Bəzi Qərb hərbi ekspertləri iqlim silahları ilə bağlı gündəmə gətirilən narahatlıqları artıq çox gecikmiş etiraz hesab edirlər; Onların fikrincə, indi əsas məsələ sadəcə, dünyanı ağuşuna alan təbii fəlakətlərin törədici səbəbləri sırasında iqlim silahlarının rolunu dəqiqləşdirməkdir...
Dünya təbii fəlakətlər ilə baş-başa qalıb. Bəzi regionlarda sel, sunami, bir başqa bölgədə meşə yanğınları intensive xarakter alıb. Üstəlik, müşahidələr göstərir ki, dünyanın hətta ən inkişaf etmiş ölkələri belə, təbii fəlakətlərin qarşısını almaqda çərinlik çəkirlər.Məsələn, ABŞ-da meşə yanğınları artıq bir aydır ki, davam edir. Almaniya sel gəlakəti qarşısında aciz qalıb. Dünyanın hazırda 30-a yaxın ölkəsində, o cümlədən, Rusiyada, İtaliyada, Yunanıstanda, İspaniyada və Türkiyədə meşə yanğınları ilə mübarizə aparmaq məcburiyyətində qalıblar.
Maraqlıdır ki, bəzi ölkələrdə, eləcə də, Türkiyədə güclü meşə yanğınlarının baş verməsindən sonra bəzi ekspertlər öz ölkələrinin hökumətlərini süni yağış texnologiyasından istifadə etməyə çağırmağa başlayıblar. Və bu, istər-istəməz “İnsan təbiətdəki prosesləri idarə edə bilərmi” məzmunlu köhnə sualları yenidən aktuallaşdırıb.
Ona görə də, hazırda iqlimin süni şəkildə dəyişdirilməsinin təbiətdə qarşısıalınmaz kataklizmlərə yol aça biləcəyi ilə bağlı iddialara da gündəmə gətirilməkdədir. Bu isə növbəti dəfə müasir dünya dövlətlərinin artıq bir sıra iqlim (qeomaqnit, stratosferik və s.) silahlarına sahib olduqları barədə ehtimalları da gücləndirmiş olur. Və hazırda Qərb mətbuatı bu mövzunu üstüörtülü də də olsa, müzakirə etməyə başlayıb.
Əlbəttə ki, bu barədə artıq müəyyən mülahizələr də mövcuddur. Xüsusilə də, müxtəlif ölkələrin hava şəraitini idraə edə bilmələri inkaredilməz reallıqdır. Məsələn, buna əmin olmaq üçün Rusiyada hər il 9 may faşizm üzərində qələbə bayramı ərəfəsində paytaxt Moskva şəhərinin səmasından “buludların qovulması”nı xatırlamaq yetərlidir. Bu, qələbə paradında iştirak edən döyüş təyyarələrinin uçuşunu təmin etmək üçün vacib hesab olunur.
Onu da qeyd etmək lazımdır ki, təbii fəlakətlərə nəzarət nəzəriyyəsini ilk dəfə ABŞ-da XIX əsrin ilk yarısında ciddi şəkildə müzakirə etməyə başlamışdılar. Ancaq ilk dəfə belə texnologiya Texas ştatında 1916-cı ildə tətbiq olunub. Belə ki, süni yağışa nail olunub, nəticədə sel fəlakəti çoxsaylı insan tələfatına və dağıntılara yol açıb.
XX əsrin 90-cı illərindəsə, Qərbdə bu texnologiyalardan yalnız “ekoloji təhlükəsizlik” çərçivəsində istifadə olunmasının vacibliyi vurğulanırdı. 2000-ci illərdə artıq “qeomühəndislik” termini peyda oldu. Bəzi Qərb dövlətlərinin hökumətləri öz xarici siyasət strategiyalarında təhdid müxtəlifliyinə nail olmaq niyyətlərini məhz bu terminin altında gizlətməyə çalışırdılar.
Maraqlıdır ki,
The Guardian nəşri hələ 10 il əvvəl yazmışdı ki, geomühəndislik sxemləri, havanın tərkibindən CO2-nin çıxarılması və ya planetin səthinə çatan Günəş işığının miqdarının məhdudlaşdırılması yolu ilə iqlim dəyişikliyinin təsirlərinin qarşısını almaq məqsədilə hazırlanmış layihələrdir: “Genişmiqyaslı geomühəndislik hələ də inkişaf mərhələsindədir. Ancaq iqlim dəyişikliklərinə nəzarətin tərəfdarları dünyanın daha pis nəticələrdən yayınması üçün əvvəl-axır geomühəndisliyin zəruri sahəyə çevriləcəyini iddia edirlər”.
Maraqlıdır ki, bəzi Qərb mütəxəssisləri hesab edirlər ki, dünya dövlətləri geomühəndislikdən yalnız insanların təbii fəlakətlərdən qorunması üçün istifadə etməlidirlər. Əgər, bu sahə də hərbi məqsədlərə yönəldilərsə, bu halda, insanlar planetin ən böyük düşməninə çevrilmiş olacaqlar.
Onlar hesab edirlər ki, ABŞ kimi superdövlət heç bir halda, belə texnologiyaları hərbi məqsədlərlə tətbiq etməyə qərar verməməlidir. Çünki bu, dünya dövlətlərinin iqlimi öz xeyrinə manipulyasiya etməsini stimullaşdıra bilər. Və son nəticədə insanlara fayda verə biləcək bir elmi sahə məhz dünya dövlətləri arasında iqlim xarakterli silahlar yaratmasına yönəldilmiş olar.
Ancaq fəqrli mövqedə olan bir çox Qərb hərbi ekspertləri bu istiqamətdə gündəmə gətirilən narahatlıqları çox gecikmiş məsələ hesab edirlər. Onlar iddia edirlər ki, iqlim silahları artıq mövcuddur və bu, inkaredilməz reallıqdır. Buna ən ciddi misal kimi isə Günəş radiasiyasının Yerin hava şəraiti dövrlərinə təsirini dəyişdirmək üçün planetin orbitində yerləşən süni peyklərdən istifadə edilməsini göstərirlər.
Onlar vurğulayırlar ki, US5762298 nömrə nişanı ilə 1998-ci ildə rəsmən qeydiyyata alınmış və Franklin Çen adlı ixtiraçı tərəfindən hazırlanmış bu texnologiya ilə yanaşı, ABŞ ordusu hələlik barəsində heç bir məlumat verilməyən fəqrli iqlim silahlarına da sahibdir. Yəni bu iqlim silahlarının həm müəllifləri, həm də təyinatları məxfiləşdirilib.
Ona görə də, bu tipli silahların mövcudluğuna şübhə etmək və ya onların barəsində fantastik filmlərin mövzusu kimi danışmaq tamamilə yersizdir. İndi əsas məsələ onların mövcudluğunu sübut etmək deyil. Hazırda dəqiqləşdirilməsi vacib olan önəmli məqam odur ki, dünyanı ağuşuna alan təbii fəlakətlərin törədici səbəbləri arasında iqlim silahları da yer alırmı? Yəqin ki, nə vaxtsa, bu sirrin də üstü açılmış olacaq, hələlik müəmmalı olan bir çox suallara daha aydın cavablar tapılacaq.
Elçin XALİDBƏYLİ,Siyasi ekspert,“Yeni Müsavat” Media Qrupu