ABŞ kəşfiyyatının nümayəndələri avropalı müttəfiqləri xəbərdar ediblər ki, Rusiya Ukraynaya qarşı irimiqyaslı hərbi müdaxilə üçün şaxtaların düşməsini gözləyir. virtualaz.org xəbər verir ki, bu haqda “CBS News” telekanalı amerikalı rəsmilərə istinadən bildirir.Xəbər verildiyi kimi, Rusiya son bir ayda Ukrayna sərhədləri boyu iri qoşun qruplaşmaları cəmləşdirməkdədir. Bundan əvvəl də ABŞ kəşfiyyatı rəsmən Avropanı xəbərdar etmişdi ki, Rusiyanın Ukraynaya qarşı hərbi müdaxilə planı var.
Məlumata görə, ABŞ kəşfiyyatı hesab edir ki, Rusiya hücuma başlamaq üçün şaxtaların düşməsini gözləyir və havaların soyuması ilə hərbi müdaxilə riski də artacaq. Belə ki, Rusiya ordusu qış şəraitində daha yaxşı döyüşmək qabiliyyətinə malikdir və şaxta Ukrayna ordusunun əleyhinə işləyə bilər.
“Müdaxilə hava şərtlərindən asılıdır, amma Qərbin müdaxiləsi olmasa bir neçə həftə ərzində başlaya bilər”, - telekanalın kəşfiyyata istinadən yaydığı məlumatda deyilir.“The New York Times” qəzeti də Rusiyanın Ukraynaya qarşı tezliklə hərbi əməliyyata başlayacağı haqda xəbərlər alıb. Qəzetin yazdığına görə, ABŞ özünün avropalı müttəfiqlərini əmin edir ki, Rusiya tezliklə Ukrayna ərazisinə müdaxilə edəcək və Moskvanın bu planlarına mane olmaq üçün təcili hərəkətə keçmək lazımdır. Amerikalı məmurların hesab etdiyi kimi, bunun üçün birgə sanksiyalar paketi qəbul etmək lazımdır.
Qəzetin xəbərində deyilir ki, amerikalı rəsmilər Rusiyanın Ukrayna sərhədləri boyu cəmləşdirdiyi qoşunlarla bağlı nə edəcəyini hələ qərarlaşdırmayıb.
“Lakin Amerika kəşfiyyatının nümayəndələri müttəfiqləri xəbərdar edir ki, Rusiyanın Ukraynaya müdaxiləsini əngəlləmək üçün çox az vaxt qalır və onlar Avropa ölkələrini Moskvanı çəkindirmək üçün birgə iqtisadi-hərbi tədbirlər paketinin hazırlanmasına inandırmağa çalışırlar”, - qəzet bildirir.Qeyd olunur ki, ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Evril Heyns ötən həftə Brüsselə səfər edərək Rusiyanın Ukraynaya müdaxilə planlarının detallarını NATO ölkələrinin hərbi nümayəndələri ilə müzakirə edib.
virtualaz.org