Türkiyəli bir çox politoloq dünən əldə olunan və ərazi bütövlüyümüzü təmin edən üçtərəfli razılaşmanı şərh ediblər.
Publika.az xəbər verir ki, Uludağ Universitetinin Beynəlxalq Münasibətlər kafedrasının müdiri professor Tayyar Arı Azərbaycanın qanuni məqsəd uğrunda mübarizə aparmasının Qarabağ əməliyyatının nəticəsini təyin etdiyini bildirib: “Tərəflərin öhdəliklərə riayət etməsi üçün Rusiya sülhməramlı qüvvələri bölgəyə yerləşdirilib. Ermənistan bütün Qarabağdan geri çəkilmə prosesinə başlayacaq. Əgər yenidən təxribat törədərsə, müharibə qaldığı yerdən davam etdiriləcək. Bu, bir daha döyüş meydanında Azərbaycanın qələbəsi ilə nəticələnəcək.
Türkiyənin Yaxın Şərqdə, Şimali Afrikada və Qafqazdakı tarazlığı ciddi şəkildə dəyişdirmə qabiliyyətinə sahib olduğunu göstərdiyini vurğulayan T.Arı, Türkiyənin bölgədəki gücünü çox ciddi şəkildə artırdığını qeyd edib: “Son bir neçə ildə daha fərqli rəqabət nümayiş etdirərək hərbi layihələr və müvəffəqiyyətli əməliyyatları qazanan Türkiyə qlobal aktor olmağa doğru irəliləyir”.
Professor Azərbaycanla Naxçıvan arasında dəhlizin açılmasının bu müharibənin ən mühüm uğurlarından biri olduğunu bildirib: “Rusiyanın hansısa maneəsi olmasaydı belə, Azərbaycan bu dəhlizi açacağını bildirmişdi. Naxçıvanın blokadadan çıxması olduqca əhəmiyyətlidir”.
Türkiyə Milli Müdafiə Universitetinin professoru İbrahim Ethem Atnur da əvvəlki atəşkəs razılaşmalarında olduğu kimi Ermənistanın bu dəfə də müqaviləyə əməl etməyəcəyi təqdirdə vəziyyətinin ağır olacağını bildirib: “Ermənistan Dağlıq Qarabağdakı qoşunlarını tamamilə çıxarmazsa, müharibə yenidən davam edəcək. Müharibə yenidən başlasa belə, Azərbaycanın xeyrinə olacaq. Azərbaycan meydanda biləyinin gücü ilə qalib gəldi, qələbə qazandı. Türkiyənin bölgədəki davamlı varlığı əhəmiyyətlidir. Azərbaycanın hansısa zəmanət verən ölkəyə ehtiyacı yoxdur, ancaq Türkiyə qardaş ölkə olaraq orada olmalıdır və qalmağa da davam edəcək”.
Professor Naxçıvanla dəhlizin açılmasına da diqqət çəkib: “Naxçıvanla dəhlizin açılmasının türk dünyasına psixoloji cəhətdən müsbət təsiri olacaq. Bundan əlavə, Azərbaycanın 1919-cu ildən bəri planlaşdırdığı dəmir yolu xəyalı var. Bu reallaşarsa, türk dünyasının, habelə Azərbaycan və Türkiyənin Qafqazda və Orta Asiyada ticarət əlaqələri daha da inkişaf edəcək”.
Beynəlxalq münasibətlər üzrə mütəxəssis Cemil Doğaç İpek Azərbaycanın döyüş meydanındakı bütün uğurlarını masada da qoruduğunu və Laçın, Kəlbəcər və Ağdamı diplomatik yolla, savaş olmadan geri aldığını söyləyib: “Rusiyanın bölgəyə gəlişi bəzi insanlar tərəfindən mənfi qiymətləndirilsə də, bölgədəki varlığının 5 ilə məhdudlaşması müsbət haldır. Rusiyanın bölgədə tərəfsizliyini qoruması şərtdir”.
Akqabay Mıradov