Manevr imkanları daralır, seçim etmək zamanıdır
Rusiyanın Ukraynaya qarşı savaş açması və Krımı işğal etməsi bütün dünyanın etirazına səbəb oldu. Vəziyyət o həddə çatdı ki, Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edildi və bu sanksiyaların davam edəcəyi gözlənilir. Bundan əlavə beynəlxalq tədbirlərdə anti-Rusiya layihələri müzakirəyə çıxarıldı və böyük səs çoxluğu ilə Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə olundu. Ancaq Putin hökuməti yenə də təcavüzkar siyasətini davam etdirir. Ötən gün məlum oldu ki, Rusiyanın sayı 1000 nəfərdən artıq olan nizami ordu hissələri çoxlu sayda zirehli texnika ilə sərhədi keçərək, "Donetsk separatçıları" adı altında Ukraynanın bir şəhərini və bir neçə yaşayış məntəqəsini işğal edib.
Deməli, Rusiyaya qarşı daha qətiyyətli münasibət sərgilənəcək və digər region ölkələrinin də seçim etməsi lazım olacaq. Sirr deyil ki, Azərbaycan hakimiyəti də mənəvi və siyasi baxımdan Rusiyaya yaxınlığı ilə seçilir. Ancaq Rusiyanın açıq şəkildə yenidən Ukraynaya hücuma keçməsi Azərbaycan hakimiyyətini ciddi seçim qarşısında qoyacaq.
Təbii ki, baş verənlər Avropa Birliyində, AŞPA-da, BMT-də və digər mötəbər qurumlarda müzakirə olunacaq.
Azərbaycan bu ilin mayından Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edir. Onun sədrliyi 6 ay olmaqla ilin sonlarınadək davam edəcək. Sentyabrda isə Avropa Şurasının növbəti sessiyası keçiriləcək və böyük ehtimalla bu sessiyada Rusiyanın Ukraynaya təcavüzü ciddi müzakirə mövzusu olacaq.
Azərbaycan bu quruma sədrliyi həyata keçirən ölkə kimi Rusiyanın aqressiv siyasətinə qiymət verməli və dünya ölkələri qarşısında tərəfini müəyyənləşdirməli olacaq. Ərazisinin 20 faizi düşmən tapdağında olan bir ölkənin Rusiyaya haqq qazandırması, siyasi baxımdan uğursuzluq olardı. Ancaq bu günə qədər sərgilənən mövqe də onu deməyə əsas verir ki, Azərbaycan hakimiyyəti qarşıdakı dönəmdə ağır sınaqla qarşılaşacaq. Belə ki, Rusiyanın əleyhinə getməmək istəyi ilə real vəziyyət arasında seçim məqamı olacaq.
Qeyd etdiyimiz kimi, Rusiyanın son günlər açıq şəkildə Ukraynaya hücum etməsi indiyədək olan manevr imkanlarını sıfra endirir. Başqa sözlə “balans” erası başa çatır və “lövhə” yə ad yazdırmaq vaxtıdır.
Onu da qeyd edək ki, son günlər dünyanın nüfuzlu nəşrləri Azərbaycan hakimiyyətinin Putinin yolunu getdiyini, Rusiyada baş verənlərin daha kobud şəkildə Azərbaycanda tətbiq edildiyini tirajlayırlar.
Ekspertlər hesab edir ki, Azərbaycan hakimiyyətinin mövcud siyasəti davam etdirməsi, Rusiyaya göstərilən münasibətin ölkəmizə qarşı tətbiq olunmasını qaçılmaz edir.
Görək, Əliyev hakimiyyəti tarixin lövhəsinə hansı sözləri həkk edəcək.