Millət vəkilinin kitabdan hörülən evi

29-08-2014, 10:27   
Uzun fasilədən sonra “Tanınmışların kitabxanası” layihəsinə start veririk.
Bu dəfə kitabxanasını sizə təqdim edəcəyimiz həmsöhbətimiz millət vəkili Qənirə Paşayevadır. Qonağımızla əvvəlcədən razılaşdığımız kimi həftəsonu yaşadığı evdə görüşürük.Şəhərin səs-küyündən uzaqda, sakitlik və yaşıllıq içərisində olan evin yuxarı mərtəbəsi millət vəkilinin kitabxanasından ibarətdir.
Məktəbin “baş redaktoru” olan Qənirə Paşayeva
Kitablardan qabaq deputatın anası Tehran xanımla tanış olduq. Sualları həvəslə cavablandıranTehran ananın qızı ilə nə qədər fəxr etməsi hər verdiyi cavabdan bəlli olurdu.İxtisasca kimya müəlliməsi olan Tehran xanımın dediyinə görə, Qənirə Paşayevanın jurnalistikaya olan həvəsi məktəb zamanlarından özünü göstərib. Məktəbin divar qəzeti məhz deputat xanımın baş redaktorluğu ilə çıxıb. Onu da öyrəndik ki, sovet dönəmində buraxılan divar qəzetində kommunist ideyaları da tənqid edilib. Deputatın uşaqlıq və gənclik illəri ilə bağlı maraqlı xatirələri başqa yazıda sizə çatdıracam, indi isə qayıdaq kitablara…
Otaq başdan-başa kitablara əhatə olunub. Evin 3-cü mərtəbəsi bütünlükdə deputat xanımın kitabları, ensiklopediyaları, 100-dən çox ölkədən gətirdiyi hədiyyələr və antik əşyalar üçün nəzərdə tutulub.
Tarixi xalçaların, mütəkkə və nalçaların fonunda milli tarixi arnomentlərlə dizayn edilmiş otağa girəndə insan özünü mədəni-tarixi muzeylərdən birində hiss edir. Evin mansard qatında yerləşən bu otaq həm də antik təsir bağışlayır. Bütün bunların fonunda otağın kitabxana olması isə sanki tamamlayıcı rol oynayır. Sankim bu otağın divarları kitabdan hörülüb.
“Sağçı-solçu” çiyin-çiyinə…
XX əsrə aid musiqi alətləri, keçən əsrin qoxusunu özündə saxlayan köhnə kitablar, evin mansard qatına gözəllik verir. Minlərlə kitabın arasında hər düşüncədən və fikirdən kitablara rast gələ bilərsiniz. Qatı sağ fikirlərin müdafiəçisi olan filosoflarla solçuluğun əlifbası olan fəlsəfəçiləri kitabxanada “çiyin-çiyinə” görmək də insana ayrı bir zövq verir.
Deputatdan sevdiyi və hazırda oxuduğu kitabları soruşduq. Deyir ki, dünyəvi-fəlsəfi ədəbiyyatı özümə daha yaxın sayıram:
"Dünya filosoflarının hamısını oxumağa çalışıram. Marks, Nitşe, Şopenhauer, Engels kimi filosofların kitablarını gənclik illərində mütaliə etmişəm. Burda gördüyünüz kitabların demək olar ki, əksəriyyətini oxumuşam. Sevdiklərim də çoxdur. Ad çəkmək biraz çətin gəlir. Sevgidən, gözəllikdən yazan müəllifləri özümə daha yaxın hesab edirəm”.
Nazim Hikməti solçu olduğu halda sevirəm
“Düşüncələrini qəbul etdiyin insanı oxuyub sevmək çox asandır. Əsas məsələ odur ki, düşüncəsini, ideyalarını qəbul etmədiyin müəllifi sevəsən. Nazim Hikməti sevirəm. O, məhz belə bir insandır. Soçuluq mənim düşüncələrimə hər nə qədər zidd olsa da, Nazim Hikmətin sevgini təsviri, insan mənzərələrini ən saflığı və təmizliyi ilə şeirlərində ifadə etməsi olduqca gözəldir. Oxuyub, anlayıb da sevməmək mümkün deyil”.
Kitab rəfində türkcə kitablar çoxluq təşkil etsə də, müxtəlif dillərdə olan kitablara rast gəlmək olar.Jan Pol Sartr, Corc Oruel, Herman Hesse, Knut Hamsun kimi tanınmış dünya müəlliflərindən tanımadığımız əcnəbi və yerli müəlliflərə qədər minlərlə kitaba rast gəldik. Kitabxanada ən çox yer alan isə 150 cildlik “Dünya Ədəbiyyatı Kitabxanası” layihəsi ilə çıxan nəfis tərtibatlı kitablar oldu. Bu seriya ilə nəşr olunan əsərlərin hər birindən ağız dolusu danışmağı millət vəkilinin bu kitabların çoxunu oxuduğunu göstərir.
Ramiz Quliyevin tarı, Arif Babayevin qavalı və 150 illik aşqabı...
Kitablardan savayı diqqətimizi özünə çəkən musiqi alətləri oldu. Öyrəndik ki, musiqi alətləri Azərbaycanın xalq artistləti tərəfindən deputata hədiyyə edilib.Fotolarda gördüyünüz tar Azərbaycanın ustad tarzəni Ramiz Quliyevə məxsusdur və deputata özü hədiyyə edib. Tarixiliyi ilə seçilən qaval daşı isə Arif Babayev tərəfindən Qənirə xanıma yadigar olaraq verilib. Milli Məclisin Azərbaycan-Yaponiya dostluq qrupunda olan xanım millət vəkilinin günəş ölkəsindən gətirdiyi hədiyyələr də var. Onların arasında ən maraqlısı isə, Yaponiyanın xəritəsini əks etdirən və yapon çizgiləri ilə işlənmiş mini xalça-xəritədir. Yapon xəritəsinin asıldığı şkafın yuxarı gözünə qoyulmuş tarixi qazan isə XIX əsrə aid aşqabıdır. Deputat deyir ki, o aşqabı ailə yadigarıdır:
“Əvvəllər aş tez soyumasın deyə, armudu stəkan formasında olan bu qazandan istifadə edirmişlər. Ailə yadigarımızdır. Ona görə burda saxlamışam. Həm də tariximizdir”.
Layihəmizin adətinə uyğun olaraq deputat xanımdan kitablar da hədiyyə aldıq. Ancaq bu dəfə adəti biz xatırlamadıq. Qənirə Paşayeva özü istədiyimiz kitabları götürməkdə sərbəst olduğumuzu dedi və özü də bir neçə kitab hədiyyə etdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar