““Taliban” hərəkatı ilə danışıqlar aparmaq məsələsində kimdənsə icazə almaq kimi bir məcburiyyətimiz yoxdur”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinaya səfərindən öncə jurnalistlərin suallarını cavablandırarkən deyib. “Bizim kiminlə harada, nə vaxt, necə görüşəcəyimiz barədə kimdənsə icazə almalı deyilik. Bildiyiniz kimi, səfirliyimizi Kabil hava limanındakı hərbi hissəyə köçürmüşük. Burada “Taliban”la səfirliyimizdə 3,5 saat davam edən ilk görüş keçirilib və bundan sonra da tələb olunarsa burada bu növ görüşlər keçiriləcək”, - deyə Ərdoğan vurğulayıb.
“Əfqanıstan xalqının sülh və dincliyi üçün 20 ildir töhfələr veririk. Əfqanıstanda prioritet vətəndaşlarımızın təxliyəsidir. Bütün qurumlarımız bu prosesi yaxından izləyir. Təxliyələri ən qısa və sürətli şəkildə tamamlayacağıq”, - o qeyd edib.
Ərdoğan “Taliban”ın Türkiyəyə hava limanının fəaliyyətini təmin etmək barədə təklif etdiyini vurğulayıb: “Taliban” bizə Kabil hava limanının fəaliyyətini təmin etməyi təklif edib. Bu mövzuda hələ qərar verməmişik”.
virtualaz.org