Hücumun dekabrın sonunda-yanvarın əvvəlində başlayacağını təsdiqləyən informasiya sızdırıldı - “AZƏRBAYCAN ORDUSUNUN TƏTBİQ ETDİYİ SSENARİ İLƏ...”

22-11-2021, 12:13   


Qərb dövlətləri ABŞ başda olmaqla Rusiyanın şaxtalar düşəndə Ukraynaya qarşı genişmiqyaslı hücum əməliyyatlarına başlamağa hazırlaşdığı haqda həyacanlı kəşfiyyat məlumatlarını bölüşdükləri bir vaxtda Rusiya informasiya məkanında da bu hücuma hazırlığın əlamətlərini görmək olar. virtualaz.org xəbər verir ki, bir sıra Rusiya mənbələri Ukrayna ordusunun “Azərbaycanın ötən il Qarabağda istifadə etdiyi ssenari əsasında” Donbass üzərinə sürətli hücuma hazırlaşdığı haqda xəbərlər yayıblar.
Qeyd edək ki, Rusiya ictimai rəyini  Ukraynaya qarşı irimiqyaslı hücumu əsaslandırmaq üçün Kiyevi Donbassda təxribatlarda günahlandırmaq xətti davamlı olaraq aparılır. Bu baxımdan Ukraynanın “Azərbaycan ordusunun təcrübəsindən istifadə etməklə hücuma hazırlaşdığı” barədə həmin informasiya sızması da bu məqsədə xidmət edə bilər.

Orada iddia edilir ki, Rusiya Baş qərargahındakı mənbə Kiyevin Donbassı “zəbt etmək” planını açıb. Mənbənin iddiasına görə, Azərbaycanın ötən il Qarabağda istifadə etdiyi hücum ssenarisi əsasında Ukrayna ordusunun Donbass üzərinə sürətli hücuma başlaması təhlükəsi var. Hücumun dekabrın sonlarında-yanvarın əvvəllərində, Yeni il bayramı fonunda başlayacağı iddia edilir. Mənbə iddia edib ki, Ukrayna qoşunlarının qarşısında qoyulmuş vəzifə Donetsk və Luqansk “xalq respublikalarının” dərinliklərində mövqelər tutaraq onları əldə saxlamaq, yerli əhali arasında “təmizləmə” aparmaqdır.
Bundan əvvəl ABŞ kəşfiyyatındakı mənbələr də Rusiyanın Ukrayna sərhədləri boyu cəmləşdirilmiş qoşun birləşmələrinin hücuma keçmək üçün şaxtaların başlamasını, hücumun yaxın bir neçə həftə ərzində başlaya biləcəyini açıqlamışdı. ABŞ yaranmış vəziyyətlə bağlı avropalı müttəfiqləri ilə müzakirələr aparır və onları Rusiyaya qarşı birgə tədbirlərə inandırmağa çalışır.

Bu arada Donbassda şiddətli döyüşlərin getdiyi bildirilir. Donetsk vilayətinin separatçıların nəzarətində olan Qorlovka şəhəri istiqamətində şiddətli artilleriya atəşlərinin olduğu xəbər verilir. Yerli sakinlər mərmi və raketlərin uğultusundan yerin titrədiyini deyirlər. Almaniyanın “Bild” nəşrinin regiondakı müxbiri Culian Röpke də öz sosial şəbəkə hesabında Donetskdə ağır döyüşlərin getdiyini yazır. Hər bir neçə saniyədən bir ağır artilleriya zərbə endirir.
virtualaz.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar