Rusiya 3-cü Qarabağ savaşına hazırlıq görür

19-03-2021, 10:13   





Ərəstun Oruclu: “Yeni müharibə təhlükəsi hələ də qalmaqdadır, ilk növbədə ona görə ki, Ermənistandan Qarabağın ermənilər yaşayan ərazilərinə hərbçilərin gətirilməsi davam edir”
“Azərbaycan öz ərazisi olan Laçın dəhlizinə Rusiya “sülhməramlıları” ilə birlikdə nəzarət olunması tələbini irəli sürməlidir”
Məhəmməd Əsədullazadə: “Kreml çalışır ki, düşmənçilik davam etsin və gələcək perspektivdə yenidən müharibəni gündəmə gətirsin, Ermənistanı silahlandırması da buna hesablanıb”
Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan hesab edir ki, ölkəsinin daxili siyasi böhrandan çıxmasının yeganə yolu baş nazir Nikol Paşinyanın təcili istefasıdır. Bu barədə axar.az-da yer alan informasiyaya görə, Ter-Petrosyan bildirib ki, Paşinyana xaricdə müvəqqəti sığınacaq tapması üçün toxunulmazlıq zəmanəti verilməlidir: “Bundan sonra baş nazirin səlahiyyətləri ədalətli seçkilərin keçirilməsini təmin edə bilən bitərəf müavininə verilməlidir”.
Ermənistanın ictimai xadimi Tiqran Köçəryan isə bu qənaətdədir ki, Paşinyan hökumətinin hakimiyyəti saxlamaq üçün son şansı qalır. Onun fikrincə, İrəvan rəsmi səviyyədə Kremlin onlara Rusiya sülhməramlıları şəklində yardım göstərməsini tələb edə bilər. Bunun real ssenari olduğunu vurğulayan Tiqran Köçəryanın sözlərinə görə, bu, Ermənistan hökumətində dəfələrlə müzakirə olunub: “Nikol hakimiyyətdə qalmaq naminə dəstək üçün Rusiyaya rəsmi səviyyədə müraciət edə bilər. Ölkə suverenliyinin qorunmasını təmin etmək üçün İrəvanın mərkəzinə Rusiya ordusu yerləşdirilə bilər”. Ermənistanın müdafiə nazirinin müavini Arman Sərkisyan isə qeyd edib ki, Rusiya Federasiyası ilə itirilmiş hərbi mülkün bərpası, mövcud problemlərin tez həlli və döyüş qabiliyyətinin artırılması üçün intensiv iş aparılır.
“Beynəlxalq qurumlara deməliyik ki, Rusiya “sülhməramlıları” üçtərəfli bəyanatın şərtlərini kobud şəkildə pozaraq, gizli yolla Qarabağa hərbçilərini yollayan Ermənistanın bu əməlinə göz yumur”

Sözsüz ki, bütün bunlar, o cümlədən ikinci Qarabağ savaşından sonra Rusiyanın intensiv şəkildə Ermənistana hərbi yük təyyarələrini göndərməsi onu deməyə əsas verir ki, Kreml İrəvanı yeni savaşa hazırlayır. “Hürriyyət” xəbər verir ki, mövzuya təxminən, bu aspektdən yanaşan siyasi şərhçi Ərəstun Oruclunun fikrincə, yeni müharibə təhlükəsi hələ də qalmaqdadır: “İlk növbədə ona görə ki, Ermənistandan Qarabağın ermənilər yaşayan ərazilərinə hərbçilərin gətirilməsi davam edir və artıq Azərbaycan hakimiyyəti də bunu dilə gətirib. Konkret olaraq, bugünlərdə xarici işlər naziri Ceyhun Bayramov bu haqda Bakıda səfərdə olan ATƏT sədri Ann Lindeyə məlumat verib. Bundan əvvəl isə martın 12-də BMT-yə ünvanlanan məktubunda xarici işlər naziri eyni məsələni qaldırıb. Amma çox təəssüf ki, hər iki halda Qarabağa bu axın az qala ayrı-ayrı Ermənistan vətəndaşlarının şəxsi təşəbbüsü kimi təqdim olunub. Belə yanaşma isə nəinki qeyri-ciddidir, hətta zərərlidir. Əgər biz ölkə olaraq beynəlxalq qurumlardan suverenliyimizin və dövlət təhlükəsizliyimizin qorunmasına dəstək umuruqsa, ilk növbədə onlara təhdidin kim tərəfindən yaradıldığını dilə gətirməliyik. Məsələn, deməliyik ki, Rusiya “sülhməramlıları” 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın şərtlərini kobud şəkildə pozaraq, gizli yolla Qarabağa hərbçilərini yollayan Ermənistanın bu əməlinə göz yumurlar. Mən bunun hələ ən yumşaq formasını göstərdim, əslində isə hər iki ölkənin planlı və məqsədli işbirliyi açıq deyilməlidir. Çünki belə də var. Elə deyilsə və bu, gələcək müharibəyə hazırlıq deyilsə, o zaman Rusiyanın həmin bədnam üçtərəfli bəyanatın şərtlərini pozmaqda marağı nə ola bilər? Elə deyilsə, o zaman “sülhməramlılar” niyə Qarabağda ağır silahlardan istifadə etməklə hərbi təlimlər keçirirlər? Ümumiyyətlə, bu silahlar onların arsenalında niyə olmalıdır?”
“Bu və digər əlavə addımlar həm də yeni müharibədən qaçmaq demək olardı, çünki həmin müharibənin təşəbbüskarı və ona hazırlıq aparan Rusiyadır”
Siyasi şərhçinin sözlərinə görə, çox arqumentlər gətirmək olar, amma bir şey tam aydındır ki, problemlərimizi özümüz açıq şəkildə dilə gətirmiriksə, onları bizim əvəzimizdən heç kəs səsləndirən, həll edən deyil: “10 noyabr bəyanatının şərtlərinə görə, Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində erməni silahlı birləşmələri olmamalıdır. Həmin bəyanata diqqətlə baxın, orada Ermənistan yox, erməni hərbi birləşmələri yazılıb. Yəni, Qarabağdakı ermənilərin istənilən hərbi birləşməsi qanunsuzdur və çıxarılmalıdır. Bu müddəa Azərbaycana imkan verir ki, öz ərazisindəki qanunsuz hərbi birləşmələrin ləğv edilməsinə dair xüsusi əməliyyatlar keçirsin. Söhbət əsla müharibədən, hətta antiterror əməliyyatından da yox, qanunsuz silahlı birləşmələrin ləğvindən gedir. Azərbaycan tam haqqı çatan bu əməliyyata ləngimədən başlamalıdır. Bunun üçün öncə elə həmin ATƏT-ə, BMT-yə və Rusiya rəhbərliyinə xəbərdarlıq olunmalıdir ki, onlar məsələni dinc yolla həll etməsələr Azərbaycan tərksilah əməliyyatına başlayacaq. Bu isə həm beynəlxalq təşkilatların münaqişə bölgəsinə cəlb olunması, həm də münaqişənin Rusiyanın mütləq nəzarətindən çıxarılması üçün zəmin yaratmaq deməkdir. Bundan başqa, Azərbaycan öz ərazisi olan Laçın dəhlizinə Rusiya “sülhməramlıları” ilə birlikdə nəzarət olunması tələbini irəli sürməlidir. Son nəticədə bu və digər əlavə addımlar həm də yeni müharibədən qaçmaq demək olardı, çünki həmin müharibənin təşəbbüskarı və ona hazırlıq aparan Rusiyadır”.
“ATƏT Azərbaycanla Ermənistan arasında sülhün, təhlükəsizliyin əldə edilməsində maraqlı deyil”

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, ATƏT sədrinin Cənubi Qafqaz turu çərçivəsində Ermənistanda rəsmilərlə görüşdə Qarabağ məsələsində vacib problemlərin qaldığını qeyd etməsi və ermənilərin statusu ilə bağlı mövqeyi, bu təşkilatın iki ölkə arasında sülhün, təhlükəsizliyin əldə edilməsində maraqlı olmadığını göstərir: “Ermənistanın xarici işlər nazirinin bu görüşdə Minsk Qrupunun yenidən prosesə cəlb edilməsini, status məsələsini qaldırması 10 noyabr və 11 yanvar razılaşmalarının pozulmasına xidmət edir. Görünür, baş nazir Nikol Paşinyanın komandası onun imza atdığı sənədlərə qarşı çıxır. Xüsusilə, xarici işlər naziri Ara Ayvazyanın tutduğu xətt birbaşa Paşinyanın siyasətinə zidd olaraq mövcud razılaşmalarının əleyhinə gedir. Ara Ayvazyanın Kremldən asılı olduğu, birbaşa Rusiya XİN rəhbəri Sergey Lavrovun təlimatı ilə danışdığı şübhəsizdir”.
“Rusiya çıxdıqdan sonra Ermənistan normal ölkəyə çevrilə bilər”
Milli Cəbhə Partiyasının sədr müavini bildirib ki, Nikol Paşinyanın mövcud üçtərəfli razılaşmalara qarşı çıxan xarici işlər nazirini istefaya göndərməsi mümkündür: “Çünki Ara Ayvazyanın siyasəti birbaşa revanşist müxalifətin mövqeyi ilə paralel şəkildə davam edir. Bu da öz növbəsində, rəsmi İrəvanın mövqeyi kimi dəyərləndirilir. Odur ki, Azərbaycan XİN erməni xarici işlər nazirinin açıqlamalarına sərt mövqe ortaya qoymalı, mövcud razılaşmalar yerinə yetirilməyəcəksə, rəsmi Bakı daha ciddi tədbirlərə əl atacağını elan etməlidir. Xüsusilə, erməni nazir Ara Ayvazyanın Qarabağa ermənilərin kompakt yaşadığı əraziyə girişinə icazə verilməməlidir. Hesab edirəm ki, Ermənistanın xarici işlər nazirinin Qarabağla bağlı mövqeyi, Minsk Qrupunun fəaliyyətini önə çəkməsi, bu ölkədə hökumətdə yekdil siyasi mövqeyin olmamasından irəli gəlir. Bununla da Ermənistan Azərbaycanla əlaqələrin bərpasından irəli gələn müddəaları yerinə yetirməməklə, blokada vəziyyətində qalmağı tərcih edir”.
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin fikrincə, Ermənistanın Azərbaycana qarşı hazırkı siyasəti Rusiyanı qane edir: “Kreml çalışır ki, düşmənçilik davam etsin və gələcək perspektivdə yenidən müharibəni gündəmə gətirsin. Ermənistanı silahlandırması da məhz buna hesablanıb. Həmçinin, Laçın dəhlizindən erməni hərbçilərinin Qarabağa girişinə şərait yaratmaqla, razılaşmaların əlehinə gedir. Təbii ki, Moskvanın bu avantürası baş tutmayacaq. Çünki Nikol Paşinyan hakimiyyətini gücləndirdikdən sonra Rusiya ilə növbəti qarşıdurmaya gedəcək. O, çalışacaq ki, Moskvanı Ermənistandan çıxarsın. Rusiya çıxdıqdan sonra isə Ermənistan normal ölkəyə çevrilə bilər. Lakin Ermənistanın baş nazirinin bu xətti davam etdirib, buna nail olacağı çətin görünür. Ona görə də Azərbaycan öz ordusunu daim gücləndirməli, Türkiyə ilə hərbi ittifaqı rəmiləşdirməlidir”.
Vazeh BƏHRAMOĞLU
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar