Türkiyənin ən böyük ingilisdilli gündəlik qəzeti “Daily Sabah” “Türkiyə Nikol Paşinyana dəstək verəcəkmi?” sualına aydınlıq gətirməyə çalışıb. Qeyd edək ki, “Daily Sabah” prezident Rəcəb Tayyib Ərdoğana və onun rəhbəri olduğu AKP iqtidarına yaxınlığı ilə tanınır.Köşə yazarı Yahya Bostanın qələmə aldığı məqalədə deyilir ki, Nikol Paşinyan onun istefasını tələb edən Baş Qərargah rəisi Onik Qasparyanın bu addımını hərbi çevriliş cəhdi kimi dəyərləndirib və onu tutduğu vəzifədən kənarlaşdırıb. Ancaq Ermənistan Prezidenti Armen Sərkisyan üsyankar Baş Qərargah rəisinin getməsinə razılıq verməyib. Beləliklə, Ermənistan prezidenti Baş nazirə meydan oxuyan hərbçilərin yanında yer alıb.
Nikol Paşinyan öz tərəfdarlarını küçələrə çağırmaqla qarşılaşdığı təhlükəni dəf etməyə çalışır.
Yahya Bostan Ermənistanda baş verən olaylara qarşı beynəlxalq reaksiyaya da diqqət çəkir. O yazır ki, bir çox ölkələr sükuta qərq olub. Reaksiya verənlər isə fərqli mövqedən çıxış edirlər: “Bəziləri iki tərəf arasında heç bir seçim etmədən hər iki tərəfi sakitliyə çağırır. ABŞ, NATO, Fransa, Rusiya, hətta İran bu sırada yer alır. Onlar mütəşəkkil qaydada Ermənistan Ordusunu tənqid etməkdən yayınırlar”.
Müəllif vurğulayır ki, Rusiya olayları “Ermənistanın daxili işi” adlandırıb. Bəziləri isə balansı saxlamaqla ordunu demokratik dəyərlərə söykənərək tənqid edirlər: “Avropa Birliyi də bu mövqeyə üstünlük verir”.
Müəllif yazır ki, Türkiyə yeganə ölkədir ki, Ermənistanda baş verənləri hərbi çevriliş cəhdi adlandırıb və birmənalı şəkildə bu cəhdə qarşı çıxıb. Ermənistandakı həmin olaydan bir neçə saat sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “harada baş verməsindən asılı olmayaraq hərbi çevrilişə qarşıyıq”, demişdi.
Məqalədə vurğulanır ki, “Nikol Paşinyan anti-Türkiyə mövqeyi ilə tanınır” fikrində hər hansı bir şişirtmə yoxdur.
Buna baxmayaraq, Türkiyənin xarici siyasətinə yön verən uzmanların Ermənistanda baş verən olaylara qarşı çıxmasının ən azı üç səbəbi var:
Birincisi, Türkiyə özü hərbi çevriliş cəhdi (sonuncusu 2016-cı il 15 iyulda baş verib. E.H) zamanı xeyli tələfat verib. Ötən hərbi çevrilişlər isə Türkiyə demokratiyasına əngəl törədib, xalq bu çevrilişlərdən son dərəcə əziyyət çəkib. Ona görə də Türkiyə hərbi çevrilişi prinsip olaraq rədd edir. Mülki hökumətin və xalqın yanında yer alır.
İkincisi, Qarabağ müharibəsindən sonra Ermənistanın da yer aldığı altıtərəfli mexanizm yaradılır ki, bu mexanizm Qafqazda sülhə və iqtisadi inkişafa təkan verəcək.
Üçüncüsü, Türkiyənin xarici siyasətinə yön verən uzmanlar hesab edir ki, rəsmi İrəvanda Qərbə bağlı siyasi gücün iqtidarda olması regionda sülhə daha böyük töhfə verə bilər.
Onu da əlavə edək ki, Nikol Paşinyanın iqtidarda qalması bir sıra layihələrin həyata keçməsinə şərait yaradacaq. Belə ki, Nikol Paşinyanın iqtidarda qalması o deməkdir ki, tezliklə Mehri dəhlizindən keçəcək dəmir və şose yolu işə düşəcək. Bu isə Çindən Avropa Birliyi arasında iki tərəfli daşınmalar da daxil olmaqla bir çox ölkənin inkişafına təkan verəcək. Xüsusən, türk dövlətləri arasında iqtisadi əlaqələr sürətlə yeni mərhələyə daxil olacaq. Məhz elə bu səbəbdən də Türkiyə və Azərbaycan üçün Nikol Paşinyanın iqtidarda qalması daha uyğundur./Anaxeber.info/
Elbəyi Həsənli, SürixDoes Turkey support Armenia's Pashinian? | Daily Sabah