Türkiyə regionun yeni inkişaf modelini elan etdi: Ermənistana “səfil dövlət” statusundan xilas şansı verildi

2-06-2021, 19:05   



Rəsmi Ankaranın planı reallaşarsa, Cənubi Qafqazın “qapıları” kənar güclərin üzünə qapanacaq; ABŞ və Fransa isə Ermənistana nəzarət uğrunda Rusiya ilə toqquşmalı olacaq...

Cənubi Qafqaz regionu uğruna mübarizə intensivləşmiş kimi görünür. Ermənistan yenidən ABŞ və Fransanı bu regionu əsas geopolitik oyunçuları sırasına qatmağa çalışır. Və bütün cəhdlərini ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgədə fəallaşdırılması üzərində indeksləşdirib.Hətta son məlumatlara görə, Minsk Qrupu həmsədrləri Azərbaycan-Ermənistan sərhədlərində araşdırma aparmaq niyyətinə belə, düşüblər. Halbuki bu, onların missiyasını aşan niyyətdir. Üstəlik, həm də beynəlxalq hüquq nomalarının pozulmasına açıq və ciddi cəhddir.
Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası birmənalı şəkildə iki qonşu ölkə arasında həll ediləcək məsələdir. Bu məsələnin Minsk Qrupu həmsədrlərinə heç bir aidiyyatı yoxdur. Və bu istiqamətdə hər hansı addımların atılmasına cəhdlər Azərbaycanın daxili işlərinə müdaxilə anlamına gələcək.
Çünki Minsk Qrupu həmsədrlərinin missiyası Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları yolu ilə nizamlanması ilə bağlı idi. 44 günlük savaşın nəticələri isə həmsədrlərin missiyasını sona çatdırıb. Hər halda, Dağlıq Qarabağ problemi artıq Azərbaycan ordusunun parlaq və tarixi zəfəri sayəsində həll olunub.
Artıq həllini tapmış bir məsələ ilə bağlı süni missiya daşımağa da qətiyyən ehtiyac yoxdur. Rəsmi Bakı da dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi nizamlanıb. Eyni zamanda, artıq belə bir inzibati ərazi vahidi də mövcud deyil. Yəni rəsmi Bakı Minsk Qrupuna da, onun həmsədrlərinə də hər hansı kənar müdaxiləyə imkan verməyəcəyini anlatmağa çalışır.
Təbii ki, ABŞ və Fransanın hazırda öz əhəmiyyətini itirmiş “Minsk Qrupu həmsədrləri örtüyü altında gizlənərək”, regiona girməyə çalışmaları Azərbaycanı qətiyyən məmnun edə bilməz. Çünki rəsmi Bakı Cənubi Qafqazda Azərbaycanın regional liderliyindən imtina etmək niyyətində deyil. Və buna qarşı çıxmağa çalışan istənilən kənar qüvvələrə müqavimət göstərməkdən çəkinməyəcək.
Onu da qeyd edək ki, arxasında Ağ Evin təlimatlarının dayandığı qətiyyən şübhə doğurmayan “Ermənistanın israrlı çağırışları” ilə ABŞ və Fransanın Cənubi Qafqaza qayıtmaq niyyəti Türkiyəni də qətiyyən qane etmir. Əksinə, rəsmi Ankara bu iki dövlətin regionda birmənalı şəkildə pozuculuq fəaliyyətinə can atdığını nəzərə alır. Və onların regiona yolunun qapanmasına cəhd göstərir.
Buna misal olaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Qafqaz regionu ilə bağlı son açıqlamasını göstərmək olar. Belə ki, prezident R.T.Ərdoğan Türkiyənin regionda Azərbaycan-Gürcüstan-Ermənistan və yaxud da Azərbaycan-Türkiyə Gürcüstan formatında yeni əməkdaşlıq modellərini dəstəkləyəcəyini bəyan edib. Və bu, regiona can atan bütün kənar güclərə sərt xəbərdarlıq mesajı kimi də anlaşıla bilər.
Məsələ ondadır ki, prezident R.T.Ərdoğanın bu açıqlaması Türkiyənin Cənubi Qafqazda əsas geopolitik oyunçulardan biri olduğunun qabardılması kimi qəbul edilməlidir. Rəsmi Ankara ABŞ və Fransaya bu regionda onlara ehtiyac olmadığını anlatmağa çalışır. Bütün cəhdlərə kəskin reaksiya veriləcəyini və qarşısının qətiyyətlə alınacağına eyham vurur.
Türkiyə regionda Azərbaycan-Gürcüstan-Ermənistan formatında üçtərəfli əməkdaşlıq formarının ən doğru model olduğunu ön plana keçirtməyə üstünlük verir. Belə anlaşılır ki, rəsmi Ankara Cənubi Qafqazda sadəcə, region ölkələrinin ortaq inkişaf perspektivlərinin sınaqdan keçirilməsinin tərəfdarıdır. Burada ABŞ və Fransaya hər hansı rolun ayrılmasına qarşı çıxır.
Eyni zamanda, bu model rəsmi Ankaranın Ermənistana da daha bir şans verilməsinə tərəfdar olduğunu göstərir. Türkiyə rəsmi İrəvanın ABŞ və Qərbin “qaranlıq vədlər”indən imtina edərək, real inkişaf perspektivlərinə üstünlük verə biləcəyinə ümid bəsləyir. Hər halda, regionun resursları, nəqliyyat-kommunikasiya xətləri, perspektivdə gözlənilən iqtisadi-ticari layihələr rəsmi İrəvan üçün Ermənistanın gələcək inkişafı baxımından, olduqca cəlbedici xarakter daşıyır.
Ancaq rəsmi İrəvanın gələcək inkişaf perspektivlərindən yan keçməyə çalışaraq, siyasi avantüralara üstünlük verməsi regional inkişaf imkanlarını məhdudlaşdırır. Əgər, rəsmi İrəvan regiona ABŞ və Fransanı himayədar ölkələr statusunda yerləşdirməyi hədəfləyən bu avantürist siyasi kursundan imtina etməzsə, onda Ermənistan daha böyük problemlərlə üzləşə bilər. Hər halda, rəsmi İrəvana qarşı “oyundankənar vəziyyət” modeli də hazır vəziyyətdədir.
Məsələ ondadır ki, bu halda, Azərbaycan-Türkiyə-Gürcüstan regional əməkdaşlıq modeli işə salına bilər. Bu modelin reallaşacağı təqdirdə, Ermənistan regional əməkdaşlıq layihələrindən faydalanmaq şanslarından tamamilə məhrum edilmiş olacaq. Yəni, Ermənistanın indiki iqtisadi blokada vəziyyətində qalmaqda davam edəcək.
Düzdür, bu halda, ABŞ və Fransa Ermənistanda yerləşmək imkanı qazana bilər. Ancaq bu variant iki səbəbdən ABŞ və Fransanı tam şəkildə qane etməyəcək. Belə ki, Ermənistan regional əməkdaşlıq sistemindən kənarda saxlanılacağından ABŞ və Fransanın Cənubi Qafqazdakı iştirakı sadəcə, bu ölkənin coğrafiyası ilə məhdudlaşmış olacaq.
Digər tərəfdən, bu, həm ABŞ və Fransaya, həm də elə Ermənistanın özünə də ciddi problemlər yaradacaq. Birincisi, Ermənistanın geopolitik və strateji əhəmiyyəti demək olar ki, yoxdur. Eyni zamanda, bu ölkənin iqtisadiyyatı ABŞ və Fransanın “iştah”ına görə deyil. Üstəlik, Rusiya faktoru ilə də üzləşməli olacaqlar.
Ermənistanın bütün iqtisadiyyatı Rusiya şirkətlərinin nəzarəti altındadır. Kreml ABŞ və Fransanın Ermənistan iqtisadiyyatı üzərindən bu ölkəyə yerləşməsinə imkan verməz. Üstəlik, Ermənistanda Rusiyanın hərbi bazaları və sərhəd qoşunları da var. Ən əsasısa, Kreml Ermənistanı Rusiyanın for-postu hesab edir. Bu isə ABŞ və Fransanın Ermənistan uğrunda Rusiya ilə qarşıdurmaya girmək perspektivini aktual saxlayır.
Göründüyü kimi, ABŞ və Fransa nə qədər cəhd göstərsələr də, bu dövlətlərin Cənubi Qafqaza yerləşməsi qətiyyən asan məsələ deyil. Türkiyənin gündəmə gətirdiyi iki əməkdaşlıq modelində Cənubi Qafqaza hər hansı kənar dövlətin nüfuz etməsi mümkün deyil. İkinci variantdasa, Ermənistan “qapı”sı formal olaraq, açıq qalmış olur. Ancaq həmin “qapı”nın da gözətçisi məhz Rusiya olduğundan ABŞ və Fransa üçün oradan da keçid imkanları deçək olar ki, mövcud deyil. Kreml kimsəyə o “qapı”dan keçid imkanı verməz.
Bütün bunları nəzərə aldıqda, hesab etmək olar ki, ABŞ və Fransanın uzun müddətdən bəzri davam edən israrlı cəhdlərinə nəhayət ki, Türkiyə lazımi reaksiyanı vermiş oldu. Rəsmi Ankara Cənubi Qafqazın əməkdaşlıq və inkişaf modelini elan etdi. ABŞ və Fransanın regiona girişinin bloklanacağına eyham vurdu. Ermənistana öz gələcək inkişaf perspektivlərini doğru müəyyənləşdirmək şansı tanıdı. Ancaq atılacaq yanlış addımda bu şansı itirib, “səfil dövlət” statusunda qalacağını anlatdı.
Bundan sonrası Ermənistan üçün yalnız doğru seçim qabiliyyətindən asılı olacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar