İranda türksüz keçəcək seçki: Xameneyi niyə Laricanidən üz çevirdi? - TƏHLİL

31-05-2021, 17:44   


İranda türksüz keçəcək seçki: Xameneyi niyə Laricanidən üz çevirdi? - BİZİM TƏHLİL

İranda iyunun 18-də keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlər müəyyənləşib.
Prezident kürsüsünə iddia edən 592 nəfərdən yalnız 7 nəfərin namizədliyi təsdiq olunub.
Onlar hazırkı Ədliyyə naziri və Ali Məhkəmənin sədri İbrahim Rəisi, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sabiq rəisi Möhsün Rezayi, İran parlamentinin üzvü Amir Hüseyn Qazizadə Haşimi, keçmiş diplomat Səid Cəlili, sabiq millət vəkili olmuş Əli Rza Zəkani, İran Mərkəzi Bankının sədri Əbdül Nasir Həmmati və Məhəmməd Xatəminin prezidentliyi dövründə idman naziri və vitse-prezident postlarını tutmuş Möhsün Mehrəlizadədir.
Namizədlərin beş nəfəri mühafizəkar xətti, Əbdül Nasir Həmmati və M.Mehrəlizadə isə islahatçıları təmsil edir. Onların arasında Güney Azərbaycan türkü yoxdur, namizədlərin hamısı farsdır.
Namizədlərdən İbrahim Rəisinin seçilmək şansı daha yüksək hesab edilir. Bu da onun ali dini lider Ayətullah Seyid Əli Xameneyiyə daha yaxın olması ilə bağlıdır.
Qeyd edək ki, mühafizəkar baxışları ilə seçilən İbrahim Rəisi 2017-ci ildə prezidentliyə namizəd olsa da, rəqibi Həsən Ruhaniyə məğlub olmuşdu. Namizədlərin qeydiyyatına may ayının 27-də baxılıb.
Bu prosesə qədər ən şanslı namizəd kimi parlamentin sabiq sədri, Xameneyinin müşaviri Əli Laricaninin adı çəkilirdi. Ancaq onun namizədlyinin qeydə alınmaması çoxları üçün gözlənilməz olub. Laricani həm islahatçıları, həm də mühafizəkar xətti birləşdirəcək ən məqbul namizəd hesab edilirdi. Bu da ilk növbədə, onun seçkilərə müstəqil namizəd kimi qatılması ilə bağlıdır.
Ancaq onun seçkilərə buraxılmaması ali lider Xameneyinin İbrahim Rəisiyə daha çox etimad göstərdiyindən xəbər verir. Qeyd edək ki, Əli Laricani mötədil mühafizəkar xəttə liderlik edir. İbrahim Rəisi isə ultramühafizəkar mövqeyi ilə seçilir. O, prezident seçilərsə, Əhmədinejaddan sonra ikinci ultramühafizəkar prezident olacaq.
Əli Laricani İranın nüvə proqramı ilə bağlı ABŞ-ın da daxil olduğu “Altılıq” ölkələri ilə 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planının tərəfdarıdır. Bu baxımdan, onun mövqeyi mühafizəkar elitanın nümayəndələri, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu ilə üst-üstə düşmür.
Ona görə də “SEPAH” Rəisiyə dəstək verir. Artıq namizədliyi Nəzarət Şurası tərəfindən qeydə alınmayan İslam İnqilabı Keşikçiləri Korpusunun inşaat şöbəsinin sabiq rəisi Səid Məhəmməd öz komandası ilə birlikdə İbrahim Rəisini dəstəkləyib.
İİKK sabiq komandanı Möhsün Rezayinin də Rəisinin xeyrinə namizədliyini geri götürəcəyi istisna deyil. Ali liderin mötədil Laricaninin deyil, Rəisinin namizədliyini məqsədəuyğun görməsi də yəqin bununla bağlıdır.
Laricaninin İranın daxili və xarici siyasətinə ciddi təsiri olduğunu nəzərə alsaq, onun diskvalifikasiyası seçki prosesində siyasi qütbləşmə yarada bilər. Bu isə hakimiyyətdən narazılığın güclü olduğu İranda siyasi qarşıdurmanı artıracaq.
Əli Laricani İrandakı mövcud rejimin əsas fiqurlarından sayıldığı üçün ona qarşı çıxacaq siyasətçi deyil. Ancaq ölkədə sosial narazılığın artması və seçkiqabağı siyasi fəallığın artması fonunda qütbləşmənin baş verməsi rejimin xeyrinə olmayan vəziyyət yaradır.
Müşfiq Abdulla
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar