11 sentyabr 1971-ci ildə İngiltərənin Londondakı “Baker” küçəsi yaxınlığında yerləşən “Lloyd Bank”ında soyğun olub.
Bu soyğun kənardan adi bir bank soyğunçuluğuna bənzəsə də, pərdəarxasında sirli əllər və hansısa təşkilatın olması ilə diqqət çəkir.
Musavat.com sizlərə yuxarıda qeyd etdiyimiz soyğun haqqında maraqlı məlumatları təqdim edir:Hadisəni detallarına qədər düşünən soyğunçu qrup əvvəlcə bankın yanında yerləşən “SAC” adlı xəz dəri dükanını icarəyə götürür.
Sonra icarəyə götürdükləri dükandan başlayaraq banka doğru tunel qazırlar. Soyğunçular diqqəti cəlb etməmək üçün qazıntı işlərini yalnız həftəsonu görüb, həftə içi isə dincəlirlər. Beləliklə də onlar işlərini eyni templə davam edirlər.
Tunelin qazılması başa çatdıqdan sonra soyğunçular 11 sentyabr gecəsi saat 23:00-da içəri girirlər.
Ancaq onların tuneldə bir-biriləri ilə telefon danışıqları yaxınlıqda yaşayan həvəskar radio operatoru Robert Rovlands tərəfindən eşidilir. Rovlands soyğunçular arasındakı söhbəti eşidəndən dərhal sonra polisə xəbər verir.
Polislər dəqiq olaraq hansı bankın soyulduğunu bilmədikləri üçün 10 km məsafədə yerləşən 750 bank filialını ayrı-ayrılıqda yoxlamaq məcburiyyətində qalırlar. Onların “siyahısı”nda “Lloyd Bank”a nəzarət son sıralarda yer alır.
Nəhayət soyğunçuluğun baş verdiyi “Lloyd Bank”a gələn polis, təhlükəsizlik qapısını aça bilmədiyi üçün pulların saxlanıldığı yerə da daxil ola bilmir. Soyğunçular isə həmin an qapının bağlı olması, polisin içəri keçə bilməməsindən istifadə edib, soyğunlarını asanlıqla həyata keçirib tuneldən çıxa bilirlər. Onlar ümumilikdə 268 seyfi qıraraq bankdan 3 milyon funt sterlinqlə ayrılırlar.
Səlahiyyətli şəxslər, hadisəni milli təhlükəsizlik səbəbi ilə “D Xəbərdarlığı”(Gizlilik Xəbərdarlığı) olaraq qiymətləndirirlər və bu məsələnin tez bir zamanda unudulması üçün hadisənin detallarının ictimaiyyətə açıqlanmasına qadağa qoyulur. Hadisə barədə məlumat vermək qadağan olunduğundan, heç kim bundan sonra nə olduğunu bilmir.
Lakin 1973-cü ildə “Times” qəzetində dərc olunan xəbər hər şeyi dəyişir.
Məqalədə London Ağır Cəza Məhkəməsində 4 nəfərin soyğunçuluqda mühakimə olunduğu yazılıb. Xəbərdə onlardan üçünün adı da qeyd olunub. Həmin şəxslər fotoqraf Anthony Gavin, avtomobil satıcısı Thomas Grey Stephen və özəl bir şirkətin direktoru Reginald Samueldir.
Bu üç nəfər iki il həbs cəzasına məhkum edilir.
Dördüncü cinayətkar isə dəri dükanını icarəyə götürən zaman sənədlərə imza atan modelyer Benjamin Volfedir. Volfe əvvəlcə günahsız olaraq bilinsə də, daha sonra cinayət əməli sübuta yetirilərək 8 il həbs cəzasına məhkum edilib.
Bu hadisənin araşdırılması üçün işə 120 peşəkar detektiv cəlb olunub. Hadisədəki dəlillər dəfələrlə yoxlanılıb. Hadisədən sonra “Lloyd Bank”da əmanətləri olan bir neçə nəfər bankı məhkəməyə də verib. Bəzi iddialara görə soyğunda iştirak edən digər şəxslər də olub. Detektivlərin iddialarına görə, soyğunçuların bəziləri hadisədən dərhal sonra ölkədən qaçıblar.
Bu soyğun haqqında bir çox məlumatlar hələ də gizlin qalır...
Turan OrucMusavat.comBizim Instagram kanalımıza abunə olun