Jurnalistlərin vahid reyestri və vəsiqə: Yeni qanun nələri dəyişəcək?-RƏYLƏR

3-07-2021, 17:20   


Jurnalistlərin vahid reyestri və vəsiqə: Yeni qanun nələri dəyişəcək?-RƏYLƏR

"Vahid jurnalist reyestrinin tətbiqi "reket" jurnalsitikasının qarşısını alacaq. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanına uyğun olaraq hazırlanan “Media haqqında” yeni qanun layihəsində jurnalistlərə vəsiqənin verilməsi müddəası nəzərdə tutulub”.
Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov deyib.
Onun sözlərinə görə, bu müddəalar könüllü xarakter daşıyır:
“Jurnalistlər tərəfindən vəsiqənin alınması könüllü olacaq. Həmçinin həmin vəsiqənin alınması üçün tələblər müəyyən olunacaq. Həmin tələblərə cavab verən jurnalistlərə isə MEDİA tərəfindən vəsiqələr veriləcək”.
Maraqlıdır, jurnalistlərə yeni vəsiqələr hansı meyarlar əsasında təqdim ediləcək? Yeni qanun jurnalistikada mövcud problemlərin qarşısını ala biləcəkmi?
Bu barədə Cebhe.info-ya danışan teletənqidçi, Əməkdar jurnalist, professor Qulu Məhərrəmli bildirib ki, ümumiyyətlə, dünyada vahid vəsiqənin verilməsi praktikasına az-az rast gəlinir:

"Bunlar əsasən, müəyyən məqsədlərlə verilir. Məsələn, Türkiyədə vaxtilə jurnalistlərə "sarı kart" verilirdi ki, onlar vəzifəsinin icrası zamanı nəqliyyat xidmətindən və yaxud polisin köməyindən istifadə edə bilsinlər. Ancaq ümumi vəsiqə ilə yanaşı hər kəs mənsub olduğu qurumun vəsiqəsini daşıyırdı.
Digər tərəfdən, ümumi reyestrin yaradılması, vahid kart sisteminə keçilməsi ilə bağlı ümid edirik ki, onun arxasında işıqlı məqsəd dayanır. O məqsəd də ondan ibarət ola bilər ki, Azərbaycanda çox sayda özfəaliyyətlə məşğul olan qəzetlər, saytlar və media qurumları var. Onlar sui-istifadə edir və "reketçiliklə" məşğul olurlar.
Güman edirəm ki, o cür tör-töküntülərin qarşısının alınmasına müəyyən dərəcədə xidmət edə bilər. Ancaq hamının vahid vəsiqə alması mütləq deyil. Bu vəsiqəni almaq üçün xüsusi şərtlərin olması, yəni media qurumuna hansı üstünlükləri, güzəştləri qazandıracağı ilə bağlı dəqiq məlumat yoxdur. Ancaq vaxtilə jurnalistlər təşkilatları öz üzvlərinə kartlar verirdi. MEDİA da hesab edirəm ki, ümumi bir media havası yaratmaq üçün bu addımları atmağa can atır. Hamının vahid vəsiqə daşımasının xüsusi önəmi yoxdur və məcburi şəkildə media qurumlarını buna sövq eləmək hüquqi baxımdan doğru deyil".
Media üzrə ekspert, Əməkdar jurnalst Azər Həsrət isə bildirdi ki, bu, ümumilikdə çox yerinə düşən bir təşəbbüsdür:

"Biz əvvəlki illərdə də bunu dilə gətirirdik və vahid jurnalist vəsiqəsinin tətbiq edilməsi üçün təşəbbüs irəli sürürdük. Hətta Mətbuat Şurası bununla bağlı bir proses başladı, ancaq təəssüf ki, bu irəliləyə bilmədi və yarımçıq qaldı. Bu gün görürük ki, MEDİA həmin məsələlərdə daha qətiyyətli davranmağa qərarlıdır. Əlbəttə ki, biz də ictimai təsir imkanlarımızdan istifadə edib, bu cür təşəbbüsləri dəstəkləyirik.
Burada kriteriyalara gəlincə, kimlər bu vəsiqələnin sahibi olmalıdır, vahid jurnalist reyestrinə daxil olmalıdır dedikdə, mütəmadi olaraq jurnalistika ilə məşğul olan, konkret olaraq əmək müqaviləsi olan, həqiqətən də bu sahədə çalışan, gəliri jurnalistikadan olan adamlar birmənalı şəkildə o reyestrə əlavə edilməlidir.
Digər tərəfdən, elə jurnalistlər var ki, mütəmadi olaraq bu fəaliyyətlə məşğul deyillər, məsələn, Əməkdar jurnalist, yaxud digər fəxri adlar almış, özəlliklə də nisbətən yaşlı jurnalistlər var ki, onlar gündəlik jurnalist fəaliyyəti ilə məşğul olmasa belə, cəmiyyətdə jurnalist kimi tanınır, qəbul olunur. Təbii ki, onlar da mütləq həmin reyestrə daxil edilməlidir.
Digər tərəfdən, müstəqil jurnalistika ilə məşğul olan adamlar var ki, məsələn, xaricdə onların yazıları çap olunur, həmin insanlar da siyahıya salınmalıdır".
Ümumiyyətlə, yeni vəsiqələrin verilməsi cəmiyyətə, jurnalistikaya nə verəcəyinə gəldikdə, ekspertin fikrincə, keyfiyyət yüksələcək, həqiqi jurnalistlər artıq özünü jurnalist kimi təqdim edən təsadüfi adamlardan fərqləndiriləcək, həmçinin jurnalistlər bu və ya digər şəkildə hansısa informasiya mənbəyinə müraciət etdikdə onların həqiqətən də jurnalist olması, dəqiqləşdirilməsi üçün reyestr olacaq:
"İnternet üzərindən istənilən şəxs bu reyestrə daxil olub həmin insanın kimliyini müəyyənləşdirə biləcək. İndi təsadüfi adamlar var ki, bir möhür və özündən bir media qurumu düzəldir, hətta mövcud olmayan media qurumu adından 100-dən çox adama jurnalist vəsiqəsi verir.
Həmin adamlar da ölkənin müxtəlif bölgələrini gəzərək "reket" dediyimiz fəaliyyətlə, "şantaj"la məşğul olurlar. Artıq həmin reyestr təşkil olunduqdan sonra o cür adamlar siyahılara düşə bilməyəcəklər və gedib hardasa, kiməsə müraciət etdikdə onların adı reyestrdən çıxmayacaq, bu məsələ də bağlanacaq. Bu, əlbəttə ki, ilkin olaraq bildirdiyimiz fikirlərdir.
Bunun ümumilikdə üstünlükləri həm də ondan ibarət olacaq ki, jurnalistlərə əlavə imkanlar tanınacaq, reyestrdə adı keçən jurnalistlərin əlavə imtiyazları olacaq ki, bu da bütövlükdə jurnalistikada keyfiyyətin yüksəlməsinə səbəb olacaq".
Nigar
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar