təşkil olunan Jakson Hole Simpozimundakı çıxışından sonra daha sürətlənməyə başlayıb: “Belə ki, FED sədri bildirib ki, monitar siyasət qərarları zamanı orta inflyasiya hədəf göstəricisindən istifadə olunacaq. Bu isə o deməkdir ki, FED simmetrik göstəricidən artıq istifadə etməyəcək. Dolların zəifləməsi qızıl bazarına da təsirsiz ötüşməyıb. Son bir ayda 24 faiz dəyər qazanan qıymətli metal bu gün daha 2 faiz bahalaşıb. Təbii ki, bütün bunlar heç də dolların kəskin ucuzlaşacağından da xəbər vermir”.
Bayramov vurğulayıb ki, qlobal bazarda dolların zəifləməsi Azərbaycan milli valyutasının ABŞ puluna nisbətən möhkəmlənməsi anlamına gəlməməlidir: “Tam üzən məzənnəyə keçid başa çatmadığı üçün manatın dollara nisbətən məzənnnəsi növbəti aylarda da birbaşa Mərkəzi Bankı qərarlarından asılı olacaq”.