Qərb - Rusiya cəbhəsində alovlanan yeni gərginlik “soyuq müharibə”nin növbəti sərt raundu kimi qiymətləndirilir. ABŞ - Rusiya, Avropa İttifaqı - Rusiya, NATO - Rusiya siyasi səngərlərində yaşananlar və Moskvaya edilən təzyiqlər, tətbiq olunan sanksiyalar, Amerikanın yeni prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putini “qatil” adlandırması göstərir ki, dünya yeni geopolitik qarşıdurmaya şahidlik etməkdədir.
Lakin Rusiyanın sıxma-boğmaya salınması siyasətinin hansı həddə qədər davam edəcəyi, nəhəng dövlətin çökdürülməsi, zəiflədilməsi ilə nəticələnəcəyi, yoxsa Kremldən bəzi güzəştlərin qoparılması üçün ram edilməsi niyyəti güdüldüyü qarşıdakı dövrdə bilinəcək.
ABŞ və Rusiya ilk baxışda bir-birinə “quyu qazan” ölkələr kimi görünsələr də, əslində hər iki tərəf baş verən gərginlikdən yararlanaraq, bundan daxili siyasətdə vasitə kimi istifadə edir.
Ona görə də hardasa bir-birilərinin “mövcudluq səbəbinə” çevrilən ABŞ və SSRİ-ni, bizim günümüzdə isə ABŞ və Rusiyanı “düşmən qardaşlara” bənzətsək, heç də şişirtmiş olmarıq.
Musavat.com xəbər verir ki, REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin sözlərinə görə, ABŞ-la Rusiya arasında münasibətlər çox kritik yöndə inkişaf edir:“Baydenin Putin haqda dediyi emosional sözlər, iki ölkə arasında münasibətləri “soyuq müharibə-2” moduna keçirir.
Məni narahat edən odur ki, ABŞ və Avropa Birliyi ölkələrinin Rusiya ilə münasibətlərin gərginləşməsi Kremlin qonşularının başında çatlaya bilər.
Şimal qonşumuzun Qərblə münasibətlərinin kəskinləşməsi qısa vaxtda Putin rejimini gücləndirir, daxili tənqidçilərin mövqeyini zəiflədir, onları Qərbin “agenti” kimi təqdim edilməsinə Kremlə fürsət yaradır.
Orta və uzun vadədə isə təbii ki, Rusiyanı zəiflədə biləcək addımlar atılır, amma qısa zaman kəsimində çox təhlükəli durum yaranır.
Məsələn, Kreml Donbasa qoşun yeritsə, Ukraynanın şərqini tam işğal etsə və bunu “öz vətəndaşlarımızın qorunması”, adı altında atsa, Qərb buna necə mane olacaq?! Bu gün Donbasda artıq 500 min insana Rusiya pasportu paylanılıb, bunu bəhanə edib qoşun ora girsə rəsmi Vaşinqton, Brüssel hansı addım atacaq?! Bəyanat verəcək? Sanksiya qoyacaq?!
Axı işləmir bu sanksiyalar, nə qədər ki, neft 60 dollardan, qazın hər 1000 m3-i 250 dollardan bahadırsa, sanksiyalar heç bir effekt vermir”.
N.Cəfərli hesab edir ki, Rusiyadan neft-qaz almamaq da mümkün deyil, AB qaz ehtiyacının 35-40%-ni Rusiya verir, Şərqi Avropa neftayırma zavodları Ural markalı Rusiya neftinə görə quraşdırılıb və o zavodlar böyük pul qazanırlar:“Yaxın zaman kəsimində ABŞ-Rusiya qarşıdurması çox kəskinləşərsə, bu Ukraynanın, Moldovanın, Gürcüstan, Ermənistan və Azərbaycanın başında çartlaya, Kremli yaxın ərtafında daha aqressiv olmağa təşviq edə bilər”.
Politoloq Züriyə Qarayevanın Musavat.com-a bildirdiyinə görə, son vaxtlar Avropa ölkələrinin müxtəlif cinahlardan Rusiyaya təsir və təzyiq həmlələri artmaqdadır:“Məsələn, İngiltərə Rusiyaya öz hərəkətlərinin “həqiqi nəticələrini hiss etdirmək” istəyir. İngiltərə Xarici İşlər Naziri Dominic Raab NATO ölkələrini Rusiyanı “düşmənçilik” hərəkətlərinin “həqiqi nəticələrini hiss etməsinə” vadar etməyə dəvət edib. Düşünürəm ki, Raabın müttəfiqlərlə "Rusiya təhdidi" barədə ətraflı danışmağı planlaşdırır.
Yəqin ki, nazir dünya miqyasında demokratiyaları və açıq cəmiyyətləri təhdid etmək üçün yeni, dağıdıcı texnologiyalardan istifadə edən Rusiya təcavüzünün dəyişkən təbiətindən danışacaq.
Danışılacaq motivlər arasında, Rusiya tərəfindən adi hava hücumundan müdafiə sistemlərindən yayınmağa qadir olan yeni ultra-modern raket sistemlərinin inkişaf etdirilməsindən və seçkilərə müdaxilə etmək, ya koronavirus haqda yanlış məlumat yaymaq üçün istifadə olunan, dövlət tərəfindən dəstəklənən kiber hücumlar barədə müzakirələr də önəmli yer tutacaq”.
Ekspertin sözlərinə görə, 23-24 mart tarixlərində keçirilən NATO sammitində müzakirə planları açıqlanıb:“Bu, alyans ölkələri nazirlərinin bir ildən çox müddətdə ilk şəxsi görüşü olacaq. Martın 16-da İttifaqın baş katibi Yens Stoltenberqin NATO üçün əsas təhdidlərin adı verilən hesabatı yayımlandı. Bunlar Rusiya, terrorizm, kiberhücumlar, Çin və iqlim dəyişiklikləridir. Yəqin ki, NATO sammitində Rusiyaya qarşı alınacaq sərt qərarlara hazır olmaq üçün bu günlərdə Putin müdafiə naziri Şoyqu ilə tayqa meşələrinə çəkilmişdi”.
Siyasi şərhçi Ramiyə Məmmədovanın Musavat.com-a dediyinə görə, tam gücü ilə növbəti “soyuq müharibə” başlayıb:“Amma Baydenin bu təzyiqləri Putinin əlini gücləndirir. Amerika bu siyasəti əvvəl də test edib, Moskvanı belə yıxmaq alınmayıb. Lavrov açıq şəkildə günahı Qərbdə görür, Baydenin isə Putin hakimiyyətini dəyişmək istiqamətində hərəkət edəcəyi şübhəsizdir. Demokratiyadan daha çox, bu vasitə köhnəlib və Rusiyada işləmir, sanksiyalarla tükəndirmək metodu seçilir”.
Onun fikrincə, bu qarşıdurmada əsas cəbhənin Cənubi Qafqazın olacağı ehtimalı da böyükdür:“Qarabağ müharibəsi ilə yaranan reallıqlar, Bakı-Aşqabad razılaşması, ABŞ-ın Türkiyə vasitəsilə Mərkəzi Asiyaya çıxışı göz qabağındadır. Amma regionda “altılıq platforması” yaranır və Rusiyanın burada yer alması ABŞ-ın Mərkəzi Asiyaya çıxışını və Çinə hücum strategiyasını əngəlləyir. O baxımdan ABŞ-ın Rusiyaya qarşı əsas mübarizə cəbhəsi Cənubi Qafqaz - “altılıq platforması” ola bilər”./Anaxeber.info/
Emil Salamoğlu,