Belçika parlamentinin sənədində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinadın əks olunması erməni lobbisini məyus etdi

19-12-2020, 15:11   

Fransa Senatının və Nümayəndələr Palatasının mövqeyi Belçika parlamentində növbəti dəfə dəstək ala bilmədi. Erməni lobbi təşkilatlarının özlərini güclü hesab etdikləri Belçikada məqsədlərinə çata bilməməsi erməniləri və eləcə də bu ölkədə erməni lobbisi hesabına varlanmaq arzusunda olan ermənipərəstləri məyus etdi.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
Deputat deyib ki, Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının plenar sessiyası zamanı “Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli və atəşkəsin əldə olunması üçün Belçikanın və beynəlxalq qurumların təşəbbüslərinə dəstək” adlı qətnamə layihəsi qəbul edilib. Bir həftə əvvəl Belçika Senatında müzakirə olunmuş qətnamə layihəsi bu dəfə Nümayəndələr Palatasında müzakirəyə çıxarıldı. Bu dəfə də ermənilərin cəhdlərinə baxmayaraq, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad layihədə yer alıb və bununla da Azərbaycan ərazilərinin erməni hərbi birləşmələri tərəfindən işğal olunması faktı öz əksini tapıb. Hər iki palatanın xarici əlaqələr komissiyalarının sədrləri Els Van Hoof və Mark Demesmaeker, millətçiliyi və separatçılığı dəstəkləyən fraksiyanın rəhbəri Karl Van Luve, eləcə də "erməni soyqırımı” qətnaməsinin müəllifi Peter de Roover və bir sıra qatı ermənipərəst deputatlar BMT qətnamələri ilə bağlı bəndin layihədən çıxarılmasını təkidlə xahiş etsələr də Nümayəndələr Palatası onların xahişini nəzərə almayıb.
Müzakirələr zamanı hər vəchlə ermənilərin arzusunu həyata keçirməyə çalışan və hər yerdən əli üzülən Georges Dalleman həmkarlarına müraciət edərək deyib: "...Fransa kimi cəsarətli olun, ermənilərin taleyinə biganə qalmayın”. Dəfələrlə Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni səfərlər etmiş deputat Georges Dallemanın və onun tərəfdarlarının təkidli xahişlərinə baxmayaraq qondarma rejimin tanınması və onunla diplomatik əlaqələr qurulması ilə bağlı təkliflər də müzakirə olunub və parlament üzvlərinin çoxluğu tərəfindən rədd edilib.
Xatırladaq ki, hələ bir həftə öncə Belçika xarici işlər naziri parlament qarşısında çıxışı zamanı 10 noyabr tarixli üçtərəfli Bəyanatı dəstəklədiyini bildirib və Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı çağırışların beynəlxalq hüquqa zidd olduğunu deputatların diqqətinə çatdırmışdı.
© Materiallarda
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar