“Daxili bazarda gözə çarpan qiymət artımı mövsümi xarakter daşıyır”.
Bu sözləri Axar.az-a iqtisadçı alim Vüqar Bayramov son vaxtlarda daxili bazarda müşahidə olunan qiymət artımlarını şərh edərkən dedi.
Onun sözlərinə görə, qiymət artımına təsir edən əsas amil Rusiya bazarına ixrac olunan məhsullardır:
“Azərbaycan bazarlarında kənd təsərrüfatı məhlullarında müşahidə olunan qiymət artımı Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsulları ilə bağlıdır. Burada psixoloji amildən başqa mövsümi amillər də əsas rol oynayır. Yəni daxili bazarda gözə çarpan qiymət artımı mövsümi xarakter daşıyır. Nəzərə alsaq ki, mövsümi qida vasitələrindən olan qarpızın və yemişin istehsalı azalıb və bunun da əksər hissəsi Rusiyaya daşınır, qiymətlərin artacağı gözlənilən idi”.
Ekspertin sözlərinə görə, bazarlarda həm kəmiyyət, həm də keyfiyyət baxımından məhsullarda geriləmə hiss olunur:
“Son vaxtlarda şimal bazarına axın təkcə qazanc mənbəyi yox, həm də keyfiyyətli məhsulların ora daşınması ilə xarakterizə olunur. Yəqin ki, bazarlarda hamı bunu hiss edib. Keyfiyyət baxımından məhsullarda geriləmə var. Bundan başqa, pomidorda ciddi qiymət artım müşahidə olunur. Çünki Rusiya bazarının açılması iş adamlarına və fermerlərə şərait yaradıb ki, öz məhsullarını daha bahalı bazara çıxarsınlar və öz məhsullarını daha bahalı qiymətə satsınlar. Nəzərə alaq ki, pomidor məhsulunun istehsalı ilə məşğul olan bölgələrdə sahibkarların Rusiya bazarına çıxışı onsuz da var idi. İndi isə onlar üçün daxili bazarda mal satmaq maraqlı deyil. Məsələn, Tovuz rayonunda istehsal olunan pomidor Rusiya bazarına daha tez çıxa bilir, nəinki daxili bazara. Çünki Rusiyada onların oturuşmuş şəbəkəsi var. Bu, əslində ixracın artması baxımından müsbət dəyərləndirilə bilər. Amma daxili alıcılar üçün də bunu mənfi təsiri odur ki, bazarda qiymət artımı baş verir”.
Sentyabrdan başlayaraq qiymətlərin stabilləşəcəyini deyən ekspert bəzi məhsullarda qiymət artımının proqnozlaşdırıldığını da bildirdi:
“Qiymət artımının psixoloji təsiri var idi. Hamı düşünürdü ki, fermerlərimiz öz mallarını Rusiya bazarına çıxaracaq. Amma indi bu proses normallaşıb. Bu aydan başlayaraq Rusiyaya ixrac olunan məhsulların stabil tempə düşəcəyi və bununla paralel olaraq da daxili bazarda qiymətlərin stabilləşəcəyini proqnozlaşdırırıq. Amma bəzi mövsümi məhsullar var ki, bunlar istisna olunur. Çünki həmin məhsulların istehsalında azalma müşahidə olunub. Artıq qiymətlərdə artıma psixoloji təsir edən Rusiyaya məhsul ixrac faktoru yavaş-yavaş aradan qalxır”.