Prezident İlham Əliyev 7 aprel 2022-ci il tarixində daşınmaz əmlak sahəsində qeydiyyat prosedurlarının asanlaşdırlması ilə bağlı iki fərman imzalayıb. Fərmana əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” 439 nömrəli Fərmanda bir sıra dəyişikliklər edilib. Sənəddə bu dəyişikliklərdən sonra vətəndaşların daha rahat formada mülkiyyətlərini sənədləşdirə biləcəkləri qeyd olunub.
Yeni Fərmanların mahiyyətini “Azpolitika.info”-ya şərh edən "Arbitium" vəkil bürosunun rəhbəri, hüquqşünas Polad Mehdiyev xatırladıb ki, Azərbaycanda mülkiyyət hüquqlarının qeydiyatına dair ilk qanun 29 iyun 2004-cü il tarixində qəbul edilib: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” bu qanun qəbul edildikdən sonra daşınmaz əmlakın qeydiyyatı qanunvericiliyə uyğun olaraq mərkəzləşdirilmiş formada aparılmağa başlandı. Bundan əvvəl insanlara fərqli formada sənədlər verilirdi. Hazırda sovet dövründən qalan, bu sahədə səlahiyyəti olmayan bəzi orqanların verdiyi sənədlərə rast gəlmək mümkündür. Bu cür sənədlər isə vətəndaşlar arasında çaşqınlığın yaranmasına səbəb olur. Hansı sənədin qanuni olması, hansı sənəd əsasında daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının qeydiyyata alınması məsələləri dövlət orqanlarına və eyni zamanda vətəndaşlara böyük çətinliklər yaradırdı”.
Hüquqşünas qeyd edir ki, 13 yanvar 2015-ci il tarixdə qəbul edilmiş 439 nömrəli Fərmanla, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı müəyyən edilib: “Bu Fərmanla daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının əhatə dairəsi genişləndirildi və keçmiş dövrlərdə mülkiyyət hüququ verməyən sənədlər belə bu siyahıya daxil edildi. 2015-ci ildən etibarən on minlərlə insan əmlaklarını sənədləşdirməyə nail oldular".
P.Mehdiyevin sözlərinə görə, daşınmaz əmlakın qeydiyyatının asanlaşıdırılmasıyla bağlı Prezident İlham Əliyevin 7 aprel 2022-ci il tarixində qəbul etdiyi fərman isə bir çox məsələlərin tənzimlənməsini nəzərdə tutur: "Bundan əvvəlki dəyişikliyə görə 1970-ci ildən əvvəl verilmiş bu cür sənədlər Fərmanın əhatə dairəsindən kənarda qalırdı. Yeni dəyişiklikdən sona rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas hesab olunur. Yəni bu fərmandan sonra on minlərlə vətəndaş öz əmlakını rahatlıqla sənədləşdirə biləcək".
Hüquqşünas vurğulayıb ki, Fərmanla digər dəyişiklik isə kolxozlarda qeydə alınmış kitabların artıq rəsmi mülkiyyət hüququnu təsdiq edən sənəd kimi qəbul olunmasıdır: "Məlum olduğu kimi sovet dövründə kolxoz kitabları var idi və kolxozların idarə heyəti tərəfindən sakinlərə həyətyanı evlər tikməyə icazə verildiyi zaman bu kitablarda onun uçotu aparılırdı. Qeyd edilən məsələ qanunvericiliklə tənzimlənmədiyi üçün o kitablarda adı keçən insanlar daşınmaz əmlaklarını sənədləşdirə bilmirdilər. Amma bundan sonra sənədləşdirə bilərlər. Əgər vətəndaşlar həmin sənədləri itiriblərsə, dövlət arxivindən arayış alaraq, onun əsasında müraciət edə bilərlər".
Polad Mehdiyev bildiri ki, Prezidentin digər fərman ölkə ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqındadır: "Qeyd edilən sənəd əsasən Kür ətrafındakı Salyan, Neftçala, Saatlı, Sabirabad, zəlzələdən ziyan çəkmiş Zaqatala, Şamaxı, İsmayıllı eləcə də Vətən müharibəsi zamanı və digər dövrlərdə erməni silahlı qüvvələri tərəfindən dağıntılara məruz qalmış Gəncə, Bərdə, Tərtər və digər ərazilərdə zərər görmüş və dövlət tərəfindən fərdi yaşayış evləri və mənzillərlə təmin edilmiş şəxləri əhatə edir. Vətəndaşların evlə təmin olunması məsələsi dövlət tərəfindən operativ təmin edilsə də, mənzillərin sənədləşməsi məsələsi öz həllini tapmadığında hüquqi mexanizmdə mövcud deyildi. Qeyd edilən Fərman minlərlə vətəndaşın evləri sənədləşdirmək problemini yoluna qoyur.
Hüquqşünasın sözlərinə görə, yerli icra hakimiyyəti orqanları mənzil verilmiş şəxslərin siyahısını, çoxmənzilli yaşayış binalarında isə həm də istismara icazə sənədinin surətini iki ay müddətində Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etməlidirlər."Yalnız bundan sonra həmin evlərin sənədləşməsi prosesi başlayacaq", - o qeyd edib.
P.Mehdiyev bildirir ki, bu Fərmanla tənzimlənən digər məsələ bələdiyyə torpaqlarına olan münasibətdir: "Belə ki, dövlət tərəfindən bu kateqoriyadan olan şəxslər üçün evlər bəzən dövlət fondu torpağında deyil, bələdiyyə torpaqlarında inşa edilib. Belə olan halda Fərmanın 2.2.1-ci bəndinə uyğun olaraq, həmin torpaq sahələrinin döngə nöqtələrinin koordinatları və ölçüsü barədə məlumatları aşkar edildiyi tarixdən bir ay müddətində qeydiyyat orqanı tərəfindən Nazirlər Kabinetinə təqdim edilməlidir. Nazirlər Kabineti isə öz növbəsində dövlət mülkiyyətindən torpaq sahələrinin ayrılmasını təmin etməlidir. Eyni zamanda həmin evlərin bəziləri yaşayış məntəqələrindən kənarda, ehtiyat fondu torpaqlarında və ya kənd təsərrüfatı təyinatlı torpaqlarında inşa edilib. Belə olan halda Nazirlər Kabineti tərəfindən həmin torpaq sahələrinin təyinatı dəyişdirilərək şəhərsalma qaydalarına uyğun olaraq yaşayış məntəqələri torpaqları kateqoriyasına daxil edilməsi nəzərdə tutulub”.
Elvin Bəyməmmədli“AzPolitika.info