Ərdoğanın prezidentliyi nə vəd edir?

28-08-2014, 12:21   
Ərdoğanın prezidentliyi nə vəd edir?Rəcəb Tayyip Ərdoğan adi bir baş nazir olmayıb və onun adi bir prezident olmayacağını da qətiyyətlə demək olar.

ANS PRESS-in BBC-yə istinadən məlumatına görə, 1950-ci illərdən bəri Türkiyə prezidentlərinin səlahiyyətləri yalnız təntənəli vəzifələrin həyata keçirilməsilə məhdudlaşıb.

Türkiyədə ilk dəfə keçirilən birbaşa prezident seçkilərindən öncəki kampaniya gedişatında cənab Ərdoğan öz sələflərindən fərqli olaraq daha fəal olacağını aydın bildirib.

"Ərdoğan parlament səsverməsilə yox, olduqca siyasiləşmiş kampaniya nəticəsində bilavasitə xalq tərəfindən seçilib. Bu böyük yeniliyin onun bir prezident kimi hakimiyyətinə təsirsiz ötüşəcəyini təsəvvür etmək mümkün deyil”, - hökumətpərəst jurnalist Yunus Göksu bildirir.

Lakin icra səlahiyyətlərinə malik prezidentlik yolu çətinliklərlə doludur. Burada ən mühüm addım Konstitusiyaya düzəliş etmək və prezident vəzifəsinin mahiyyətini dəyişdirməkdir.

Turgut Özal kimi xarizmatik siyasətçilər də daxil olmaqla əvvəlki ambisiyalı vəzifə sahibləri prezident rolunun genişləndirilməsinə nail ola bilməyiblər.
Onların səlahiyyətləri 1960-cı ildən bəri 4 dövlət çevrilişi həyata keçirmiş hərbi-bürokratik aparatın qeyri-formal təsirilə məhdudlaşdırılıb.
Müqayisədə cənab Ərdoğan hərbiyyənin nüfuzuna son qoymağa müvəffəq olub.

Ərdoğanın sabiq müşavirinin başçılıq etdiyi ölkənin ən effektiv təhlükəsizlik aparatı olan kəşfiyyat xidməti də (MİT) sərt nəzarət altındadır.
Rəcəb Tayyip Ərdoğan 1923-38-ci illərdə prezident olmuş müasir Türkiyənin banisi Atatürkdən sonra ölkənin ən nüfuzlu lideri sayılır.
Keçmişə qayıdış

Atarürk dövrlərində Ankaradakı prezident iqamətgahı Türkiyə siyasətinin mərkəzi olub. Atatürk başqa dövlət qurumları ilə yanaşı hərbiyyə üzərində az qala tam nəzarətə malik olub. Onda belə demək olar ki, müəyyən mənada prezidentlik özünün ilk formasına qayıdır:

• Cənab Ərdoğan ilk mərhələdə hökumət iclaslarını çağırıb onlara sədrlik etmək kimi indiyədək istifadə edilməyən funksiyaları bərpa edəcək.
• Yeni prezident həmçinin baş nazirin qərarlarına nəzarət etməklə öz səlahiyyət çərçivələrini genişləndirməyə cəhd edəcək.
• Cənab Ərdoğan nazirləri seçməkdə və 2015-ci ildəki seçkilərə namizədlər siyahısının hazırlanmasında nüfuzundan istifadə edəcək.

Baş nazir olarkən Ərdoğan adi hallarda onun birbaşa səlahiyyətləri kənarında qalan nazirlər və yerli hakimiyyət qərarlarına müdaxilə edib.
Onun prezident olduğu vaxtlarda bu üsul-idarənin dəyişəcəyinə dəlalət edən səbəb yoxdur.
AK partiyaya sərt nəzarət o deməkdir ki, Ərdoğanın namizədi kimi baş nazir vəzifəsinə təyin edilən Ahmet Davutoğlu hökuməti yönləndirməyə kömək edəcək.

Eyni zamanda türk millətçiləri və kürdlərin dəstəyini cəlb etməyə qadir olan yeganə siyasətçi kimi Ərdoğan PKK ilə danışıqlar aparmaq kimi mühüm rolu özündə saxlayacaq.

Lakin Konstitusiyanı dəyişdirmək üçün Ərdoğana parlamentdə səslərin üçdə ikisinə nəzarət etmək lazımdır.

Onun mənsub olduğu AK partiya əksəriyyətə malik deyil. Onun prezident seçkilərində topladığı 52 faiz səs öncəki 8 seçkilərdə göstərdiyi ən yaxşı nəticədir.

Parlament seçkilərinə bir il qalmış səslərin əksəriyyətini qazanmaq Davutoğlunun uğurlu olub-olmamasına bağlıdır. Cənab Ərdoğan seçkilərdə qələbəsini təmin etmək üçün öz idarəsilə bağlı cəmiyyətdəki qütbləşmədən faydalandı. Türkiyə ona sadiq və ondan nifrət edənlər arasında parçalanıb və bir sıra böhranlara rəğmən Ərdoğan özünə dəstəyi saxlaya bilib. Cənab Ərdoğan, özəlliklə də zəif və parçalanmış müxalifətin olduğu bir yerdə, qütbləşmənin ona faydalı olduğunu anlayır.

Onun davamçıları vahiddir və yaxşı təşkilatlanıb. Bu arada Ərdoğana qarşı opponentlik müxalifəti bir araya gətirən bəlkə də yeganə amildir.

Belə bir strategiya seçkilərdə qələbəni təmin etsə də, getdikcə daha zəif görünür. Onun prezident seçkilərindən sonrakı çıxışı mart ayında keçirilmiş yerli seçkilərin ardınca səslənən nitqi ilə müqayisədə barışıq tonu ilə fərqlənib.

Ərdoğanının rəğbətini qazanmalı olduğu qruplardan biri də 13 milyonluq ələvilər azlığıdır. Ana müxalifət partiyası olan CHP-in əhəmiyyətli hissəsi ələvi icmasının nümayəndələrindən ibarətdir. Ələvilər həmçinin 2013-cü ildəki Gezi parkı etirazları arxasında duran aparıcı qüvvə olublar.

Uzun müddət ərzində sabiq baş nazirə bəslənilən etimadsızlıq ələvilərin dəstəyinin qazanılmasında əsas əngəldir.

Lakin Ərdoğan parçalanmış və təhlükəli Yaxın Şərq bölgəsində manevr məkanına sahib olmaq istəyirsə onların dəstəyini qazanmaq məcburiyyətində qalacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar