9 noyabr Bayraq Gününüz mübarək. Bu dava və bu bayraq uğrunda torpağa düşən hər kəsi rəhmət, minnət və şükranlıqla anıram.
Bunu Publika.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
General 8 noyabrda işğaldan azad olunan Şuşa şəhərinin əhəmiyyətindən danışıb: “Şuşa nə demək idi? Şuşa “Qızıl alma”, Simurq quşu və Hüma quşu demək idi. Çox şükür ki, bu hədəf gerçəkləşdi. Şuşa Azərbaycanın ürəyidir. Bu ürəyi bizdən 28 il əvvəl söküb çıxarmışdılar. Biz o ürəyi yenidən əsl sahibinə - bağrımıza qovuşdurduq. Şuşa bayraq deməkdir. Şuşa anaların övladlarına laylalardakı mirasıdır. Şuşa qürur, namus, atadan övlada miras deməkdir. Şuşa Vətən deməkdir. Xarı bülbülün, Üzeyir Hacıbəylinin, Əhməd bəy Ağaoğlunun Vətəni deməkdir. Şuşa tarixi Azərbaycanın qədim mədəni mirasıdır. 250 il əvvəl Azərbaycan xalqının öz əlləri ilə inşa etdiyi Şuşa qalaları Ermənistanın çirkli əllərindən xilas edilərək əsl vücuduna qovuşdu”.
Onun sözlərinə görə, Şuşa həm hərbi, həm siyasi, həm də psixoloji hədəfdir: “Şuşa Qarabağın açarıdır. Qarabağda istədiyiniz qədər fəaliyyət göstərin. Əgər siz Şuşanı – açarı ələ keçirə bilmirsinizsə, uğur əldə etməyiniz, düşmən üzərində əzm göstərməyiniz mümkün deyil. Şuşa azad edildikdən sonra həm Xocalı-Ağdərə, həm də Laçın-Kəlbəcər istiqamətində bütün hərəkat ərazisi açılır. Dolayısı ilə çox əhəmiyyətli strateji-hərbi hədəfdir. Şuşa, eyni zamanda, Azərbaycan tarixinə, mədəniyyətinə əsrlərlə qalalıq etmiş şəhərdir. Şuşa sadəcə Azərbaycanın deyil, bütün türk dünyasının simvoludur. Şuşanın azad edilməsi Dağlıq Qarabağ hərəkatının böyük mərhələsinin geri qalması deməkdir. Azərbaycan dövləti, Ali Baş Komandan İlham Əliyevin yüksək siyasi liderliyi, dövlətin bu savaşa inanması, xalqın birlik və bərabərlik içində bu işə ürək qoyması ilə qüdrətli Azərbaycan Ordusu ürəyimizi alanların ürəyini sökdü. Bu da çox böyük psixoloji effekt yaratdı. Bunu qondarma Dağlıq Qarabağ rejiminin əsgərlərinin və mülki şəxslərin Xankəndi və digər yaşayış məntəqələrini tərk etməsi ilə gördük. Bir neçə gün öncə işğalda olan Xocalının bəzi kəndləri azad edildi. Bu, Xocalıda şəhid olan 20 min insanın ruhlarının hürr və azadlığı deməkdir. Şuşa, eyni zamanda, bunu təmin edib”.
Y.Karauz vurğulayıb ki, artıq status-kvo Şuşa ilə daha da sağlamlaşdırılıb: “7 rayonu təklif edənlər artıq heç bir şəkildə Azərbaycan dövlətini bu qədər rayonla kifayətlənəcək və sülh şərtləri təqdim olunacaq masaya oturda bilməzlər. Çünki Şuşa Dağlıq Qarabağın bütövlüyünün simvoludur. Şuşanın azad edilməsi, cənab Prezidentin də ifadə etdiyi kimi, BMT-nin hüquqi normaları çərçivəsində verilən qərarlar mövqeyindən qanunidir. Azərbaycan dövlətçiliyinin və Silahlı Qüvvələrinin birliyinin simvolu olaraq üçrəngli bayraq oraya sancılıb. Dolayısı ilə status-kvo nə 12 iyul, nə də 27 sentyabrdakı status-kvo deyil. Azərbaycan status-kvonu birtərəfli qaydada dəyişdirib. Şuşa zəfəri bundan sonrakı qarşılıqlı dialoq kontekstində Azərbaycanın əlini çox güclü edəcək. Hərbi-strateji mövqe, siyasi və psixoloji hədəf olan Şuşanın Bayraq Günündən 1 gün əvvəl azad edilməsi simvolika və dəyər baxımından çox əhəmiyyətlidir”.
General qeyd edib ki, Dağlıq Qarabağda hərbi hərəkat artıq sona yaxınlaşır: “Əgər Ermənistan əsgərlərinin məhv edilməsini istəmirsə, ağ bayraq qaldırmalı, müharibə və siyasi platformada məğlub olduğunu, Azərbaycanın şərtlərini, qırmızı xətlərini qəbul etməlidir. Bu olmasa, Azərbaycan Prezidentinin liderliyi altında işğaldakı torpaqların azad olunması davam edəcək. Azərbaycan bu gücə və qüdrətə sahibdir. Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə, eşq olsun Azərbaycanın yüksək milli və mənəvi dəyərləri olan xalqına, eşq olsun cənab Prezidentə. İnşallah, üçrəngli bayraq Dağlıq Qarabağın bütün ərazilərində minlərlə il yaşasın!”
Yücel Karauz Türkiyə-Azərbaycan qardaşlığının tarixinin ən böyük dövrünü yaşamaqda olduğunu ifadə edib: “İstər Azərbaycanda, istər Türkiyədə şəhidlərimizin qanı ilə sulanan bayraqlarımız yanaşıdır. Bu Bayraq Günündə dua edirəm ki, bu iki bayraq minlərlə il bərabər yaşasın. Tək ürək, tək nəfəs olaraq bayraqlarımız dalğalansın”.
Zümrüd