“GÜMAN Kİ, ERMƏNİSTANIN “İSGƏNDƏR” RAKETLƏRİNİN İDARƏETMƏ PULTU RUSİYADADIR” - Kamran Əliyevlə MÜSAHİBƏ

30-11-2020, 13:33   




Azərbaycanın Baş Prokuroru Kamran Əliyev "Turan" agentliyinə müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
-  Hələ Birinci Qarabağ Müharibəsi zamanından Azərbaycan Qarabağda ermənilərin hərbi cinayətləri haqqında məsələni qaldırırdı. Bu gün iki müharibənin nəticələrinə görə ümumiləşdirilmiş hərbi cinayətkarlar siyahısı var?
-  Belə bir siyahı var. 1988-ci ilin sonlarında bu münaqişə başladığı vaxtdan etibarən azərbaycanlı əhaliyə qarşı cinayətlər törədilib. Həmin vaxtdan etibən biz cinayət işləri açırdıq. Sonradan Hərbi Prokurorluqda xüsusi qrup yaradılıb. Daha sonra Hərbi Prokurorluq nəzdində bu cinayətlərin araşdırılması üzrə xüsusi şöbə yaradılıb. Xüsusən, Xocalı, Meşəbəyli, Bağanis Ayrımda cinayətlərlə bağlı cinayət işləri açılıb. Ümumilikdə 200-dən çox cinayət işi açılıb və onlar hamısı bir icraatdadır.
Bu işlər üzrə 307 nəfərə qarşı ittiham irəli sürülüb və onlar barəsində axtarış elan edilib. Onlardan yalnız biri həbsdədir – Alaverdyan. O, 2020-ci ilin avqustunda Goranboy rayonunda saxlanılmış erməni kəşfiyyatının nümayəndəsidir. Mən bütün bu işləri bir neçə qrupa bölərdim:
12 may 1994-cü ilə qədər (Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi haqqında Bişkek protokolu imzalanana qədər – red.) törədilmiş cinayətlər.
İkinci qrup – 1994-cü ildən 2020-ci il sentyabrın 27-nə qədər törədilmiş cinayətlər. Bu dövr ərzində 300-ə yaxın insan – hərbi qulluqçular və dinc sakinlər həlak olub.
2016-cı ilin aprel hadisələri xüsusi olaraq ayrılıb, burada yeddi erməni hərbiçisi barəsində cinayət işi açılıb.
Tovuz rayonunda dinc sakinin həlak olduğu, mülki infrastruktura isə ziyan dəydiyi iyul hadisələri də ayrılıb.
Və cinayət işlərinin sonuncu qrupu sentyabrın 27-də başlamış hərbi əməliyyatlar zamanı törədilmiş cinayətlərə aiddir.
- Baş Prokurorluq Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan barəsində cinayət işi açıldığını elan edib. Amma onun adı artıq Xocalı soyqırımı ilə bağlı ittiham olunan 38 nəfərin arasında keçirdi. Yeni nə olub ki, Ohanyan barəsində yenidən axtarış elan edilib və niyə təkcə o?
-  Seyran Ohanyan müxtəlif vaxtlarda Ermənistanda və Qarabağda müxtəlif vəzifələri tutub, o, əslən də Qarabağlıdır. Onun dinc Azərbaycan əhalisinə qarşı müxtəlif cinayətlərdə əli var və barəsində axtarış elan edilib. Amma bu, Xocalı işi üzrə deyil, daha erkən cinayətlərlə bağlı olub.
Xocalı soyqırımında da o fəal iştirak edib. Bu iş üzrə biz 39 hərbiçi barəsində axtarış elan etmişik, amma Ohanyan orada yox idi. Bu 39 nəfərdən, bizdə olan məlumata görə, üçü vəfat edib, biri 2009-cu ildə silah ticarəti itthamı ilə Nyu-Yorkda saxlanılıb.
Xocalı hadisələrinin təkrar təhlilindən sonra biz belə bir nəticəyə gəldik ki, Ohanyanı məsuliyyətə cəlb etmək və barəsində axtarış elan etmək üçün kifayət qədər dəlil var.
-Erməni general Movses Akopyan bu günlərdə bildirib ki, Ermənistan bu yaxınlarda Azərbaycana qarşı döyüş əməliyyatları zamanı “İsgəndər” raketlərindən istifadə edib, amma bu raketlərin hansı istiqamətdə atıldığını deməyib. Bizdə bu məsələ ilə bağlı məlumat var?
-Mən yalnız faktlara əsaslana bilərəm və dəlilsiz danışa bilmərəm. Bizdə Ermənistan tərəfdən “İsgəndər” raketlərindən istifadə olunmasına dair dəlil yoxdur. Biz bizim tərəfə atılmış bütün raket qalıqlarını təhlil etmişik, ölkənin müvafiq qurumları ilə birgə ekspertiza həyata keçirmişik.
Düşünürəm ki, bu, Akopyan tərəfindən hansısa daxili siyasi məqsədlərlə deyilən bir yalan idi. Eyni zamanda, ermənilərin ən az onun qədər dağıdıcı olan digər raketlərdən – “Skad”, “Toçka U”, habelə “Smerç” raketlərindən istifadə etməsi barədə bizdə dəqiq məlumatlar var. Bərdə şəhərinə qarşı yeddi dəfə kasetli bombalardan istifadə olunub.
Bu raketlər köhnə istehsaldır və çoxdan Ermənistana verilib. “İsgəndər” raketləri yeni nəsil raketlərdir. Ermənistanda bu raketlər var, amma onların Ermənistan tərəfin operativ idarəetməsində olduğunu düşünmürəm. Bu, çox ciddi silahdır və hesab edirəm ki, bu raketlərin “idarəetmə pultu” Rusiya tərəfin əlindədir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar