Bakı Nəqliyyat Agentliyi (BNA) taksi xidmətinin fəaliyyəti ilə bağlı vahid konsepsiya hazırladığını bəyan edib.Bəs belə bir konsepsiyanın hazırlanmasının konstitusion əsasları varmı? BNA-nın belə bir konsepsiya hazırlamaq səlahiyyəti varmı?Hüquqşünas Ələsgər Məmmədli mövzunun hüquqi tərəfləri ilə bağlı ASTNA-nın suallarına cavab verib.
***
-
Ələsgər bəy, Bakı Nəqliyyat Agentliyi taksi xidmətləri ilə bağlı vahid konsepsiya hazırlayır. Sizcə, belə bir konsepsiyanın hazırlanmasının konstitusion əsasları varmı?-BNA-nın taksi xidmətləri ilə bağlı vahid konsepsiya hazırlanmasının konstitusiya hüququ baxımından əsası yoxdur. Ümumiyyətlə, BNA Nazirlər Kabineti yanında bir qurum kimi yaradılıb. Halbuki, nəqliyyat sektorunun tənzimlənməsi prezidentin 2012-ci ildə təsdiq etdiyi yerli icra hakimiyyətləri haqqında əsasnaməyə görə, yerli icra hakimiyyətinin səlahiyyətinə aid olan məsələdir. Yəni, yerli icra hakimiyyətinin səlahiyyətinə aid olan nəqliyyatın tənzimlənməsi məsələsində konkret olaraq hansısa bir agentliyin rol oynaması hökumətin öz funksiyasını həyata keçirməsi baxımından doğru deyil və öz səlahiyyətlərinin çərçivəsini aşmaqdır. Çünki Konstitusiyanın müddəalarına görə, yerli icra hakimiyyəti haqqında əsasnaməni təsdiq edən və ümumiyyətlə, yaradan prezidentdir. Amma Nazirlər Kabineti konstitusion qurumdur. Yəni, prezident tərəfindən yaradılmır. Belə olan halda Nazirlər Kabinetinin səlahiyyətləri konkret olaraq Konstitusiyanın 119-cu maddəsində göstəriləndən artıq olmamalıdır. İndiki halda Nazirlər Kabineti nəqliyyat prosesinə müdaxilə etməklə birmənalı olaraq öz səlahiyyətlərinin çərçivəsini aşır. O daha ümumi işlər görə bilər. Nəqliyyat məsələsi isə daha çox kommunal məsələdir və əslində bələdiyyələrin funksiyasına daxildir. İndiki halda bununla yerli icra hakimiyyətləri məşğul olur.
-
Sizcə, taksi xidməti ilə bağlı vahid konsepsiyanın hazırlanması, eləcə də taksilərin hökumətin təyin etdiyi formada fəaliyyəti inhisarçılığa qarşı qanunvericiliyin pozulması deyilmi?-Məsələnin ikinci tərəfi odur ki, ümumiyyətlə, taksi xidməti özəl təşəbbüslərə aid məsələdir. Normalda ictimai nəqliyyat hansısa formada bələdiyyə və ya icra qurumları tərəfindən tənzimlənir. Taksi xidməti isə özəl təşəbbüslərə aid məsələ olduğundan sərbəst bazar münasibətləri çərçivəsində xidmət göstərə bilər və bu xidmətin qiymətini də bazar müəyyən edər. Azərbaycanda bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müəyyən səlahiyyət verilib. Bu səlahiyyət çərçivəsində həmin taksi xidməti ilə məşğul olanlar birdəfəlik bəlli bir ödəniş edərək, icazə olaraq həmin işlə məşğul olurlar. Bunun xaricində hansısa formada qiymətə və ya xidmət edənlərin sayına müdaxilə etmək, eyni zamanda bazarın subyekti kimi bazarı tənzimləməyə qalxmaq birmənalı olaraq hökumətin səlahiyyətində deyil. Bu, səlahiyyətləri aşmaqdır. Ayrıca Konstitusiyanın 15-ci maddəsi deyir ki, Azərbaycanda dövlət bazar münasibətləri əsasında sosialyönlü iqtisadiyyatın inkişafına şərait yaratmalıdır. Azad sahibkarlığa təminat verməlidir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol verməməlidir. Belə olan halda belə bir konsepsiya hazırlanırsa və bu konsepsiyada konkret olaraq taksi qiymətləri və digər məsələləri tənzimləməyə çalışılırsa, bu, avtomatik olaraq taksi sektorunun konkret olaraq monopoliyalaşmasına aparıb çıxaracaq. Çünki dövlətin bu işlərə əl uzatması faktiki olaraq xidmətin keyfiyyətinin aşağı düşməsinə, rəqabətin yox olmasına və monopoliyanın yaranmasına xidmət edir. Bu baxımdan belə bir addım Konstitusiyanın özünə açıq şəkildə ziddir. Konstitusiyanın 15-ci maddəsi buna imkan vermir. Konstitusiyanın 16-cı maddəsində isə göstərilir ki, dövlət xalqın və vətəndaşın rifahını yüksəldəcək addımlar atmalıdır, onun sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin qayğısına qalmalıdır. Bu o deməkdir ki, məsələn, vətəndaş daha ucuz taksi xidmətindən istifadə edir və bu, sosial baxımdan onun xeyrinə olan məsələdir. Amma bundan imtina olunacaqsa və daha bahalı tarifli xidmətə keçiriləcəksə, bu, artıq vətəndaşların hamısının bərabər şəkildə taksi xidmətinə çıxışının olmaması ilə nəticələnəcək. Bu isə birmənalı olaraq vətəndaşın rifahını yüksəltmək və sosial müdafiəsinə qayğı göstərməkdən daha çox monopolistlərə qayğı göstərməsinə və iqtisadi inhisara xidmət edəcək. Bu, Konstitusiyanın müddəlarına zidd bir yanaşmadır.
Taksi xidmətini seçmək, istifadə etmək həm də istehlakçının hüququdur. Sizcə, taksi xidmətlərini eyniləşdirmək istehlakçı hüquqlarına uyğundur? Belə olduğu halda istehlakçıların maraqları qorunacaqmı?-Məsələnin istehlakçı tərəfi də var. Bu xidmət elə bir şeydir ki, bir tərəfdə tələb, o biri tərəfdə təklif var. Tələb və təklif öz-özünü tənzimləyir. Nə qədər çox tələb yaranırsa, ona uyğun şəkildə təklif də çoxalır. Və ya əksinə, tələb olmursa, təklif də azalmağa başlayır. İndiki halda taksi bazarında tələb və təklif məsələsi qiymət liberallaşmasına gedib çıxıb. Faktiki olaraq bir tərəfdə xidmət göstərən tərəflər razıdır. Çünki onlar vergi ödəyir, həm də qazanırlar. Bu biri tərəf də, istehlakçı da məmnundur. Çünki daha uzaq məsafəyə belə daha effektiv qiymətlə gedə bilir. Sabah bu istiqamətdə dəyişən bir şey istehlakçıların hüquqlarına kobud müdaxilə olacaq. Və bu müdaxilə həm də insanları daha ucuz və çatımlı xidmətdən daha bahalı və çatımlı olmayan bir xidmətə aparıb çıxaracaq. Bu da həm istehlakçı hüquqlarının pozulmasıdır, həm də iqtisadiyyata dövlətin qanunsuz müdaxiləsidir.
-
Niyə Dövlət Əmək Müfəttişliyi, Antiinhisar Dövlət Xidməti baş verənlərə münasibət bildirmirlər?-Dövlət bir tərəfdən deyir ki, mən yeni iş yerləri açıram, yeni məşğulluq yaradıram. Digər tərəfdən isə bu tip addımlarla məşğul əhalinin hansısa formada imkanlarını məhdudlaşdırmağa çalışır. Bu hökumətin özünün bəyan etdiyi siyasətə də ziddir. Ümumiyyətlə, hökumətin yaratdığı qurumların böyük əksəriyyəti vitrin qurumlardır və onlar fuksional deyil. O baxımdan istər Əmək Müfəttişliyi, istərsə də Antiinhisar Dövlət Xidmətinin mövcudluğu onların hansısa funksionallığını yox, dediyim kimi, vitrin funksiyasının göstəricisidir ki, yəni bizdə də belə qurumlar var. Amma onlar hökumətin yuxarıdan müəyyən olunan siyasətinə heç vaxt əks gedə bilməzlər. Ümumiyyətlə, müstəqil bir qurumlar deyillər ki, bunu edə bilsinlər.
-Bu konsepsiyanın qanunvericiliyin tələblərinə cavab vermədiyini sübut etmək üçün nə etmək olar? Bu konsepsiyanı məhkəmə yolu ilə ləğv etdirmək olarmı? Belə bir prosesin baş verməməsi üçün hansı prosedur qaydalar nəzərdə tutulub? Kimlər və nə edə bilərlər?-Ümumiyyətlə, nəqliyyatı idarə edən agentliyin hansısa dövlət funksiyasını həyata keçirib konsepsiya hazırlaması gülünc bir şeydir. Bu sahədə dövlət konsepsiyası dövlət qurumu olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətindədir. Nazirlik bununla məşğul ola bilər. Əgər nazirlik məşğul olmursa, hansısa xidmət sektoru üçün fəaliyyət göstərən agentliyin belə bir konsepsiya hazırlaması dövlət və hüquq anlayışının bir-birinə qarışdığının, kələfin ucunun itirildiyinin göstəricisidir. Xidmət sahəsinə nəzarət edən bir agentlik dövlətin konsepsiyasını, siyasətini hazırlaya bilməz. Bununla bağlı nazirlik, konstitusion qurumlar məşğul olmalıdırlar. İndiki halda isə bu, səlahiyyətin mənimsənilməsi və aşılmasıdır. Qanunvericiliyə görə, aşılan səlahiyyət hüquqi məsuliyyət yaratmalıdır. Bu ona bənzəyir ki, sıradan bir şəxs qanun təklifi ilə getsin parlamentə ki bu, qəbul olunmalıdır. Konstitusiya isə deyir ki, 6 subyekt qanun təklifi ilə çıxış edə bilər. Bu aspektdən baxanda bu konsepsiyanın həmin qurum tərəfindən hazırlanması birmənalı olaraq səlahiyyətlərin aşılmasıdır.
-
Ümumiyyətlə, Azərbaycanda inhisarçılığın baş verməməsi, dövlətin özəl sahəyə müdaxilə etməməsi üçün, sağlam rəqabətin olması, özəl sahələrin inkişafı, sahibkarların və istehlakçıların hüquqlarının qorunması baxımından qanunvericiliyə və Konstitusiyaya uyğun olaraq necə etmək olar ki, bu sahədə liberallaşma baş versin?-Liberallaşmaya getmək hökumətin vizyon məsələsidir. Əgər hökumət gələcəyə baxışını bu istiqamətdə qurmaq istəmirsə, bunu heç bir formada, qanun və Konstitusiyada göstərilsə belə reallaşdırmaq mümkün olmayacaq. Konstitusiyada istər azad sahibkarlıqla bağlı, istərsə də yuxarıda dediyim kimi, 15 və 16-cı maddələrdə inhisar məsələləri ilə bağlı konkret olaraq açıq göstərişlər var. Ancaq buna baxmayaraq, diqqət etsək görərik ki, istər təbii dövlət inhisarı olan sektorlar, istərsə də süni inhisar yaratmaq istədikləri taksi fəaliyyəti və digər sektorlarda dövlətin əlaqəsi olmadan həmin sahənin birbaşa sərbəst bazar subyektlərinin özünün tənzimləyəcəyi sahə olmasına baxmayaraq, əl uzadıb tənzimləmək istəməsi birbaşa Konstitusiyaya ziddir. Amma bu, baş verir. Bu gün rabitə sektoruna baxsaq, bütün İnternet dövlət provayderinin əlindədir. Yaxud mobil operatorlardan “Azercell”in böyük hissəsi, “Aztelecom” dövlətin əlindədir. Dövlətin əlində tənzimləmə funksiyası olsa da həm də bazarda oyunçu olmaq istəyir. Sanki futbol meydançasında dövlət həm hakimlik edir, həm də qol vurur. Hakim özü olduğu üçün offsaytdan vurduğu qolu da rahatlıqla qol hesab edə bilir. Bu, qarşı tərəfi ciddi şəkildə narahat edən məqamdır. Həm hakim olub, həm də oyunçu ola bilməzsən. Hakimsənsə, tərəflər olmalıdır və sən ona hakimlik etməlisən. İndiki halda dövlətin icra strukturları birmənalı olaraq həm hakimlik, həm də oyunçuluq edirlər. Bu da digər oyunçuları davamlı olaraq məğlub duruma salır.