Qarabağ müharibəsi bitsə də, münaqişəni tam həll etmək uğrunda mübarizə davam edir. Ancaq indiyə qədər Xankəndi daxil olmaqla, ətraf rayonlara nəzarəti bərpa edə bilməmişik. Bununla belə, Bakı bu istiqamətdə müxtəlif addımlar atır, o cümlədən Rusiyanın vasitəçiliyi ilə Ermənistanın rəsmi nümayəndələri ilə danışıqlar aparılır. Bununla paralel olaraq ATƏT-in Minsk Qrupu yenidən səhnəyə daxil olmağa cəhd edir, tərəflərlə müzakirələr keçirir. Bir növ prosesdə “mən də varam” mesajını verir. Müharibənin son günü həmsədrlik institutunu saya salmadan atəşkəsin imzalanmasında önəmli rol oynayan Rusiya isə Minsk Qrupunun fəaliyyətinin davam etdirilməsində maraqlı olduğunu elan edir.“AzPolitika.info” mövzu ətrafında sabiq dövlət müşaviri, professor
Qabil Hüseynlinin fikirlərini öyrənib. Onunla müsahibəni təqdim edirik:
- Qabil bəy, 44 günlük müharibədə əldə olunan qələbədən sonra aylardır ki, ciddi proseslər gedir, Azərbaycan tərəfi nəzarətdən kənar ərazilərdə süverenliyi bərpa etmək üçün gözəgörünməyən, səhnəarxası addımlar atır. Hazırda siz Qarabağla bağlı vəziyyəti necə qiymətləndirirsiniz, daha çox hansı proses və ssenarilər müşahidə olunur?- Hesab edirəm ki, indiki vəziyyət Azərbaycan ordusunun Ermənistan üzərində əldə etdiyi qələbənin yaratdığı təəssüratdan ibarətdir. Ermənilər sözün əsl mənasında kapitulyasiyaya getdilər. Amma Rusiyanın bölgədəki sülhməramlıları 10 noyabr sazişində nəzərdə tutulan müddəaların həyata keçirilməsi istiqamətində addımlar atsa da, erməniləri Xankəndinə daşımaları, Ermənistan ordusunun əsgərlərinin Azərbaycan ərazilərindən çıxarılmasına ciddi cəhd göstərməmələri və digər hallar bir qədər üzücü ovqat yaşadır. Eyni zamanda bu vəziyyət Ermənistanda revanşist qüvvələrin fəallaşmasına səbəb olduğundan Azərbaycanı da yeni bir seçimə - lokal hərbi əməliyyatlar aparması zərurəti qarşısında qoyur. Doğrudur, bu saatın özündə də Azərbaycanın xüsusi təyinatlı qüvvələri Dağlıq Qarabağ ərazisində sakitcə hərbi əməliyyatlar - hibrid müharibə kontekstindəki əməliyyatlara oxşar fəaliyyət həyata keçirir. Bir sözlə, qələbəyə köklənən Azərbaycan ordusu həm də Ermənistan ordusu üzərində psixoloji üstünlüyü qoruyub saxlamağa çalışır.
Mən hesab edirəm ki, Azərbaycan Prezidenti Əliyevin işğaldan azad edilən bir neçə rayona səfəri də bu məqsədi daşıyır. Laçının Güləbird kəndində Ermənistandakı revanşist qüvvələrə mesaj verməklə Prezident təsdiq edir ki, Azərbaycan əvvəlki əzmindən geri çəkilməyib və lazım gələrsə hərbi əməliyyatları - istər lokal, istərsə də böyük miqyasda - davam etdirə bilər. Yəni bütövlükdə desək ki, Qarabağ müharibəsi başa çatıb, məncə bu doğru olmazdı. Eyni zamanda düşmən üzərində həlledici qələbə qazanılıb, Azərbaycan öz üstünlüyünü təmin edib, təşəbbüsü əlinə alıb və situasiyaya diktə edir. Reallıq bundan ibarətdir.
- Hərbi əməliyyatların hansısa formada bərpasını mümkün hesab edirsiniz. Ermənistanda da revanşist bəyanatlar səsləndirilir. İndi Ermənistanda müşahidə olunan siyasi situasiya dəyişə və bu, bizi müharibəyə cəlb edə bilərmi?- Ermənistanda situasiyanın ön planı doğrudan da qisasçılıq məqsədilə Azərbaycandan torpaq qoparmaq və ya Dağlıq Qarabağın statusu ilə bağlı nəsə əldə etməklə bağlı deyil. Hazırda Ermənistanda meydanı qarışdıran əsasən “Qarabağ klanı” adlandırdığımız millətçi-şovinist qrupdur. Onların da əsas məqsədi siyasi dividendlər əldə etmək və hakimiyyəti ələ götürməkdən ibarətdir. Onların hakimiyyətə gəlmək məsələsi kifayət qədər problemlidir, çünki yerli ermənilərin böyük bir hissəsi onların əleyhinədir. Amma bununla yanaşı Serj Sarkisyanın “İskəndər” raketi ilə bağlı dedikləri insanı müəyyən qədər düşüncələrə qərq edir. Mənə elə gəlir ki, Serj Sarkisyan məsələnin bütün təfərrüatından bixəbərdir. Onlar Bakıya da “İskəndər” raketi buraxdılar, eləcə də Mingəçevir istiqamətinə də raketlər atdılar. Lakin bu raketlərin böyük hissəsi havada zərərsizləşdirildi. Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələrinin əlində olan sistemlər onları zərərsizləşdirdi. Yəni bu raketlər dəqiq olmadı. Hətta Şuşaya atılan raketlər şəhərin 35 kilometrliyinə düşdü. Bütün bunlar onu göstərir ki, ermənilərin “İskəndər” raketlərinə və Rusiyanın verdiyi hər hansı bir silahlara güvənərək indidən meydanı qızışdırmaq cəhdlərinin heç bir perspektivi yoxdur. Artıq belə hallar arxada qalıb. Qənaətimcə, Ermənistanda bütün siyasi qüvvələr Azərbaycanın gücünü görüb və indi müharibə haqqında düşünülməməlidir.
- ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri ilə müzakirələr aparıb. Prosesdə ATƏT sədrinin şəxsi nümayəndəsi Anje Kaspşik də iştirak edib. Bu proses nə vəd edir, həmsədrlər Azərbaycanla hansı məsələləri müzakirə edə bilər?- Əlbəttə, bu, bizim üçün çox da xoş deyil. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin yenidən meydana daxil olması və bu institutun fəaliyyətə başlaması ürəkaçıcı deyil. Xüsusilə nəzərə alanda ki bu institut müharibəyə qədərki 20 illik fəaliyyəti zamanı öz imicini korlayıb və sübut ediblər ki, daha çox ermənipərəst siyasət yürütməklə ermənilərin “dəyirmanına su axıdırlar”. Azərbaycan bu məsələyə dair öz fikrini dəfələrlə bildirib. Və könülsüz onların danışıqlar xahişinə riayət edilib. Xarici İşlər naziri bu danışıqlara qoşuldu. Amma bütövlükdə Prezident rərəfindən bu institut yaxşı qarşılanmır, dövlət başçısı həmsədrlik institutunun fəaliyyətinin əleyhinə olduğunu, bölgədə status-kvonun köklü şəkildə dəyişdiyini açıq elan edib. Yəqin ki, bu proseslər görüş xatirinə görüş şəklində davam edir. Şəxsən mənim fikrimcə, vasitəçilərin fəaliyyətinə heç bir ehtiyac yoxdur.
- Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko Minsk Qrupunun qalmasında maraqlı olduqlarını açıqlayıb. Bəzi ekspertlər hesab edirlər ki, indiki halda Moskva Minsk Qrupu formatında Azərbaycana təzyiq rıçaqlarını əldən vermək istəmir. Siz bu haqda nə düşünürsünüz?- 10 noyabr bəyanatı imzalanarkən Moskva ATƏT-in Minsk Qrupuna ehtiyac olmadığı, hətta 2+2 variantının işə düşə biləcəyi haqqında danışdı. Daha sonra Fransa və Amerikanın təzyiqlərindən, ola bilsin ki, özünün strateji maraqlarını hesablayaraq vasitəçilik institutunu yenidən dövriyyəyə buraxdı. Buna getməklə həm də müəyyən qədər Türkiyənin fəallığını azaltmaq məqsədi güdür. Əlbəttə, bu baş verməyəcək. Əvvəla, Türkiyə böyük dövlətdir, digər tərəfdən, bu prosesdə Türkiyə-Azərbaycan əməkdaşlığı və həmrəyliyi var.
Amma hər halda belə kəmfürsətçillik, eyni zamanda söz verib əməl etməmək rus siyasətində səciyyəvi hallardan biridir. Rusiya yalnız başı daşa dəyəndən sonra müəyyən şeylərdən nəticə çıxara bilir. İndi hələlik, Rusiyanın ABŞ, Yaponiya və digər ölkələr tərəfindən sıxışdırılması prosesi gedir. Elə Qafqazın özündə buna bənzər proses gedir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Rusiya perspektivdə indiki kimi olmayacaq. Başqa sözlə, uzaq olmayan perspektivdə bu gün məxsus olduğu siyasi gücə və təsirlərə malik olmayacaq. O zaman, mənim fikrimcə, Rusiyanın Cənubi Qafqazda təsir qüvvəsi lap zəifləyəcək. Əlbəttə, bu proses zamanla olacaq.
Düzdür, ABŞ Prezidenti Co Bayden Rusiya ilə bağlı çox böyük vədlər verirdi. Amma indiyə qədər müşahidələrimiz göstərir ki, “Şimal axını-2” layihəsini dayandırmağa müvəffəq olmayıb. Rusiyada Navalnının həbsindən sonra baş verən ayaqlanma ilə bağlı da Prezident Bayden təkidli bəyanatlarda bulunsa da, bunun bir nəticəsi olmadı. İlk mənzərədə Rusiya, sanki Amerikanı dişinə vurmuş kimi görür və onun hərəkətlərinin keçici olduğunu düşünür. Hesab edirəm ki, Amerikanın Rusiya ilə bağlı öz planları var. Amerika Rusiyanın mərkəzi hakimiyyətindəki iki-üç tirəliyin daha da dərinləşməsi və Putinin hakimiyyətinin zəifləməsi dövrünü gözləyir. Məhz bu dövrdə Rusiyaya qarşı həlledici addımların atılması baş verə bilər.
- Artıq Ağdamda rus və türk hərbçilərinin iştirakı ilə Monitorinq Mərkəzi fəaliyyətə başlayıb. Uzun müddət mərkəzin fəaliyyətə başlamasının xüsusi əhəmiyyəti önə çəkilirdi. Mərkəzin fəaliyyəti rus sülhməramlılarının qanun çərçivəsində işlərini görməsini nə dərəcədə təmin edə bilir?- Monitorinq Mərkəzinin işə başlamasından sonra rus sülhməramlıların əl-qolu bir xeyli bağlanıb. Yəni əvvəlki kimi sağa-sola hərəkət edə, meydan sulaya bilmirlər. Üstəlik, Türkiyə tərəfi hələlik faktları fiksə edir. Türkiyə onsuz da Qarabağ bölgəsində məsələnin bitmədiyi qənaətindədir və bu məsələnin başa çatdırılması üçün yeni plan üzərində düşünür. Yəqin ki, bu plana uyğun olaraq da Monitorinq Mərkəzi fəaliyyət göstərir. Ehtimal edirəm ki, hələlik ruslarla fəaliyyəti gərginləşdirməyə ehtiyac qalmır və Türkiyə tərəfi daha çox məlumat və faktlar toplayır. Bu faktlar həm Rusiyanın bölgədən çıxarılması üçün, həm də ola bilsin ki, qarşıdakı həlledici məqamda - qarşıdurmalar zamanı Türkiyənin işinə yarayacaq./Anaxeber.info/
Rasim ƏLİYEV