- "İşğaldan azad edilən torpaqların bərpası üçün gələn il 2,2 mlrd. manat pul ayrılacaq. Bir çox insan bunun az, ya da çox olmasını müzakirə edir, əslində səhv yanaşmadır, pulun miqdarı yox, Azərbaycan hökumətinin bu məsələ ilə bağlı "vizionu" müzakirəyə açılmalıdır".
Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
N.Cəfərli bərpa işlərinin aparılmasının effektiv yollarından da bəhs edib:
"Aydındır ki, gələn il 2,2 mlrd. manat əsasən minalardan təmizləmə, işğaldan azad edilmiş 127 km İran, 400 km-dən çox Ermənistan sərhəddinin yenidən təsis edilib mökəmləndirilməsinə, ilkin infrastruktur (yol, elektrik, qaz, su) layihələrinə xərclənəcək. Yəni gələn il şəhər və qəsəbələrin bərpası hələ nəzərdə tutulmur, bir tək Şuşada bəzi bərpa işlərinin olması gözlənilir. Ümid edirəm ki, 2021-ci ildə hökumət bərpa "vizionunu" cəmiyyətə açıqlayacaq, bu haqda ciddi elmi müzakirələr olacaq. Hələ ki, doğru olmayan yanaşma görünür. Məsələn, hansısa şəhərdə binalar belə olacaq, göydələnlər tikiləcək və s. kimi yanaşmalar kökündən yanlışdır. Düşünürəm ki, ərazilərin bərpa planı bütöv olmalı, kompleks yanaşma ilə tərtip edilməlidir, yəni hər şəhərin ayrıca planı olmaqla yanaşı, ərazilərin tamamını əhatə edən uzlaşdırıcı və bağlayıcı məqamlar olmalıdır. Bərpa planının ən son aşaması arxitekturadır, əvvəl bilməliyik ki, biz nə istəyirik, hər şəhərin iqtisadi və sosial rolu nədən ibarət olacaq, ancaq bundan sonra arxitektura planlamasına keçmək olar. Məncə, kiçik kəndlərin hər birinin bərpasına ehtiyac yoxdur, işğaldan azad edilən hər bir rayon mərkəzindən başqa rayonun ərazisində 5-10 arası iri qəsəbələrin yaradılması ilə bağlı qərar verilməli, onların yeri hərbi-strateji, sosial-iqtisadi və resurslara çıxış imkanı olan infrastrukturun asan yaradılması kriterlərinə görə seçilməlidir. İqtisadi bağlar mütləq əvvəlcədən düşünülməlidir. Məsələn, əgər Ağdamda aqrar emal müəssisələri olacaqsa, onların xammalı Fizulidən, Cəbrayıldan, Hadrutdan gəlməlidir. Ən azı 2 şəhərdə tanınmış xarici universiterlərin filialları açılmalı, kampusu olan elmi-tədris mərkəzi açılmalıdır”.Ekspert bildirib ki, hər bir bərpa olunan şəhərin öz missiyası olmalıdır:
“2 şəhər elm-təhsil mərkəzi olacaqsa, Şuşa mədəniyyət paytaxtı, məsələn, Cəbrayıl yerli "Las-Vegas", Qubadlı və Kəlbəcər ekoturizm və sağlamlıq mərkəzi ola bilər. Bütün şəhər və qəsəbələr 21-ci əsr vizionu ilə salınmalıdır - ekoloji şəhər nəqliyyatı, bərpa olunan enerji mənbəələri, velosiped yolları, smart şəhər yanaşması və s. Hər bir şəhər və qəsəbədə iqtisadi fürsətlər üçün tam münbit şərait olnalıdır ki, əhalinin köçməsinin bir mənası və əsası olsun. Fərdi evlərin tikintisinə 0%-li kreditlər olmalı, hər bir fərdi ev avtonom bərpa olunan enerji mənbəyinə malik olmalıdır, damlarda günəş panelləri quraşdırılmalı, bunun infrastrukturu yaradılmalı, artıq qakan enerjini dövlət fiksə edilmiş qiymətlərlə alacağı zəmanətini verməlidir. İnvestorlar üçün 7 illik 0% vergi zəmanəti öncədən qanun şəklində qəbul edilməlidir".Cebhe.info